Fədayə Laçın azadlığa çıxacaq?


Kriminal 28 Fev 2019 18:09:00 331 0

Fədayə Laçın azadlığa çıxacaq?

Bu gün Bakı Apellyasiya Məhkəməsində məhbusların nəzarət altından qaçmasında təqsirləndirilərək 5 il azadlıqdan məhrum edilən müğənni Fədayə Laçın və onunla birlikdə təqsirləndirilən 12 nəfərin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdikləri apelyasiya şikayətinə baxılıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında F.Laçının vəkili Nurəngiz Qarayeva deyib.

Vəkil bildirib ki, prosesdə ilkin baxış iclası keçirilib, iş üzrə məhkəmə baxışı martın 11-nə təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə, Fədayə Laçın 5 il, Ceyhun Səmədov 9 il, Fuad Hacıyev 8 il 6 ay, Tural Poladxanov 8 il 6, Bəhruz Abdullayev 9 il, Əli Ağami 20 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Məhəmməd Hacıyev 7 il, Tərlan Zeynalov 7 il, Şahmar Əzizadə 7 il, Anar Əsgərov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər Bakı Apellyasiya Məhkəməsinə şikayət vermişdilər.

Xatırladaq ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.