2019cu ilin ilk rübü: yeni inkişaf modelinin uğurları


Siyasət 06 May 2019 14:40:00 283 0

2019cu ilin ilk rübü: yeni inkişaf modelinin uğurları

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Son.az newtimes.az-a istinadən xəbər verir ki, tədbirdə geniş nitq söyləyən dövlət başçısı cari ilin birinci rübündə əldə edilən nailiyyətlər üzərində konkret faktlar əsasında dayanıb. Sosial-iqtisadi islahatların aparılması nəticəsində vətəndaşın rifah halının yaxşılaşması dinamikası rəqəmlərdə öz ifadəsini tapıb. Bunun fonunda Azərbaycanda həyata keçirilən islahatlar prosesinin başlıca məqamları vurğulanıb. Azərbaycanın beynəlxalq əlaqələri və xarici siyasətin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hissəsi üzərində də ölkə rəhbəri ayrıca dayanıb. Bütün bunların geosiyasi analizinə ciddi ehtiyac görürük.

İnsan kapitalının inkişafı naminə: sosial-iqtisadi islahatların başlıca hədəfi

Azərbaycan Cənubi Qafqazın şəksiz lideri kimi inkişaf templərini azaltmır. Qlobal iqtisadi və geosiyasi böhranın mövcud olduğu hazırkı şəraitdə ölkə dinamik və sabit inkişafdadır. Bunu Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ifadə edilən fikirlər bir daha təsdiq etdi. Dövlət başçısı söylədiyi nitqində keçən müddət ərzində görülən işlər haqqında konkret faktlar əsasında fikirlərini ifadə etdi.

Ekspertlər Prezidentin çox mühüm bir tezisinə böyük maraq göstərirlər. Ölkə rəhbəri nitqində ifadə edib: "Bu ilin birinci rübündə əldə edilmiş sosial və iqtisadi nəticələr göstərir ki, biz düzgün yoldayıq, islahatlara alternativ yoxdur. Son illər ərzində müxtəlif mərhələlərdə islahatlar aparılıb və bu islahatlar nəticəsində ölkəmiz inkişaf edib. Son 15 il ərzində iqtisadi baxımdan dünyada Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır. Ölkəmizdə çox böyük infrastruktur layihələri icra edildi, insanların rifah halı yaxşılaşdı və respublikamızın gələcək inkişafı üçün möhkəm zəmin yaradılmışdır".

Prezident seçkisindən sonra İlham Əliyev ölkədə genişmiqyaslı islahatların aparılacağı ilə bağlı fikir bildirmişdi. Bu prosesin davamlı, əhatəli, düşünülmüş və ardıcıl həyata keçiriləcəyi haqqında da mövqe bildirilmişdi. Təcrübə göstərdi ki, Azərbaycan rəhbəri dəqiq işlənib hazırlanmış strategiya üzrə milli dövlətçilik quruculuğunun və şəffaf idarəetmənin yeni mərhələsinə start verib. Çünki hazırda demək olar ki, bütün istiqamətlər üzrə çox faydalı islahatlar prosesi gedir.

Onu da nəzərə almaq lazımdır ki, bu prosesin tam əsası vardır. Azərbaycan ötən 15 ildə iqtisadi baxımdan dünyada ən çox inkişaf edən ölkə olub. Beynəlxalq təşkilatların müxtəlif reytinqlərində ölkənin göstəricilərini davamlı olaraq yaxşılaşdırdığı rəqəmlərdən aydın olur. Deməli, Azərbaycan bütövlükdə əsaslı inkişaf kursunu həyata keçirir və bu prosesin mərkəzində insan amili dayanır. Hər şey insanın rifahı naminə reallaşdırılır.

Bunu konkret rəqəmlərdə əyani görə bilərik. Belə ki, Prezidentin seçkilərdən sonra imzaladığı ilk fərman şəhid ailələrinin sosial müdafiəsi ilə bağlı olub. Onun icra edilməsi nəticəsində 12 mindən çox şəhid ailəsinə dövlət tərəfindən 11 min manat məbləğində vəsait ayrılıb.

Azərbaycanda minimum əməkhaqqı və minimum pensiyalar təxminən 40 faiz artıb. Sosial müavinətlər orta hesabla 2 dəfə artıb. Məcburi köçkünlərə verilən müavinətin artımı 50 faizi təşkil edir. Dövlət başçısı tələbələrin təqaüdünü, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə verilən müavinətləri artırıb. 2019-cu ilin ilk rübündə böyük əhəmiyyəti olan bir proqramı da Prezident reallaşdırır. Biz, problemli kreditlərlə bağlı ölkə başçısının imzaladığı fərmanı nəzərdə tuturuq.

İlham Əliyev Nazirlər Kabinetinin hesabat tədbirindəki nitqində həmin məsələnin üzərində tam haqlı olaraq bir qədər geniş dayanıb. Çünki analoji problemlə bir çox ölkələr qarşılaşıb. Lakin Azərbaycan onların hamısından səmərəli və konkret davranıb. Məsələ ondan ibarətdir ki, bir neçə il əvvəl neftin qiymətinin kəskin dəyişməsi ilə neft ixrac edən ölkələrin valyutaları qiymətdən düşdü. Lakin Azərbaycan inflyasiyanın yüksək olmasına baxmayaraq, qısa müddətdə vəziyyəti sabitləşdirə bildi. Dövlət başçısı həmin kontekstdə nitqində vurğulayıb: "Təbii ki, bizim iqtisadi və maliyyə imkanlarımız artdıqca, ilk növbədə, vətəndaşları narahat edən bu məsələni həll etdik, özü də ən yüksək səviyyədə. Bir neçə ölkədə bu məsələ ilə bağlı müəyyən addımlar atılmışdır, müqayisə aparmaq istəmirəm. Ancaq deyə bilərəm ki, bu məsələ ən genişmiqyaslı və vətəndaşları təmin edəcək şəkildə, ədalətli şəkildə Azərbaycanda həll olunub".

İslahatların davamı: sistemli və ardıcıl olaraq aparılacaq!

Bu uğurun səbəbini ölkə rəhbəri sonrakı fikrində açıq izah edir - "bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Biz Azərbaycan vətəndaşının rifahı üçün əlimizdən gələni edirik". Bəli, Azərbaycanda aparılan siyasətin mərkəzində vətəndaşın rifahı dayanır!

Ölkə başçısı vaxtilə tikilmiş, ancaq istismara qəbul edilməmiş evlərlə bağlı imzaladığı fərmanda da həmin prinsipi önə çəkib. Çoxmənzilli binalarda yaşayan vətəndaşlar sənədləşmə işləri apara bilmirdilər. İndi bu məsələ üzərində komissiya işləyir və evlərin, mənzillərin sənədləşməsi prosesi başlayıb. Bununla ümumilikdə "üç milyon insan imzalanmış fərmanlardan bu və ya digər formada faydalanıb, vətəndaşların maddi vəziyyəti yaxşılaşıb, onları narahat edən problemlər öz həllini tapıb".

Bütün bunlardan 2019-cu ili birinci rübündə sosial və iqtisadi sferalarda aparılan islahatların bir-birini tamamladığı nəticəsini ala bilərik. Bu, Azərbaycanın yeni iqtisadi inkişaf modelinin mühüm cəhətlərindən biri hesab oluna bilər. Rəqəmlərə nəzər saldıqda bu tezisin əhəmiyyətini daha aydın dərk etmək mümkün olur. Birinci rübdə büdcə daxilolmaları 200 milyon manatdan çox artıb. Bunun 150 milyon manatdan çox hissəsi vergi sahəsində toplanıb. 50 milyon manatdan çox hissəsi isə gömrük sahəsində əldə edilib.

Maraqlıdır ki, toplanan vergilərdə qeyri-neft sektorunun payı daha çoxdur - 136 milyon manat məhz bu sferada toplanıb. Bu, onu göstərir ki, Azərbaycanda qeyri-neft sektoru dinamik inkişaf edir. Onu yeni iqtisadi modelin vacib məqamlarından biri hesab edə bilərik. Bu prosesin davamlı olacağının müjdəsini də Prezident verib. İlham Əliyev nitqində ayrıca vurğulayıb: "Büdcə daxilolmalarının artımı əminəm ki, ilboyu müşahidə olunacaq. Çünki aparılan islahatlar və yeni yanaşma prinsipləri bunu deməyə əsas verir. Beləliklə, bizdə əlavə maliyyə resursu formalaşacaqdır".

Bütün bunlarla yanaşı, ilin birinci rübündə ümumi daxili məhsulun faiz artımını ayrıca vurğulamaq gərəkdir. Çünki bu, son bir neçə il ərzində ən yüksək göstəricidir və ilin sonuna qədər bu rəqəmin daha da artacağına yüksək inam vardır. İlk üç ayda sənaye istehsalı 4,4 faiz, qeyri-neft sektorunda sənaye istehsalı 15,6 faiz, kənd təsərrüfatı 3,6 faiz, əhalinin gəlirləri 5,5 faiz artıb. Ölkə iqtisadiyyatına qoyulan sərmayə 2,8 milyard dollar həcmindədir. Müqayisə üçün deyək ki, bu rəqəm Ermənistan və Gürcüstana bir ildə qoyulan sərmayədən 2 dəfə çoxdur.

Əlbəttə, yuxarıda vurğulanan sosial-iqtisadi uğurlarla yanaşı, xarici siyasətdə də nailiyyətlər əldə edilib. Azərbaycan bir neçə beynəlxalq tədbirə evsahibliyi edib. VII Bakı Qlobal Forumu, Cənub Qaz Dəhlizinin Məşvərət Şurası və OPEC+ ölkələrinin görüşü kimi tədbirlər baş tutub. Bunlarla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi xarici siyasətin prioritet istiqaməti olaraq 2019-cu ilin ilk üç ayında da ölkə rəhbərliyinin diqqət mərkəzində olub. Prezidentin keçirdiyi görüşlər, apardığı müzakirələr göstərir ki, Azərbaycanın "prinsipial mövqeyi ondan ibarətdir ki, bu məsələ ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələr əsasında, Helsinki Yekun Aktına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun həll olunmalıdır. Başqa yanaşma yoxdur. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq". Bu bağlılıqda danışıqlar formatının məhz Azərbaycanın qətiyyətli mövqe ortaya qoyması sayəsində dəyişməz qaldığını da vurğulamaq lazımdır.

Beləliklə, 2019-cu ilin ilk üç ayının müxtəlif sferalara aid olan göstəriciləri göstərir ki, Azərbaycan inamla, qətiyyətlə və davamlı olaraq inkişaf edir. Dövlət başçısının da ifadə etdiyi kimi, bu proses bundan sonra da davam edəcək.