Hər zaman onun filmlərinin əvvəli, bu yazı "filmin sonu"...


Kriminal 08 Fev 2019 00:45:00 352 0

Hər zaman onun filmlərinin əvvəli, bu yazı  "filmin sonu"...

Rejissorluğu ilə kino sənətimizə yeni nəfəs gətirən Tofiq Tağızadə gərgin axtarışları və istedadı sayəsində milli kino tariximizin müxtəlif dövrlərini əhatə edən bir-birindən bənzərsiz sənət nümunələri yaradıb. Onun çəkdiyi filmlər sənətkarın mənalı ömür yoluna işıq saçır. Dünən görkəmli kino rejissoru, Xalq artisti Tofiq Tağızadənin anadan olmasının 100-cü ili tamam oldu.

Son.az AZƏRTAC-a istinadən bu münasibətlə yazıçı-publisist, tanınmış jurnalist Tahir Abbaslının görkəmli sənətkarla bağlı qələmə aldığı yazısını təqdim edir.

Onun ləqəblərindən biri idi "kino-zadə". Ayrıca bir "Tofiq Tağızadə çağı" yaşanıb Azərbaycanın kinematoqrafiyası tarixində. Həmin çağlarda o, "zakadır" əhalinin çoxusunun xəbərsiz olduğu perspektiv-konspirativ nüanslar, səsi sonralar çıxası çox epizodlar verib kino-kadrlarda. O, flaqman-kameraman kimi də ad-san qazanıb, fenomenal rejissor, universal kino xadimi kimi də.

"Kino-dəsgah", "kino-geniy", hətta hərdən, "kino-tum" tandemləri ilə adlandırırdılar onu. "Çay dəsgahı", "Şur dəsgahı" kimi tərkiblərin nə pəsgah-pəstahlar ifadə etdiyini yaxşı bilənlər bu "sinema-adam"ın kinematoqrafiya aləminə ("əlbəsə"lərindən tutmuş, ta "göz-söz" "çöz-yoz", "zaman-məkan", "fon-ton" həndəsələrinədək) necə bələd olmasından tam hali olduqları üçün onu belə hallandırırdılar...

Sözümü (lətifəsi "gəlişigözəl" ifadəsindən iraq) bir yarımbaşlıqla davam etmək istəyirəm:

Gəlişiözəl...

Bəli, sənətkarlığı da, həyatı da xeyli qəribəliklərlə müşahidə olunmuş Tofiq Tağızadənin gizli "ilk", açıq ömürlük məhəbbət işinə gəlişi də sıradanbir qəbilli olmayıb. O, böyük kino təsərrüfatının "qara işlər"inə çox yubanmasa da, müstəqil rejissorluq görəvinə bir qədər gec - otuz beş yaşında gəlib. Amma artıq Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (Moskva) kinorejissorluq fakültəsini bitirmiş (1953), "Azərbaycanfilm" kinostudiyasında - zahirən "başıaşağı" təzə işçi kimi, daxilən isə çox yüksək fazalı bir energetika ilə fəaliyyətə başlayıb. Özü də - 7 fevral 1919-cu il təvəllüdlü bu diribaş "bakılı balası" öz qəribə əda-sədaları ilə ətrafına qaynar bir müasirlik, ustad bir gələcək vəd edərək gəlib. Bu "avans"-perspektivi 1955-ci ildə tamamlayıb böyük ekrana təhvil verdiyi "Görüş" filmi ilə təsdiqləyib. Həmin filmdəki "Rejissor: Tofiq Tağızadə" titri ilə sübut edib ki, bu sirli aləmə xeyli gec gəlsə də, son dərəcə güc gəlib.

Yuxarıda bir termin işlətdim:

Tandem

Ekranyönüm yazarlarımızın, kinoşünaslarımızın ümumi qənaətinə görə, Tofiq Tağızadə Azərbaycan kinosuna (qaçılmaz sovetizm-sosializm qatqarları tərəddüdü ilə desək - milli kinomuza) özünəməxsus yeni nəfəs, orijinal baxış gətirmişdir. O, öz istedadı sayəsində qapalı sovet zəmanəsinin kameralara yasaq etdiyi milli duyğularımızı, məxfi nüanslarımızı da ekran "reklam"ına çıxarır, tamaşaçı ilə səssiz, bəzən pantomim mükalimələrə girir, böyük sənət vəhdətli "mən"i ilə bütün statik-statistik ümum "sən"ləri üzbəüzləşdirir, ekran-salon "tərəf-müqabilləri" arasında problemlərin fövqəl-həll tandemini, sənət-cəmiyyət duallığını yaradırdı.

Deməli, ilk rejissura işi olan "Görüş"dən və bu müxtəsər "giriş"dən sonra, güman edirəm, onun çox məqamlarda nail olduğu "kinoçuluq-tamaşaçılıq" tandemi yaratma kimi özünəməxsusluğu barədə arxayınçılıqla bəhs etmək olar.

Öncə bu "həmcins" üzv-sözlərin açması. Yəni bu birləşmədə iki tərəf ehtiva olunur - ekranın "o tayındakılar" (aktyorlar) və bu tayındakılar (biz). Məndə belə bir ehtimal yaranıb ki, kino-seans zamanı bu "tərəf"lər arasında, az qala, proporsional bir izləmə situasiyası yaşanır; biri bilavasitə, o biri bilavasitə. Qəribə səslənsə də deyim ki, Tofiq Tağızadə bütün filmlərində gözə işləyib, baxışlar dramaturgiyası yaradıb. Onun özünün seçdiyi aktyorlarda və əlbəttə, ssenarilərə əsaslanaraq yaratdığı obrazlarda baş "qəhrəman" gözlər, baxışlar, bütün psixolojilikləri sərf-nəzər edən nəzərlərdir. Sözsüz ki, bunların təqdimatında kinooperatorun da rolu az deyil, ancaq axı, baş proqram-layihə sahibi rejissordur! İndi, gəlin, bu sayaq nümunələrə elektron-media vasitələrindən tam fərqli olan qəzet, yazı-pozu imkanları daxilində baxaq. Bəri başdan bunu da deyim ki, sözügedən nüans onun çəkdiyi on üç filmin hər birində qabarıq alınıb - yəni bu seçimdə heç bir xəyali-əyani püşkə ehtiyac yoxdur. Və yəqin ki, o filmlərin hər birindən göz önünə çəkib "göstərəcəyimiz" o ən dramaturji əzaların iki-üçündən artığına da ehtiyac yoxdur.

Filmləri barədə fraqmentlər