“Tutulmasaydıq, götürəcəkdi” Evindən silah tapılan şəxsin


Kriminal 21 Fev 2019 15:26:00 316 0

“Tutulmasaydıq, götürəcəkdi”  Evindən silah tapılan şəxsin

Gəncə şəhər sakininin evindən odlu silah və sursat aşkarlanıb.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsi və Kəpəz Rayon Polis İdarəsinə şəhər sakini, əvvəllər məhkum olunmuş, 21 yaşlı Sənan Əliyev və tanışı 23 yaşlı Xəyal Ağayevdə odlu silah olması barədə əməliyyat məlumatı daxil olub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Xəyal Ağayevin yaşadığı ünvandan odlu silah-sursat, eləcə də insan sağlamlığına zərər vura biləcək digər əşyalar aşkarlanaraq götürülüb. Elxan Əsədov - müstəntiq: "Saxlanılan şəxslərdən 1 ədəd lüləsi kustar üsulla kəsilmiş ov silahı, 2 ədəd 16 kalibirli patron, bundan başqa həmin evdən 2 maska tipli papaqlar, 2 ədəd "beşbarmaq" və 1 cüt əlcək aşkar edilərək götürülüb". Saxlanılan şəxslərin ətraflarında aparılan istintaq araşdırmaları zamanı hər ikisinin Kəpəz rayonu ərazisində fəaliyyət göstərən mağazaların birindən oğurluq və daha bir obyektdən isə oğurluğa cəhd etdikləri müəyyənləşib. Onlar törətdikləri əməli etiraf ediblər. Xəyal Ağayev silah-sursatın tanışı Sənan Əliyevə məxsus olduğunu deyib. Xəyal Ağayev - saxlanılan şəxs: "Silahı haradan aldığını bilmirəm. Dedi dursun sizdə, götürəcəm. 3-4 günə götürməliydi. Biz tutulmasaydıq, götürəcəkdi". Sənan Əliyev silah-sursatları tapdığını, digər əşyaları isə qonşu ölkələrdən gətirdiyini deyib. Silahı saxlmaqda isə heç bir çirkin niyyətinin olmadığını iddia edib. Sənan Əliyev - saxlanılan şəxs: "Beş barmağı Gürcüstanda gətizdirmişdim. Düzdür soyuq silahdı, amma belə üstümdə olurdu. Yəni onunla heç kimə əl atmamışam. Silah isə məndə çoxdan olub. Onu da heç bir məqsədlə götürməmişəm. Heç kimlə düşmənçiliyim də yoxdur". Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə iş başlanılıb, araşdırmalar davam etdirilir.