60 ildən çox səhnədə FOTO


Kriminal 01 May 2019 08:40:00 207 0

60 ildən çox səhnədə  FOTO

Ağahüseyn Cavadovun epizodik rolları da yaddaqalan olub, hətta bəzən baş rolları kölgədə qoyub 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Onu mahir komediya ustası, xarakter maskalarından məharətlə istifadə edən, tipaj yaratmaqda səriştəsi olan, satirik obrazların ifasında qroteskdən həssaslıqla bəhrələnən aktyor adlandırırlar. Kino həvəskarlarına "Bəxtiyar", "Qızmar günəş altında", "Əhməd haradadır?", "O olmasın, bu olsun", "Bir qalanın sirri", "Sehrli xalat", "Görüş", "Şərikli çörək" və s. filmlərdən yaxşı tanış olan Xalq artisti Ağahüseyn Cavadov teatr və kino sənətində tamaşaçıların yaddaşında yaşayan obrazlar yaratmağa nail olub.

Azərbaycan klassik aktyor məktəbinin məşhur davamçılarından olan aktyorun teatrda, kinoda yaratdığı rollar insanlara həmişə sevinc bəxş edib ki, bu gün də xatırladıqca üzlərdə təbəssüm yaranır. Elə təkcə "Görüş" kinokomediyasındakı tənbəl kolxozçu Əbülfəzi xatırlamaq kifayətdir. Özbəkistan pambıqçılarının nümayəndə heyətinin tərkibində azərbaycanlı həmkarlarının görüşünə gələn gənc qız Lalaya vurulanda hərəkətlərini ölçüb-biçməyi bacarmayan qocanın bütün əməlləri gülüş doğurur. Rejissor Lətif Səfərovun "Bəxtiyar" musiqili kinokomediyasında klub müdiri Ağabalanın qohumu, huşsuz Rza da tamaşaçılara bolluca gülüş bəxş edir. Bu, "insanlara sevinc bəxş etməkdən gözəl nə ola bilər?" - deyən aktyorun təkcə sənətinə böyük sevgisi deyildi, həm də istedadının qüdrəti idi.

A.Cavadov ömrünün 60 ildən çoxunu səhnəyə həsr edib, 200-dən artıq obraz yaradıb. Milli kinomuzun fondunda onun təkrarsız obrazlarının yer aldığı ekran əsərləri qorunur. İstər klassik dramaturgiya nümunələrində, istərsə də müasir əsərlərdə aktyor eyni hərarət və istedadla çıxış edib.

Addımlama xəstəliyi

Ağahüseyn Cavadov Bakının yaxınlığındakı Xırdalan qəsəbəsində doğulub. Əvvəl mollaxanada təhsil alıb. Ancaq anası Hürmət xanım övladının mollaxanada oxumasını istəmirdi. O, tezliklə oğlunu kənddəki mollaxanadan çıxarıb, Bakıdakı məşhur "Səadət" məktəbinə gətirir. Lakin maddi çətinliklər həmin məktəbi müvəffəqiyyətlə bitirən Ağahüseynə təhsilini davam etdirmək imkanı vermir. O, simsar bir tacir yanında işləməklə, ailəsini dolandırmağa başlayır. Ancaq işinin çoxluğuna baxmayaraq, hərdən paytaxt teatrlarına baş çəkməyə vaxt da tapır. Səhnəsində Sidqi Ruhulla, Mirzəağa Əliyev, Cahangir Zeynalov, Ələsgər Ələkbərov kimi görkəmli sənətkarların oynadığı teatr onu cəlb edir. Onlarla birgə səhnəyə çıxmaq kimi xəyallar da qurur. Bəxti onda gətirir ki, xəyallarının gerçəkləşməsi üçün cəhdləri nəticə verir. Hərbi Komissarlığın Siyasi İdarəsinin yaratdığı teatrın tamaşaları ölkədə sovetləşmənin ilk illərinə təsadüf edir. Ağahüseyn Cavadovun "Bəxtsiz cavan", "Ac həriflər", "Xor-xor", "Dursunəli və Ballıbadı", "Molla Cəbi" və s. tamaşalarda oynadığı rollar truppa rəhbəri Sidqi Ruhullanın diqqətindən yayınmır. Bir il keçməmiş, o, Bakı Türk Azad Tənqid-Təbliğ Teatrına dəvət alır və bu teatrın səhnəsində maraqlı yaradıcılıq dövrünə qədəm qoyur. Aktyor bu teatrın səhnəsində bir sıra pyeslərdə və vodevillərdə komik rollarda oynayır. Elə ilk çıxışlarından məhz komediya aktyoru kimi təsdiqlənir.

Sonralar aktyor sənətə üz tutduğu ilk günləri xatırlayıb deyirdi: "İstedad anadangəlmə olur. Elə ilk dəfə səhnəyə çıxanda başa düşdüm ki, teatra həvəs göstərmək, istedad azdır. Sənətdə qalmaq üçün özünə qarşı yüksək tələbkarlıq və işdə inad göstərmək də vacibdir. Səhnədə mənim müəllimlərim Sidqi Ruhulla, Mirzağa Əliyev və Hacıağa Abbasov olmuşlar. Onlar mənə rol üzərində işləməyi, bu sənətin ifadə vasitələrindən peşəkarcasına istifadə etməyi öyrətmişlər".

1932-ci ilin sonunda Gəncəyə köçürülərək "Dövlət İşçi Dram Teatrı" adı ilə fəaliyyətə başlayan Bakı Türk Azad Tənqid-Təbliğ Teatrının səhnəsində aktyor Hacı Səməd ağa ("Bəxtsiz cavan"), Giko ("Pepo"), Barxudar ("Namus"), Mintoyev ("Morqanın qohumu") kimi rolları ilə tamaşaçıların sevimlisinə çevrilir. Teatr sənətinə sonsuz sevgisi və həvəsi onu hərtərəfli yaradıcılıq imkanlarını mənimsəməklə bərabər, xarakterik və dramatik rolların da ustad ifaçılarından biri kimi sevdirir.


Xəbərə aid fotolar