“CASPİAN ÉTUDE” I Beynəlxalq Gənc Pianoçular Müsabiqəsi öz işinə başlayıb


Kriminal 03 İyn 2019 16:52:00 285 0

“CASPİAN ÉTUDE” I Beynəlxalq Gənc Pianoçular Müsabiqəsi öz işinə başlayıb

İyunun 1-də Beynəlxalq Muğam Mərkəzinin dəstəyi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə 1-5 iyun tarixlərində Bakıda keçiriləcək "CASPİAN ÉTUDE" I Beynəlxalq Gənc Pianoçular Müsabiqəsi öz işinə başlayıb.

Son.az xəbər verir ki, müsabiqənin açılış mərasimindən əvvəl təşkil edilən mətbuat konfransında münsiflər heyəti KİV-nin suallarını cavablandırıblar.

Təşkilat Komitəsinin sədri, Tofig Quliyev adına 12 nömrəli musiqi məktəbinin direktoru Gülnarə Səfərova müsabiqə haqqında geniş məlumatı diqqətə çatdırıb. Bildirib ki, 16 yaşına qədər iştirakçılar arasında, dörd yaş kateqoriyasında keçiriləcək müsabiqədə musiqi və incəsənət məktəblərinin, ixtisaslaşmış musiqi təhsili müəssisələrinin və musiqi kolleclərinin tələbələri iştirak edəcəklər.

"CASPİAN ÉTUDE" I Beynəlxalq Gənc Pianoçular Müsabiqəsində gənc istedadları Azərbaycanın Xalq artisti, beynəlxalqa mükafatlar laureatı Murad Hüseynovun sədrliyi ilə Joakin Rodriqo adına Valensiya Musiqi Konservatoriyasının professoru Marina Bleyns (İspaniya), Sveşnikov adına Dövlət Akademik Rus Xorunun konsertmeysteri Nikita Volov (Rusiya), tanınmış pianoçu Marko Freydən ibarət Beynəlxalq Münsiflər Heyəti qiymətləndirəcək. Müsabiqədə İsrail, Çin, Rusiya, Ukraynadan olmaqla ümumilikdə 90 iştirakçı yarışacaq. 

İyunun 3-də saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində Münsiflər Heyəti üzvlərinin konserti keçiriləcək. "CASPİAN ÉTUDE" I Beynəlxalq Gənc Pianoçular Müsabiqəsinin sonuncu günü, iyunun 4-də Beynəlxalq Muğam Mərkəzində müsabiqə iştirakçıları tanınmış pianoçularun ustad dərslərində iştirak edəcək, saat 14:00-da isə müsabiqənin rəsmi bağlanışı, qaliblərin mükafatlandırma mərasimi və laureatların qala konserti reallaşacaq. 

Münsiflər heyətinin sədri, Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov müsabiqədə iştirak edəcək yerli və xarici istedadlara qələbə sevinci və yeni-yeni uğurlar arzulayaraq diqqətə çatdırıb ki, müsabiqə Azərbaycan bəstəkarlarının yaradıcı irsini, Azərbaycan musiqisini tanıtmaq, gənc, istedadlı musiqiçiləri aşkar etmək və dəstəkləmək, aparıcı müəllimlərin yenilikçi ideyalarının və təcrübələrinin mübadiləsi, həmçinin iştirakçı-ölkələr arasında beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsi məqsədi daşıyır. Müsabiqədə iştirak gənc musiqiçilərin fərdi yaradıcılığının inkişafını, həmçinin onların ifaçılıq vərdişlərinin gələcəkdə təkmilləşdirilməsini, konsert və pedaqoji repertuarlarının dünyada məşhur olan ən yaxşı klassik musiqi nümunələri ilə zənginləşməsini təşviq edəcək.