Belarusda Azərbaycan Milli Qəhrəmanın xatirəsi yad edilib FOTO


Siyasət 02 Apr 2019 11:03:00 367 0

Belarusda Azərbaycan Milli Qəhrəmanın xatirəsi yad edilib  FOTO

Azərbaycanın Belarusdakı səfirliyinin əməkdaşları və onların ailə üzvləri Azərbaycanın Milli Qəhrəmanı Anatoli Nikolayeviç Davidoviçin doğum günündə onun Slutsk şəhərində yaşayan anası ilə görüşüblər.

Son.az Trend-ə istinadən xəbər verir ki, qəhrəmanın anasını hərbi attaşe, polkovnik Elşən Rəhimov, hərbi attaşenin baş köməkçisi, polkovnik-leytenant Aydın Rəhimov, həmçinin konsulluq məsələləri üzrə birinci katib Nigar Çandirli və birinci katib Cavid İbayev ziyarət ediblər.

Görüş zamanı səfirliyin əməkdaşları, habelə onların ailə üzvləri qəhrəmanın anası ilə birgə Azərbaycanın Milli Qəhrəmanının məzarı üzərinə gül dəstələri düzüblər.

Sonra ailə süfrəsi arxasında Kima Andreyevna oğlunun uşaqlıq və gənclik dövrü, öz qayğıları, hazırda Brest vilayətində baytar həkim çalışan nəvəsi haqqında danışıb. Kima Andreyevna qəhrəmanın atası Nikolay Davidoviç haqqında danışıb. Oğlunu itirdikdən sonra özünə gələ bilməyən Nikolay Davidoviç bir neçə il sonra dünyasını dəyişib. Kima Andreyevnanın oğlunun ölümünün acısı, onun səhhətində də problemlər yaradıb. Bir neçə il əvvəl onun döş qəfəsində yaranmış xoş xassəli şiş götürülüb. Qəhrəmanın anası bu günə qədər oğlunun xatirəsi ilə yaşayır.

Kima Andreyevna 1994-ci ildə Azərbaycana səfəri barədə də danışıb. O zaman onu dövlət başçısı, ümummilli lider Heydər Əliyev qəbul edib.

Hərbi attaşenin zabitləri hər ay Kima Andreyevanı ziyarət etmək, məişət və digər problemlərin həlli üçün hər cür yardım etmək istədiklərini bildiriblər. Bunun üçün Azərbaycanın müdafiə naziri tərəfində müvafiq tapşırıqlar verilib.

Görüş zamanı səfirliyin hərbi attaşesi Elşən Rəhimov qəhrəmanın anasına müraciət edərək bildirib: "Azərbaycan xalqı və dövləti heç vaxt öz qəhrəmanını unutmayıb, Anatoli Davidoviç həmişə ehtiramla yada salınır, onun xatirəsi xalqımızın yaddaşında bundan sonra da yaşayacaq. Sizin oğlunuzun qəhrəmanlığı ən yüksək fəxri ada - Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülüb, Azərbaycan isə onun üçün ikinci Vətən olub. Öz taleyi və seçimi ilə Anatoli Davidoviç Belarus və Azərbaycan arasında əbədi mövcud olan dostluq və qardaşlıq tellərini daha da möhkəmləndirib. Azərbaycan üçün çətin zamanlarda o, biganə qalmayaraq azərbaycanlılarla birlikdə mənfur düşmənə qarşı döyüşüb, hərbi cəsarət və şücaət göstərərək, sona qədər öz zabit vəzifəsini yerinə yetirib".

Qeyd edək ki, A.N.Davidoviç 1992-ci ilin 13 iyun tarixində Ağdam rayonu ərazisində döyüşlər zamanı həlak olub. Göstərdiyi qəhrəmanlıq və mərdliyə görə Azərbaycan Respublikasının Prezidentinin 3 iyul 1992-ci il tarixli 24 nömrəli fərmanı ilə Anatoli Nikolayeviç Davidoviç ən yüksək fəxri ada - Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülüb