“Safo”nun azadlığı çox çəkmədi


Kriminal 25 Fev 2019 20:29:00 335 0

“Safo”nun azadlığı çox çəkmədi

Aylar öncə törədilən oğurluğun üstü açılıb.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, əvvəllər də analoji və digər cinayətlərə görə məhkumluq həyatı yaşayan, sonuncu dəfə isə şərti cəza alaraq azadlığa çıxan şəxs növbəti çirkin əməlini törədib. Ötən ilin noyabrında Şəmkirin Şiştəpə kənd sakinlərinə məxsus 40-dan çox qoyun bir gecədə naməlum şəxs tərəfindən oğurlanıb.

Hadisədən səhər saatlarında xəbər tutan zərərçəkənlər dərhal Rayon Polis Şöbəsinə müraciət ediblər. Əməliyyat-axtarış tədbirlərinə başlayan asayiş keşikçiləri qısa zamanda cinayəti həmin kənddə yaşayan 30 yaşlı Səfər Nağıyevin törətdiyini müəyyən ediblər. Şəmkir polisi nəhayət bu ilin fevralında barəsində axtarış elan olunan Nağıyevin yerini müəyyən edərək saxlamağa müvəffəq olub.

Mehrab Məmmədov - Baş müstəntiq: "Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayəti törədən şəxsin əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuş məhkumluğu qanunla müəyən edilmiş qaydada ödənilməmiş Şəmkir rayon Şiştəpə kənd sakini Nağıyev Səfər Novruz oğlunun olması müəyyən edilmişdir".

Səfər Nağıyev əməlini etiraf edərək oğurladığı qoyunları Gədəbəydə tanımadığı şəxsə satdığını, əldə etdiyi pulu isə paytaxtda əyləncəyə xərclədiyini deyib.


Xəbərə aid fotolar