Bakıda "şüur oyunları": yeni


Siyasət 11 Mar 2019 12:27:03 295 0

Bakıda "şüur oyunları": yeni

Bakıda özlərini "feminist" adlandıran bir dəstə xanımın martın 8-də yürüş keçirmək istəmələrini sosial aksiya və ya vətəndaş mövqeyini izharı saymaq olarmı? Bəlkə də olardı, lakin alınmır. Çünki elə həmin gün Rusiyada, Ukraynada, Qırğızıstanda, Ermənistanda - bir sözlə, postsovet məkanı ölkələrinin tam əksəriyyətində qadın hüquqlarının müdafiəsi tələbləri ilə xanımların aksiyaları keçirilib.

Eyni proses Avropa Birliyi ölkələrində də olub.

Almaniya və ya İtaliyadan fərqli olaraq, postsovet ölkələrindən heç birində "feminist" xanımların aksiyasına icazə verilməyib.

Maraqlı olan qadınların müxtəlif şüarlarla aksiyalara çıxmaları yox, bu aksiyaların eyni gündə, eyni vaxtda keçirilməsidir. Yəni tam sinxronluğun belə təzahürünü də təsadüf sayacaq qədər sadəlövh olmayaq.

İkinci məqam postsovet ölkələrindəki aksiyalarda eyni şüarların səslənməsi, üstəlik, özlərini "feminist" adlandıran xanımların cinsi azlıqların nümayəndələrinin də hüquqlarının "tam təminatı"nı tələb etmələri idilər.

Qadın hüquqlarının lesbiyanların hüquqlarına transformasiya etməsi nə feminizmdir, nə də sufrajizm. Bu, çox bəsit və trivial sifarişin olduqca primitiv şəkildə yerinə yetirilməsidir.

Bakıdakı aksiyanın "Meydan TV" və "Azadlıq" radiosunun canlı yayımında olması, sonra da "müstəqil bloqer"lərlə "obyektiv" internet-kanallarının emosiyalara qapılaraq baş verənləri az qala "Azərbaycan qadınlarının aksiyasının vəchicəsinə yatırılması" kimi qələmə vermələri də anlaşılandır. Onlar ödənişli sifarişi yerinə yetirirlər.

Bakıda polisin aksiyanın qarşısını almasına gəldikdə isə, bu gözlənilən və normal davranışdır. İcazəsiz aksiya ilə bağlı polisdən fərqli hərəkət gözləyənlər yenə də çox bəsit rolun yarıtmaz və yaramaz ifaçılarıdır.

Nədən ki, Almaniyanın Köln şəhərində də elə həmin gün o aksiyadan vardı.

"NAR" Qadınlar və Qızlar üçün "Ümid  İşığı" ictimai birliyinin təşkil etdiyi aksiya Köln kafedral kilsəsinin qarşısında başlayıb. Aksiya iştirakçıları əllərində müxtəlif şüarlar yazılan plakatlar tutaraq mərkəzi küçələrə doğru irəliləyiblər. Onlar dünyada qadınların şiddətə məruz qalmasınına, iş tapa bilməmələrinə diqqət çəkiblər.

Aksiya Köln polisi ilə əvvəlcədən razılaşdırılıb və bu səbəbdən heç bir müdaxilə olmayıb.

Bakıda isə "müstəqil jurnalist" Xədicə İsmayıl başının dəstəsi ilə heç bir ilkin xəbərdarlıq etməyib, icazə almayıb və aksiyanı bilərəkdən polislə qarşıdurmaya çevirib.

Acı olsa da, belədir.

Ümumiyyətlə, "şiddətə son qoyulması" və "cinsi azlıqların hüquqlarının tanınması" tələbləri ilə bağlı yürüşlər, aksiyalar, "dəyirmi masa"lar, mitinqlər cəmiyyətin "böyüməsi" və ya demokratikləşməsinin göstəricisi yox, tam başqa mahiyyət və məzmunda olan proseslərdir.

Həmin proseslər Azərbaycanla bahəm, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, habelə Rusiyanın tərkibindəki Çeçenistan və Dağıstan kimi "qeyri-tolerant" cəmiyyətlərdə aşkar görünür.

Eynən indi Azərbaycanda olduğu kimi, onillər əvvəl Qərbdə insanları, cəmiyyəti uzun müddət inandırmağa çalışırdılar ki, cinsi azlıqların hüquqlarının müdafiəsi və təminatı, sən demə, "demokratiyanın zəruri elementi, sosial institutların və ümumiyyətlə, cəmiyyətin inkişafının təbii prosesinin qaçılmaz ünsürüdür".

Fəqət, 1990-cı ildə amerikalı sosioloq Cozef Overton özünün "pəncərələr nəzəriyyəsi" ilə sübut etdi ki, inkişaf etməkdə olan ölkələrdəki "demokratiya çırpıntıları", əslində, kənardan idarə olunan prosesdən başqa heç nə deyil.

Nədən ki, ictimai institutların, cəmiyyətdə bərqərar olmuş adət-ənənənin darmadağın edilməsi və mənəvi baxımdan yolverilməz, iyrənc sayılan məqamların leqallaşdırılması üçün Qərbin sınaqdan keçirilmiş texnologiyaları var.

Sadəcə, 5 mərhələdən, 5 addımdan ibarət bəsit bir texnologiya.

1-ci mərhələ. Qəbul olunmaz, yolverilməzdən radikala qədər

Hər hansı adam, qrup və ya təşkilat müzakirə üçün cəmiyyətdə qəbul olunmayan, iyrənc sayılan mövzunu təklif edir. Məsələn, homoseksualizm və ya uşaqbazlıq təki.

2-ci mərhələ. Radikaldan qəbuledilənə

Müzakirələrlə yanaşı, "hüquqların müdafiəsi" ilə bağlı kampaniyalar və aksiyalar başlanır. Sosial şəbəkələr, media bu prosesi tirajlayır, yazır, göstərir. "Müstəqil bloqer"lər fasiləsiz danışırlar. Beləcə, yasaqlar laxlayır, tabular dağılır. Dünənədək cəmiyyətin "dibi" sayılanlar artıq kimlərləsə - məsələn, neonasistlərlə və ya əlillərlə - müqayisə olunur. "Cinsi azlıqlar belə doğulublar" ifadələri səslənir. Beləcə, bozun 50 çaları yaranır. Cəmiyyət onları hələ də qəbul etmir, amma onlar artıq reallıqdır. Cəmiyyətin bir hissəsidir. Bu mərhələdə əsas məsələ evfemizmdir. Gündəmə siyasi baxımdan yolverilən terminlər buraxılır. Artıq "uşaqbaz", "lesbiyan", "mavi" kəlmələri yox - "gey" ifadəsi işlənilir. "Adamyeyən" deyilmir, "antropofaq" söylənir. "Uşaqbaz" yox, "uşaqları sevən" ifadəsi gündəmə gətirilir.

3-cü mərhələ. Qəbulediləndən məntiqiliyə

Daha sonra "romantik hisslər" məsələsi qabardılır. "Bu hisslər qarşılıqlıdırsa, nə edək?! İnsanların sevgi və səadət hüququ var. Onlar hüquqları uğrunda mübarizə apara bilməzlərmi?! Təbii ki, bəli". Daha sonra müxtəlif Qərb alimlərinin bu yöndəki "araşdırmalarının nəticələri" təqdim olunur.

4-cü mərhələ. Ağlabatandan populyara

Seksual azlıqlarla dünənədək yolverilməz sayılan davranışların sahibləri ekranlara çıxır, TV-şoulara qatılır, sosial şəbəkələrdə "populyar"laşırlar. Xüsusilə də İnstagram-da onlar söyülsələr də, məşhurlaşırlar.

Daha sonra açıqlamalar gəlir. "Heç xəbəriniz varmı ki, filan məşhur yazıçı, sənətçi, siyasətçi, sərkərdə və ya hökmdar uşaqbaz olub?! İnsanı olduğu kimi qəbul etmək gərəkdir".

Makedoniyalı İsgənldər, Çaykovski, Musorqski, Freddi Merkürinin homoseksual olduqları vurğulanır. "Sənətçinin cinsi yönü yox, əsərləri önəmlidir" deyilir.

5-ci mərhələ. Populayardan normaya

Cəmiyyətdə müzakirələr gedir. Məlum olur ki, Qərb ölkələrinin bəzilərində homoseksuallar baş nazir, spiker, nazir seçiliblər. Norveç və ya Hollandiyada isə, ümumiyyətlə, uşaqbazlıq yerli sosial mədəniyyətin bir hissəsidir.

"Belədirsə, Azərbaycanda niyə seksual azlıqlar təqib olunmalı, özlərini narahat hiss etməlidir?!" - tanış ifadədir, deyilmi?

Qərb məhz bu minvalla eynicinslilər arasında nikahların leqallaşmasınadək "uzun yol" keçib.

Hollandiyada uşaqlarla cinsi əlaqəni "normal" sayan partiya artıq yarırəsmi statusdadır. ABŞ-da isə "alimlər"in pedofiliyanı "normal" saymaları barədə "tədqiqat"ları artır.

İndi Qərbdə "Overton pəncərələri"nin 6-cı mərhələsidir.

Əxlaqsızlığı norma saymayanlar anormal hesab olunur. Belə davam edərsə, homoseksualizmə və uşaqbazlığa etiraz edənlərin cinayətkar sayılaraq həbs ediləcəyi günə çox qalmayıb.

Fransada qondarma "erməni soyqırımı"nı danmaq cinayət sayıldı axı. Belə sərsəm qanun qəbul olunubsa, fransızlar absurdla razılaşıblarsa, niyə təəccüblənməliyik ki...

Sosial şəbəkələrdən genişmiqyaslı cəmiyyətin və dövlətin nəzarəti olmadığı şəraitdə istifadə olunması ilə istənilən sərsəm, sarsaq, əxlaqsız ideyanı nəinki cəmiyyətə qəbul etdirmək, hətta onu normaya çevirmək olar.

30 il əvvəl homoseksuallıqla lesbiyanlığın anormallıq sayıldığı, indisə absolyut normaya çevrildiyi Avropaya və ABŞ-a baxmaq yetər.

Belə "innovasiyalar"ın təşkilatçıları dayanmaq niyyətində deyillər.

Hazırda bir çox ölkələrdə, o cümlədən Azərbaycanda "Overton pəncərələri"nin ilk mərhələsindən yeni mövzular keçirilir.

Həmin mövzuları cəmiyyət hələ qəbul etmir, amma onlar kolluqdakı ilan təki sosiumun şüuruna doğru sürünür.

Bakıda "feminist"lərin və ya lesbiyanların aksiyaları kimi...

Elçin Alıoğlu Son.az