Sumqayıt Dövlət Dram Teatrı repertuarını zənginləşdirdi
Kriminal 06 Mar 2019 16:44:00 205 0
Sumqayıt Dövlət Dram Teatrı əlamətdar günlərlə zəngin mart ayında repertuarına da müxtəlif yaş kontingentini əhatə edən tamaşalar əlavə etdi.
Son.az xəbər verir ki, V.Səmədoğlu "Mamoy kişinin yuxuları", K.Nəzirli "Narkoman", Əli Əmirli "20 ildən sonra", N.Muradoğlu "Zülmətdə nur", Milli Teatr Gününə özəl M.F.Axundzadə "Müsyö Jordan və dərviş Məstəli şah", H.Mirələmov "Vicdanın hökmü" kimi səhnə əsərlərinin yer aldığı cari repertuarda Novruz bayramı da xüsusi qeyd olunacaq.
Belə ki, azyaşlı tamaşaçıların Novruz bayramı ərəfəsində tətil günlərini maraqlı, şən keçirə bilməsi məqsədilə teatrımız bir daha Azərbaycan uşaq ədəbiyyatının banisi Abdulla Şaiqin yaradıcılığına müraciət edərək "Tıq-tıq xanım pyesini Novruz elementləri ilə fərqli çalarda hazırlayıb. Və bugün xalq artisti Firudin Məhərrəmovun quruluşunda tamaşaya daxili baxış oldu. Səhnə əsərində obrazları istedadlı aktyorlar Şəhla Məmmədova, Etibar Əmirov, Şəmistan Süleymanlı, Mətləb Səfərli və Rövşən Əsgərov canlandırır. Daxili baxışda Alternativ bədii şura üzvləri də iştirak etdi. Tamaşa göstərildikdən sonra şagirdlərin fikri dinlənildi. Daha sonra teatrın drektoru əməkdar artist Mübariz Həmidov bəzi nuansları vurğulayaraq ümumilikdə tamaşanı bəyəndiyini söylədi. Kollektivdən əməkdar artist İzaməddin Bağırov və başqaları çıxış edərək tamaşa haqda düşüncələrini bölüşdü. Sonda səhnə əsərinin uğurlu alındığı qənaətinə gəlindi.