Filmin reklamı onun özü qədər önəmlidir


Kriminal 20 May 2019 00:45:00 212 0

Filmin reklamı onun özü qədər önəmlidir

PR-a böyük vəsait ayrılmalı olduğunu deyən ekspertlər "keyfiyyətli filmin baxıcısı onsuz da olur" ifadəsini nisyə söhbət sayırlar

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Günü-gündən rejissorların və filmlərimizin sayı artır. Keyfiyyətli, keyfiyyətsiz çəkilən filmlər istənilən halda bir başlanğıcdır. Pis odur ki, çəkilməsin. Ancaq bir fakt da var ki, hətta beynəlxalq arenaya ayaq açan yaxşı filmlərimiz az deyil. Təbii ki, bu məsələdə çəkilən filmlərin PR-nın, reklamın da böyük rolu var. Ekspertlər deyir ki, film çəkilərkən onun tanıdılması üçün PR-ı nəzərdə tutulmursa və bunun üçün büdcədən pul ayrılmırsa, film həyata məğlub doğulmuş kimi olur. Bu mövzu ilə bağlı ekspertlərlə söhbət etdik, onlarla film çəkərkən reklama nə qədər vəsait ayrılmasından və PR-ın filmin beynəlxalq arenada tanınmasındakı rolundan danışdıq.    "Sanballı kinoprodüserlərimiz, dünyaca məşhur kino ekspertlərimiz yoxdur"   Çəkdiyi "Çölçü" filmi beş qitədə, 45 festivalda iştirak edən tanınmış kinorejissor və ssenarist Şamil Əliyev bizimlə söhbətində dünyaya səs salan filminin necə uğur qazanmasından və uğura gedən yolda PR-ın rolundan danışdı: "5 qitədə nümayiş olunan "Çölçü" qədər heç bir Azərbaycan filmi festivalda olmayıb. "Çölçü" bu vaxta qədər 2 "A" kateqoriyalı festivalda iştirak edib. Bilirsiniz ki, bu kateqoriya Beynəlxalq Prodüserlər Assosiasiyası tərəfindən müəyyənləşdirilir. Dünyada 12-yə qədər "A" kateqoriyalı festival var və "Çölçü" bunların ikisində iştirak edib. 14 beynəlxalq festivalda baş mükafata layiq görülüb. Bir neçə dəfə ən yaxşı rejissor,  aktrisa, aktyor və digər nominasiyalar üzrə mükafatlara layiq görülüb. Filmimiz nəinki festivallarda iştirak edib, qalibiyyət qazanıb, Amerika, Avropa, Asiyanın kino məktəblərində dərsliyə salınıb. Onların kino mütəxəssisləri tərəfindən ümumbəşəri sərvət elan olunub. 100 GB formatında, müəyyən serverlərdə qorunub saxlanılır. Film təzə çəkiləndə, onu 5-6 festivala göndərdim. Ondan sonra isə daha böyük masştablı festivallar məndən bu filmi istədilər. "Çölçü" filmi 7 il bundan qabaq çəkilib. Dünya festivallarının heç birində 7 il bundan əvvəl çəkilən filmlər iştirak etmir. Amma "Çölçü" dünya filmləri içərisində bir istisnadır. Bizi dəvət edən festival təşkilatçılarına məktub yazıb, bu filmin 7 il bundan qabaq çəkildiyini bildirirəm. Onlar isə israrla filmi festivallarında görmək istədiklərini qeyd edirlər".   Müsahibimiz deyir ki, müasir Azərbaycan kino sənayesi quruculuq mərhələsindədir, ilk addımlarını atmağa çalışır və bu sahədə təbliğatın, reklamın rolu böyükdür: "Tək filmi çəkməklə iş bitmir. Onun beynəlxalq arenaya çıxarılmasının özü də bir işdir. Mən bunun üçün beynəlxalq sferada təşkil olunan kurslarda iştirak etmişəm. Orada həm rejissor-prodüser, həm də müəllif kim sertifikatlar almışam. İstehsal olunan filmlərin PR məsələlərini isə Holluvudun mütəxəssislərindən öyrənmişəm. Yəni ki, mən bu sahədə olan yüksək standartlara bələdəm. "Çölçü" filminin beynəlxalq arenaya çıxmağında təbii ki, mənim müstəsna xidmətlərim olub. Bu işi filmin prodüseri Müşfiq Hətəmov görməyib, çünki bunun üçün büdcədən pul ayrılmamışdı. PR filmin xarici bazarlara çıxması üçün vacib şərtlərdəndir. Biz "Çölçü"nü dünyada məşhur olan "Oskar"-ın "uzun siyahı"sına sala bilmişdik. Bu çox çətin bir proses idi. Bu siyahıya düşəndən sonra mənim elektron ünvanıma 100-dən çox məktub gəldi. Məktubların içərisində dünyanın tanınmış distribüterlərinin də adları var idi. Onlar bildirirdilər ki, siz bu filmin distribusiyasını bizə verin, onun Amerikada təbliğatını edək. Sözsüz ki, biz filmi onlara həvalə etsək, müqavilə bağlamalı idik. Əgər həmin təşkilatla müqavilə bağlayırsansa, onlara müəyyən pul keçirməlisən. Çünki o təşkilatlara dünyanın hər yerində inanırlar. Əgər onlar bizim filmi təbliğ etsəydilər, bizim "Çölçü" Amerikada, Avropada tanınmış film olacaqdı. Bizim kino sistemimizdə distribüter institutu hələ ki formalaşmayıb. Çox təəssüf ki, bizdə distribusiya sıfır səviyyəsindədir. Onun da bir sıra səbəbləri var. Misal üçün, beynəlxalq arenada kino siyasəti aparan, sözünü deyən sanballı prodüserlərimiz, dünyaca məşhur, tanınan kino ekspertlərimiz yoxdur. Bu vaxta qədər onları yetişdirmək lazım idi. Bu şərtlər olmadan dünyada tanınmaq mümkün deyil. Bir fakt da var ki, biz indiyə qədər "Euroimage"in üzvü olmamışıq. Bizim qonşu dövlətlər belə bu qurumun üzvüdür. "Euroimage"in üzvü olandan sonra Azərbaycan filmlərinin Avropada yayımı, satışı, festivallarda iştirakı çox asanlaşar, bizə dünya kino industriyasının qapıları taybatay açılar. Təəssüf ki, biz bu quruma üzv olmamışıq. "Çölçü" istisna olaraq Avropa festivallarına düşə bildi. Dünyaya çıxmaq istəyiriksə, "Euroimage" və digər kino qurumlarına üzv olmalıyıq, əks təqdirdə, filmlərimizin dünyaya açılması mümkün deyil".    "Hər bir məhsulun satışı üçün PR önəmlidir"   Prodüser, rejissor Fehruz Şamıyev bizimlə söhbətində filmlərimizin PR işi ilə reklam şirkətlərinin deyil, birbaşa olaraq istehsalçıların özlərinin məşğul olduqlarını dedi: "Filmlərin reklam işi Avropa və keçmiş sovetlər birliyində olan ölkələrin kino sənayesində önəmli yer tutmurdu. Çünki bu, estetik fikirdən, əhalinin özünün maraq dairəsindən irəli gəlirdi. Məlumdur ki, sovet ittifaqı dövründə filmlərin istehsalçısı məhz dövlətin özü idi. Bu baxımdan onun reklam kampaniyası da dövlət tərəfindən aparılırdı. Buna görə PR-a vəsait ayrılmırdı. Amma okeanın o tayına - Amerikaya, xüsusən də Hollivudun film istehsalına baxsaq, onlar üçün filmin PR-ı çox böyük önəm daşıyırdı. Düşünürdülər ki, reklamsız filmi tamaşaçıya çatdırmaq çox çətin məsələdir. Hansısa bir məhsulu satmaq və ya ictimaiyyətə çıxarmaq bir növ kapitalizmin qanunudur. 80-ci illərdən sonra dünya kino bazarında reklama daha geniş yer verilməyə başladı. Bu da tamaşaçıların çoxalması üçün şirkətlərarası rəqabətin daha da artmasından irəli gəlirdi. Həmin illərdə büdcənin 30 faizi reklam kampaniyasına ayrılırdı. 2000-ci illərdə isə rəqabət daha da artdı. Bu rəqabətin nəticəsi olaraq dünya kino bazarlarında elə filmlər var ki, 160 milyonluq büdcənin 100 milyonu məhz onun reklamı üçün nəzərdə tutulub. Çünki rəqabət bu sahədə həddindən artıq böyüyüb.

Əgər filmi daha çox auditoriyaya tanıtmaq istəyirsənsə, birinci növbədə onun reklamını düzgün qurmalısan. Bu baxımdan PR önəmli məsələdir. Reklam kampaniyasında digər önəmli məsələ filmin hansı ölkədə nümayiş olunmasıdır. Məsələn, Hollivudda istehsal olunan filmlərin bir neçə treylerləri Rusiya, Amerika, İngiltərə bazarları üçün hazırlanır. Onlar bilir ki, hansı ölkədə tamaşaçının psixologiyası, düşüncəsi nədir, o düşüncəyə uyğun filmlərin treylerlərində müəyyən dəyişikliklər olunur. Bir filmin treyleri müxtəlif variantlarda hazırlanır. Bu, Hollivud təcrübəsində geniş yayılmış bir variantdır. Hər bir məhsulun satışı üçün müasir dövrdə PR önəmlidir".