Azərbaycanlı ekspertdən Ukraynada kimin prezident olacağı ilə bağlı maraqlı proqnoz


Siyasət 10 Apr 2019 07:21:00 209 0

Azərbaycanlı ekspertdən Ukraynada kimin prezident olacağı ilə bağlı maraqlı proqnoz

"Ukraynada prezident seçkilərinin aprelin 21-də keçiriləcək II turunda namizədlərdən hazırki dövlət başçısı Pyotr Poroşenkonun yenidən prezident seçilmək şansı daha çoxdur".

Bu fikirləri Son.az-a "Baku International Policy and Security Network" Ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, professor Elxan Ələsgərov deyib.

Ekspertin fikrincə, Ukraynada prezident seçkilərində yumorist, şoumen Vladimir Zelenskinin ilk turda hazırkı dövlət başçısı Pyotr Poroşenkodan daha çox səs toplaması onun 2-ci turda da qalib gələcəyini deməyə əsas vermir:  

"Rusiya ümid edirdi ki, Poroşenko seçkilərin 2-ci turuna keçməyəcək. Çünki bu şəxs tam Rusiyaya qarşı siyasət yürüdür. Lakin Poroşenko əlində olan dövlət resurslarından, mətbuatın imkanlarından istifadə edərək Yuliya Timoşenkonu qabaqlayaraq ikinci tura keçə bildi. Ehtimal var ki, o, yenidən prezident seçilsin. Çünki Zelenskinin yumorlu siyasəti Ukraynada bəzi dairələrdə normal qəbul edilmir. Bundan əlavə, orada milli məsələlər də var. Belə ki, milliyyətcə ukraynalı olmayanın Ukrayna prezidenti seçilməsi çətin məsələdir. Ona görə də hesab edirəm ki, Pyotr Poroşenkonun yenidən prezident seçilmək şansı daha çoxdur. Onun ikinci tura keçə bilməmiş digər namizədlərlə, xüsusən Yuliya Timoşenko ilə koalisiyaya gedəcəyi də istisna deyil. Lakin orda əsas və həlledici rol oynaya bilən məsələ onun əlindəki dövlət resurslarıdır. Bundan başqa, Rusiyaya qarşı olduğu üçün o, Qərb tərəfdən də ciddi şəkildə dəstək alır".

Qeyd edək ki, Ukraynada prezident seçkilərinin ilk turunda hamıdan çox səs totplamış Vladimir Zelenski Krivoy Roq şəhərində doğulub və yəhudi əsillidir.

Bakıdan Paşinyana sərt mesaj - Əks təqdirdə anlaşmağa çalışan soyadlar dəyişə bilər Xatırladaq ki, martın 31-də Ukraynada prezident seçkiləri keçirilib. Ukrayna Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, namizədlərdən heç biri ilk turda qalib gəlmək üçün lazım olan səsi toplamayıb.

Ukraynada keçirilən prezident seçkilərinin birinci turunun nəticələrinə görə, ukraynalı  şoumen, yumorist Vladimir Zelenski hazırkı dövlət başçısı Pyotr Poroşenkonu əhəmiyyətli dərəcədə geridə qoyaraq səslərin 30,6 faizini toplayıb. İndiki prezident Pyotr Poroşenko seçicilərin cəmi 17,8 faizinin etimadını qazana bilib. Sabiq baş nazir, "Batkivşina" Ümumukrayna Birliyinin lideri Yuliya Timoşenko isə 14,2 faiz səslə mübarizədən kənarda qalıb.

Prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək.

Qeyd: Analoji mövzularla bağlı geniş məlumatları http://bakunetwork.com, Facebook, Twitter və Youtube resurslarından da əldə etmək mümkündür.

İlkin İzzət Son.az