San Dieqoda 28 may “Azərbaycan Milli Günü” elan edilib


Siyasət 06 May 2019 12:33:00 205 0

San Dieqoda 28 may “Azərbaycan Milli Günü” elan edilib

ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhəri 28 may 2019-cu il tarixini “Azərbaycan Milli Günü” elan edib

ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhəri 28 may 2019-cu il tarixini "Azərbaycan Milli Günü" elan edib. Bununla bağlı şəhər meri Kevin Folkoner tərəfindən müvafiq bəyannamə imzalanıb.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Son.az-a verilən məlumata görə, bəyannamədə Azərbaycan xalqının 28 may 1918-ci il tarixində müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atdığı, nəinki müsəlman dünyasında ilk dəfə, eləcə də dövrün bir sıra qabaqcıl dövlətlərindən də öncə qadınlara səsvermə hüququ verdiyi vurğulanır. Həmçinin bu respublikanın ABŞ və digər demokratik dövlətlər tərəfindən tanındığı qeyd olunur.

Bəyannamədə Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın ölkəmizi tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olduğu bildirilir. Ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra öz suverenliyini və müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu gün regionun ən böyük iqtisadiyyata malik ölkəsi və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu vurğulanır.

Sənəddə qeyd olunur ki, Los Ancelesdəki Baş Konsulluğu vasitəsilə Azərbaycan ABŞ-ın Qərb ştatları ilə iqtisadi, mədəni və digər sahələrdə güclü əlaqələr qurub.

Bəyannamədə, həmçinin ABŞ və San Dieqo şəhəri də daxil olmaqla, bütün dünyada yaşayan azərbaycanlıların 28 may tarixini Azərbaycanın Milli Günü kimi bayram edərək, öz ata-babalarının Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq regionlarında demokratiyanın yayılmasına verdiyi töhfələri xatırladığı və Azərbaycan Respublikasının azad və müstəqil dövlət kimi önəmli uğurlarını qeyd etdiyi bildirilir.

Bəyannamənin sonunda mer K.Folkoner tərəfindən şəhər sakinləri adından 28 may tarixi San Dieqoda "Azərbaycan Milli Günü" elan edilir.

Qeyd edək ki, Kaliforniyanın ikinci və ABŞ-ın 8-ci ən böyük şəhəri olan San Dieqo ilə Bakı arasında 2011-ci ildən tərəfdaşlıq münasibətləri qurulub və bu münasibətlər son 8 ildə sürətlə inkişaf edib.