Azərbaycanda İranla bağlı hüdudları aşan yeni kitab nəşr olundu


Siyasət 20 Fev 2019 13:07:00 295 0

Azərbaycanda İranla bağlı hüdudları aşan yeni kitab nəşr olundu

"İranda siyasi partiyalar"

Şərqşünas Məsiağa Məhəmmədinin "İran İslam Respublikasında siyasi partiyalar" adlı kitabı bu günlərdə çapdan çıxıb.

Son.az xəbər verir ki, kitab İranda siyasi partiyaların fəaliyyətini öyrənmək sahəsində Azərbaycanda ilk təşəbbüsdür.

Müəllif İranın daxili siyasi həyatının mənzərəsini çatdırmaq üçün geniş istifadə olunan mühafizəkar-islahatçı dixotomiyasının hüdudlarını aşaraq, ölkədə siyasi spektrin daha mürəkkəb və rəngarəng olduğunu nümayiş etdirməyi başlıca məqsəd kimi qarşıya qoyub. Bunun üçün İranın müasir siyasi-tarixi kontekstində, xüsusən seçki kampaniyaları timsalında əsas partiyaların fəaliyyəti izlənilib, eyni zamanda on beşə yaxın aparıcı siyasi təşkilatın yaranma tarixi, ideoloji və təşkilati prinsipləri, önəmli simaları barədə məlumat verilib.

Kitabda həmçinin İranın siyasi həyatında qanunvericilik çərçivəsində, yəni sistem daxilində və leqal şəkildə fəaliyyət göstərən (yaxud göstərmiş) partiyalardan bəhs edilir.

İki fəsildən ibarət araşdırmada İslam inqilabından sonra İranda mövcud olan əsas siyasi qüvvələr, partiyaların siyasi proseslərdə iştirakının mərhələləri, onların fəaliyyətinin hüquqi əsasları nəzərdən keçirilib, siyasi partiyaların sağ, sol, milliyyətçi (milli-dini) və "üçüncü cərəyan" olmaqla müvafiq təsnifatı verilib.

M.Məhəmmədi belə bir qənaəti xüsusi vurğulayıb ki, İran İslam Respublikasının mövcud olduğu 40 il ərzində bütün xarici təzyiqlərə və daxili çalxalanmalara rəğmən, öz varlığını qorumasında və spesifik siyasi inkişaf yolu keçməsində siyasi partiya və qruplaşmaların mühüm rolu olub.

Məhəmməd Əliyev Son.az