Kinomuzun qaynanası... FOTO


Kriminal 21 Apr 2019 02:30:00 269 0

Kinomuzun qaynanası...  FOTO

Teatr sənəti insanlarda müxtəlif hisslər doğurur. Bu hisslər tamaşaçıları sevindirmək, düşündürmək, ürəkdən güldürmək, onlarda xeyirxahlığa və gözəlliyə məhəbbət oyatmaqdan ibarətdir. Aktyor tamaşaçı məhəbbəti qazanmağı, özünü unudub yalnız sənət üçün yaşamağı bacarmalıdır.

Qüdrətli gülüş ustası, Azərbaycan səhnəsinin parlaq ulduzu, xalqımızın sevimli sənətkarı Nəsibə Zeynalovanın həyat və yaradıcılığı bu cəhətdən çox qiymətli və təqdirəlayiqdir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, dünən Xalq artisti, Dövlət mükafatı laureatı Nəsibə Zeynalovanın anadan olmasının 103-cü ildönümü tamam oldu.

Geniş diapazona, əlvan xarakter xüsusiyyətlərinə, təbii yumor gücünə malik Nəsibə Zeynalovaya tale əsl səhnə ustası üçün lazım olan bütün keyfiyyətləri bəxş etmişdi. Demək olar ki, Nəsibə Zeynalova, anadan artist doğulmuşdu. Onun barəsində danışmaq, musiqili teatrımızdan söhbət açmaq deməkdir.

Ömrünü Musiqili Komediya Teatrı ilə bağlayan aktrisa sənət ocağının müəyyən fasilələrlə truppa, Filarmoniyanın nəzdində dəstə-ansambl şəklində fəaliyyət göstərdiyi illərdə də kollektivdən ayrılmayıb. Aktrisa Azərbaycan klassik operettalarının tamaşalarında Gülpəri, Cahan xala, Sənəm ("Ər və arvad", "Arşın mal alan" və "Məşədi İbad", Üzeyir bəy Hacıbəyli), Mələk xanım və Kələk xanım ("Əlli yaşında cavan", Zülfüqar bəy Hacıbəyov) kimi xarakterik səhnə obrazlarında çıxış edib.

Aktrisanın zəngin rollar qalereyasında tərcümə əsərlərində ifa etdiyi Kabato və Barbale ("Keto və Kote"), Ziraldina ("İki ağanın bir nökəri"), Zivər xanım ("Məhəbbət gülü"), Qesiya ("Tiflis nəğməsi"), Gülbadam ("Qız anası") rollarının xüsusi yeri var.

Nəsibə Zeynalovanın yaradıcılığının ən parlaq dövrü isə çağdaş bəstəkarların müasir mövzusu musiqili komediya əsərlərinin tamaşalarındakı bir-birindən fərqlənən komik personajların ifası ilə bağlıdır.


Xəbərə aid fotolar