Dostunun xalasına "əxlaqsız" deyəni çay kənarına aparıb bıçaqladı


Kriminal 30 May 2019 11:39:00 231 0

Dostunun xalasına "əxlaqsız" deyəni çay kənarına aparıb bıçaqladı

Qubada qəsdən adam öldürməyə cəhddə təqsirli bilinərək məhkum edilən Rəşad Hacıyev barəsindəki hökmdən Ali Məhkəməyə kassasiya şikayəti verilib.

Son.az ölkə.az-a istinadən bildirir ki, onun şikayətinə hakim Şahin Yusifovun sədrliyi ilə keçiriləcək məhkəmə prosesində baxılacaq.

Qeyd edək ki, hadisə ötən il Quba rayonunda baş verib.

Rəşad Hacıyev ötən il fevralın 18-də həmyerlisi Orxan Süleymanovu Qudyalçayın üzərindəki "Damba" adlanan Hidrotexniki su qovşağının yaxınlığında bıçaqlayaraq öldürmək istəyib.

Məlum olub ki, Rəşad Hacıyev Orxan Süleymanovu qısqanclıq zəminində öldürmək qərarına gəlib. Hadisədən əvvəl Orxan Rəşadın yanında sonuncunun dostu Elvin Əkbərovun xalasının əxlaqsız olduğunu deyib.

Buna görə onların arasında mübahisə yaranıb. Bir gün sonra Rəşad dostu Elvinlə birlikdə rayonun mərkəzindəki "Panorama" çay evinə gəliblər. Bu münasibətləri aydınlaşdırmaq üçün Orxanı çay kənarına aparıblar. Mübahisə zamanı Rəşad bıçaqla Orxana bir neçə zərbə endirib. Həmin vaxt Orxan ona qarşılıq verib və əl-qol atmaqla oradan kənarlaşıb.

Xəstəxanaya çatdırılan Orxana tibbi yardım göstərilib, onun həyatını xilas etmək mümkün olub. Hadisədən sonra Rəşad Hacıyev həbs edilib.