"Uğur lazımi anda özü gəlib məni tapır" FOTO


Kriminal 20 May 2019 02:30:00 222 0

"Uğur lazımi anda özü gəlib məni tapır"  FOTO

İlahə Həsənova: "Ondan 2 tamaşada öyrəndiklərimi sonralar 20 tamaşada istifadə etmişəm"

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

O, mərhum sənətkarımız Vaqif İbrahimoğlunun son 3 tələbəsindən biridir. Müsahibim İlahə Həsənova rejissorun son illər hazırladığı iki tamaşada rol almışdı. Sonra ana teatrımız olan Akademik Milli Dram Teatrının səhnəsində biri-birindən fərqli obrazları ilə özünə yeni bir səhifə açdı. Belə ki, bu teatrın səhnəsində "Psix"-də Dulsineya, "Teleskop"-da qadın, "Sərgüzəşti Vəziri Xani Lənkəran"-da Nisə, "Don Juan"-da Donna Anna, "Kuraj və onun uşaqları"-nda Katrin, "Topal Teymur"-da  Olqa, "Kölgə"-də Luiza, "Qanlı Nigar"-da Nedidə kimi obrazlara can verdi. Amma İlahə Həsənova mənim gözümdə Kamal Abdullanın qələmə aldığı, Əlif Cahangirin rejissorluq etdiyi "Bir, iki, bizimki" tamaşasındakı qadın obrazı ilə qalıb. Onun rol aldığı bu tamaşa haqqında çox danışılmışdı. Müəllimi Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunmuş "Boş məkanın dolğunluğu-2" Eskperimental Tamaşalar Festivalında həmin tamaşa "Ən yaxşı tamaşa" nominasiyası üzrə mükafata layiq görüldü. Müsahibim deyir ki, özünü həyatını axarına buraxıb, bütün uğurlar özü gəlib onu tapır. Uğur əldə etmək üçün nə bir formulu, nə də bir cəhdi olub.

Onu film aktrisası kimi sevənlər də var. Aktrisa İlqar Nəcəfin "Nar bağı" filmindəki Sara obrazına görə 15-ci Beynəlxalq Kazan Film Festivalının "Ən yaxşı qadın rolu" mükafatına layiq görülüb. Bu onun sözügedən filmlə qazandığı ilk "Ən yaxşı qadın aktrisası" mükafatı deyil, bundan əvvəl müsahibim Türkiyədə keçirilən Antakya Beynəlxalq Film Festivalının "Ən yaxşı qadın rolu"na görə baş mükafatını almışdı.   Redaksiyamızın qonağı olan İlahə Həsənova əvvəlcə "Nar bağı" filmindəki Sara obrazından və onun uğurlarından danışdı:   - Əlbəttə ki, "Ən yaxşı qadın rolu"na görə mükafata layiq görülmək bir aktrisa üçün sevindirici haldır. Vətəndən kənarda, dinindən, dilindən, milli-mənəvi dəyərlərindən ayrı olan bir məmləkətdə sənin hekayən dinlənilirsə və həmin insanlar səninlə bərabər o hissləri yaşayırsa, onun dəyəri mənim üçün daha yüksəkdir. Bu o deməkdir ki, artıq vətəndən kənarda da səni tanıyır, cizgilərinə bələd olur və işini qiymətləndirirlər. Belə olduqda insan işindən stimul alır. Hansısa bir  işə başlayanda ondan böyük gözləntilərim olmur. Əgər filmdə çəkilirəmsə, sonda mən də hər kəs kimi - tamaşaçı qismində oturub seyr edirəm. Hər şeyi zamanın axarına buraxıram.


Xəbərə aid fotolar