“Nəsimi”nin Fatması: “Səhərə kimi ağladım və səhər tezdən durub...”


Kriminal 10 Fev 2019 13:15:00 253 0

“Nəsimi”nin Fatması: “Səhərə kimi ağladım və səhər tezdən durub...”

Azərbaycanın kino aktrisası, "Nəsimi" filmində Fəzlullah Nəiminin qızı Fatma obrazının ifaçısı, Əməkdar artist Xalidə Quliyeva modern.az-ın qonağı olub. 

Son.az müsahibəni təqdim edir:

- Xalidə xanım, gəncliyinizdə bir sıra məhşur Azərbaycan filmlərində çəkilmisiniz və çoxunda da baş rolları oynamısınız. Necə oldu ki, gənc yaşlarınızda uğur qazandınız?

- Gəncliyimdə çəkildiyim hər bir filmlə fərəh duyuram. O filmlərdəki aktyor işlərim, bu gün də mənim üçün mənəvi qidadır. Gəncliyimdə çəkildiyim filmlərdəki rollarım bu gün yeni filmlərdə çəkilməyimə və yeni obrazlar yaratmağıma stimuldur. Uğur mənə görə nisbi anlayışdır. O zaman mən sənətə gələndə uğur fikirləşmirdim. Bu sənətə gəlməyimin kökündə sevgi-məhəbbət və fədakarlıq var idi.

- 1974-cü ildə Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirmisiniz. O zamanlar bir çox atalar qızlarını aktrisa olmağa qoymurdular. Bəs sizin ailəniz bu qərarınızı necə qarşıladı?

- 8, 9, 10-cu siniflərdə oxuyanda məktəbimizdə dram dərnəyi açıldı. Ədəbiyyat müəllimimiz bu dərnəyin rəhbəri idi. Hazırlanan "Qorxulu yol" adlı tamaşada mən həkim rolunu oynadım. Bundan sonra müəllimim mənə bildirdi ki, sən mütləq aktrisa olmalısan. Məktəbi bitirəndə anladım ki, bu mənim alın yazımdır və valideyinlərim də bu seçimimi təbii qəbul etdilər.

- İlk çəkildiyiniz film hansı olub? Rejissor Tofiq Tağızadənin "Qızıl Qaz" filminə necə oldu ki, dəvət aldınız?

- İlk işim Fərəməz Məmmədovun diplom işi idi. Film "Qaralmayan Günəş" adlanırdı. Bu filmə mənim o zamankı kurs rəhbərim Xalq artisti Adil İskəndərov baxandan sonra dedi: "Xalidə sən əsl aktrisa imişsən ki".

Tofiq Tağızadə "Qızıl qaz" filminin çəklişləri üçün kastinq elan edəndə, mən o kastinqə yollandım və mənzum bir hekayə oxudum. Tofiq bəy məndən o hekayənin müəllifini soruşanda söylədim ki,  müəllif Anardır. Əslində isə müəllif Anar deyildi. Anar o zaman məhşur olduğu üçün istədim ki, onun imicindən istifadə edim. Tofiq Tağızadə məni bəyəndi və "Qızıl qaz" filmində rol aldım.  

- Bəs Həsən Seyidbəyli yaradıcılığı ilə yollarınız necə kəsişdi?

- "Qızıl Qaz" filminin təqdimatında Həsən bəy məni görüb aktrisalığımı bəyənmişdi. Bir gün ikinci rejissor Əşrəf Amayev auditoriyaya daxil olub dedi ki, "Həsən müəllim Xalidə xanımı görmək istəyir". Kino İttifaqına yollandım, o zaman qurumun  sədri Həsən müəllim özü idi. Qiyabi olaraq Həsən Seyidbəylinin adını eşitsəm də, üzünü görməmişdim. Kabinetinə utana-utana daxil oldum, Həsən müəllim məni xoş bir aurayla qarşıladı. Ortaboylu, səmimi bir insan idi. "Qızıl qaz" filmindəki aktyor işimi bəyəndiyini və özünün "Nəsimi" filmində məni görmək istədiyini söylədi. Mənə filmin ssenarisini təqdim edərək söylədi ki, "bu ssenarini İsa Hüseynov yazıb. Oxu və hansı rolu bəyəndiyini söylə".

"Nəsimi" filminin ssenarisini oxuduqca, çox pis oldum. Nəsiminin soyulmağı mənə çox pis təsir etdi. Səhərə kimi ağladım və səhər tezdən durub Kino İttifaqına yollandım. Həsən müəllim hansı rola çəkilmək istədiyimi soruşanda, ona bildirdim ki Fatma rolunu istəyirəm. O da gülərək söylədi ki, "səni elə bu rol üçün nəzərdə tutmuşdum və ona da çəkiləcəksən". Fatma rolu üçün kastinq keçirilmədi. Birbaşa olaraq mən bu filmə çəkildim.

- Sizi bir çox insan məhz "Nəsimi" filminin Fatması  kimi xatırlayır. Fatmanın bu qədər sevilməsinin səbəbi nə idi? Ssenari, yoxsa özünüzü bu obrazda tapmağınız sizə onu sevdirdi?

- Bu filmdə təkcə Fatma sevilmədi. "Nəsimi" filmi mənim, Rasim Balayevin və bir çox aktyorların xalq tərəfindən sevilməsinə səbəb oldu. Adətən filmlər ənənəvi sonluqla bitir, yəni baş qəhrəman qalib gəlib öz amalına çatır. Lakin "Nəsimi" filmi onunla fərqlənirdi ki, baş qəhrəman öz ideyası uğrunda şəhid olurdu. Təbii ki, "Nəsimi" fiziki olaraq şəhid olsa da, ruhən qalib gəlirdi. Nəsiminin şəhid olması bu filmin sevilməsinin əsas səbəblərindən biridir. Xalq ona görə qəhrəmanını sevir ki, qəhrəmanın nə edə biləcəyini və nəyə qadir olduğunu duyur və görür. Nəsimi də məhz doğru bildiyi ideyası, amalı uğrunda canından keçdi. Fatmanın da sevilməyinin əsas səbəblərindən biri, mənim oynadığım Fatma obrazını sevməyim olmuşdu.

- Xalq artisti, kinorejissor Həsən Seyidbəylinin aktyorla olan işi barəsində nə deyə bilərsiniz?

- Həsən müəllimin yaradıcılığı haqqında danışmaq üçün bizə əlavə bir zaman lazımdır. Onun yaradıcılığının Azərbaycan kino sənətinə nələr gətirdiyi özü böyük bir mövzudur. Qısa olaraq cavab verəcəyəm: Həsən Seyidbəyli Azərbaycan kinosuna ən böyük dəyər olan həyat gətirdi. Həmçinin, həyat həqiqətini gətirdi. "Nəsimi" filminin çəklişlərindən öncə biz 2-3 ay Kino İttifaqında bu filmi məşq etdik. Xırdalıqlarına qədər hər şey ölçülüb-biçilirdi. Həsən müəllimin aktyorlardan əsas tələbi sadəlik, səmimiyyət və təbii ifa tərzi idi. Bizdən həyata çox yaxın ifa tərzi tələb edirdi. Məhz biz də bunun şahidi olurduq ki, bütün tarixi filmlərdə aktyorlar təbii ifa tərzi oynayırlarsa, yəni pafosla oynamırlarsa, o film həmişə inandırıcı olur və uğur qazanır. Tamaşaçı da, o filmi hər zaman sevərək izləyir. Həsən Seyidbəyli rejissor işinə həmişə çox ciddi yanaşırdı. "Nəsimi" filminin çəklişinə çox böyük büdcə ayrıldığı üçün həm dövlət, həm də sifarişçilər tərəfindən nəzarət ciddi idi. Çəklişlər zamanı filmə aidiyyatı olmayan heç bir hal olmadı. Filmin çəklişi necə düşünülmüşdüsə, elə də oldu. Məşq əsnasında artıq filmi çəkmiş kimi idik, sadəcə onu lentə köçürmək qalmışdı. Ona görə də işimiz çox asan oldu.

- "Nəsimi" filminin nümayişindən sonra izləyicilərdə sizə qarşı hansı münasibəti hiss etdiniz? Yaxınlaşıb sizə fikir bildirənlər çox olurdu?

- Həmin dövrdə Azərbaycanda çəkilən digər filmlərdən fərqli olaraq, "Nəsimi"nin nümayişi çox genişmiqyaslı oldu. Yəni Azərbaycanın sərhədlərindən uzaqda - Orta Asiyada, Suriyada, İraqda, Hindistanda, həmçinin bütün SSRİ məkanında, İranda filmin nümayişləri keçirildi. "Nəsimi" filmi o zaman Moskvada keçirilən Beynəlxalq Film Festivalında nümayiş olundu və beləliklə biz də məhşurlaşmağa başladıq. Rasim Balayevi, Xalidə Quliyevanı tanımayan hər kəs filmin nümayişlərindən sonra bizi tanımağa başladı. Hətta yaxınlaşıb bizdən avtoqraf alan, şəkil çəkdirən və fikir bildirənlər də olurdu. Sevindirici hal burasındadır ki, "Nəsimi" filminə qarşı olan həmən münasibət və məhəbbət bu gün də yaşamaqdadır. Hər filmin qismətində olmur ki, bu qədər sevilsin. "Nəsimi" filmi bu sırada birinci yerdədir.

- Bu il Azərbaycan prezidentin sərəncamı ilə ölkəmizdə "Nəsimi ili" elan olundu. Nəsimi dedikdə ilk ağıla Nəsimi poeziyası gəlsə də, daha sonra "Nəsimi" filmi yada düşür. Filmin çəkimləri haqqında nə deyə bilərsiniz? Çəkilişdən ən yadda qalan məqamlar hansılar oldu?

- Bu ilin "Nəsimi ili" elan olunmasından çox şadam. Nəsimi dedikdə böyük şair, Azərbaycan poeziyasının ruhu və cəsarət simvolu yada düşür. Əlbəttə ki, "Nəsimi" filmi Nəsiminin keşməkeşli həyatını əyani və praktiki surətdə xalqımıza çatdırdı. Həmçinin,  xalqımıza Nəsimini bu filmin fonunda yenidən sevdirdi. Filmin çəkilişi haqqında saatlarla danışmaq olar.Filmdə zamanın ruhunu, poetikasını yaratmaq üçün bir neçə quruluşçu rəssam çalışırdı. Təsəvvür edin ki, üç dəqiqəlik çəkilişdən ötrü, üç ay hazırlıq gedirdi. Teymurləngin gəlişi səhnəsi Cəngidə çəkilib. Səhər tezdən 30-50 avtobus Kinostudiyanın qarşısına yığıldı. Yüzlərlə insan avtobuslarda əyləşdilər. Bunların hamısına paltar geyindirilmiş, xəncər verilmişdi. Biz Cəngiyə yola düşdük, hər 100 nəfərə 2-3 assistent nəzarət edirdi. Çəkilişə başlayanda məlum oldu ki, Teymurləngin papağı Kinostudiyada qalıb. Belə bir problem oldu. Minlərlə insan saatlarla Teymurləngin papağının gəlməsini gözlədi. Papaq gəldikdən sonra isə hava tutuldu və yağış yağmağa başladı. Yağış başladıqda isə vertalyotdan çəkiliş mümkün olmadı. Dağın başından çəkməyə başladılar, o zaman da məlum oldu ki, kimsə çəkiliş zamanı səhvən başına çətir tutub. Bu zaman da kadr keyfiyyətsiz oldu. Belə hallar hər bir çəkilişdə olur. "Nəsimi" filmi sözün əsl mənasında çox böyük zəhmət  nəticəsində çəkildi. Çətinliklərlə dolu olan bu kütləvi səhnə isə filmdə cəmi üç dəqiqə getdi. Naxçıvandakı Əlincə qalasında çəkiliş olanda, vaqonlarla pal-paltar və at Bakıdan aparılmışdı. Bu iş həqiqətən böyük bir əfsanə idi. Bu gün üçün isə belə bir film çəkə bilərikmi?

Bu sual altındadır. "Nəsimi" yeganə Azərbaycan filmidir ki, bu qədər ağır əziyyət və zəhmət hesabına başa gəldi.   

- Bəs "Nəsimi" filminin çəkilişləri zamanı sırf sizinlə bağlı ən yaddaqalan məqamlar, problemlər nələr oldu? Çəkiliş zamanı hər hansı ekstremal bir vəziyyətlə qarşılaşdınız?

- O zaman mənim çox uzun saçlarım və qalın hörüklərim var idi. Filmdə isə Fatmanın saçı qısa olmalıydı. Çəkilişə hazırlıq zamanı qrimçi Volodya və Həsən müəllim qrim otağına daxil oldular. Volodya təklif etdi ki, saçlarım kəsilsin, bu zaman üzümdə dəhşətli bir ifadə yarandı, çünki mən saçlarımı çox sevirdim. Həsən müəllim dedi ki, Xalidənin saçları kəsilməsin, çalışın parikin altında gizlədin. 

Növbəti bir problem ondan ibarət oldu ki, Qobustanda çəkilişdə müridlərlə atam Nəimini axtaranda onlara sürətim çatmadı. Ritmdə çatmaq çox çətin oldu və bu zaman məni kaskadyorlar əvəz etdilər. Bu hal, yəni fiziki cəhətdən zəif olmağım, mənə çox pis təsir etmişdi. Avtobusa gəldikdə, xeyli ağlamışdım. "Nəsimi" tarixi motivlər əsasında, müxtəlif ərazilərdə çəkilən film olduğu üçün çəkiliş zamanı ekstremal vəziyyətlərlə qarşılaşmağımız da gözlənilən idi. Filmdə Nəiminin edamı zamanı çəkilən epizodda məni onun yanına getməyə qoymurdular. Mən təpənin üstünə dırmaşanda, əlimə isti nə isə dəydi. Elə bildim ki, torpaq yaşdır və əlimi açıb tulladım.Çəkilişdən sonra hamı yaxınlaşıb əlimi yoxlayaraq soruşdular ki, Xalidə yaxşısan? Dedim bəli, nə olub ki? Dedilər əlinlə tulladığın əqrəb idi. Çəkiliş zamanı qaşılaşdığımız problemlərdən biri də, günvurmalar idi. İsti aylarda qalın libasların içində durmaq aktyorlara heç də asan olmurdu. Çəkilişarası fasilələrdə bizə isti ayranlar içirirdilər. Xüsusilə Naxçıvanda çəkiliş zamanı yerli əhali bizə xeyli kömək etmişdi. Bizə su, samovar çayı və yuxa gətirib paylayırdılar. Ümumiyyətlə isə çəkilişlərdə xalqımızdan xeyli dəstək gördük və nəticəsi də uğurlu oldu.

- "Nəsimi" filminin çəkilişləri əsasən hansı ərazilərdə keçirildi?