"Ağır xəsarət almışam, deyilənləri başa düşmürəm"


Kriminal 03 Fev 2019 16:25:00 228 0

"Ağır xəsarət almışam, deyilənləri başa düşmürəm"

Ölümlə nəticələnən qəzanı törədən sürücü hakim qarşısına çıxarılıb. Onun qəza törədən zaman sərxoş olduğu məlum olub.

Son.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Anar Şixiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər ifadə verib. Zərərçəkmiş Nadir Səlimov söyləyib ki, qəza baş verən zaman taksidə olub. O, hadisənin necə baş verdiyini xatırlamadığını deyib. Qeyd edib ki, hadisə anidən baş verib və aldığı xəsarətdən huşunu itirib: "Mən ayılanda xəstəxanada olduğumu bildim. Qəza baş verdiyini dedilər". Zərərçəkmiş deyib ki, qəza zamanı ağır xəsarət alıb və sağ qolunu hələ də tam olaraq hərəkət etdirə bilmir. Nadir Səlimov ona dəymiş maddi zərərin bir qisminin Anar Şixiyev tərəfindən qarşılandığını deyib. O, şikayət və tələbinin olmadığını deyib. Təqsirləndirilən şəxs isə zərərçəkmişə kömək edəcəklərini bildirib. Məhkəmədə digər zərərçəkmiş Kənan Məmmədəliyev də ifadə verib. O, qəza zamanı Anar Şixiyevin avtomobili ilə vurduğu taksinin sürücüsü olduğunu deyib. Qeyd edib ki, qəzadan sonra ona 17150 manat maddi zərər dəyib. Hakimin suallarına cavab verən K.Məmmədəliyev dəymiş zərəri necə hesablandığını belə izah edib: "Mənim 13 minlik maşınım yararsız vəziyyətə düşdü. Məcbur qalıb onu 3 min manata satdım. Qəza baş verəndən sonra da işləmirəm. Başımdan ağır xəsarət almışam. Danışılanları, mənə deyilənləri tam olaraq başa düşmürəm. Bəzən heç eşitmirəm. Qarşımdakını dinləyə bilmirəm".   A.Şixiyevin vəkili zərərçəkmişin mülki iddiasını düzgün əsaslandırmadığını və qəbul edilə bilməyəcəyini deyib. Qeyd edək ki, hadisə ötən ilin yayında Bakının Nəsimi rayonu, Alı Mustafayev küçəsi 12-nin qarşısında baş verib. Belə ki, A.Şixiyevin idarə etdiyi "KİA" markalı avtomobil Vəliyev Kənan Salman oğlunun sürdüyü "Mercedes"i vurub. Nəticədə "Mersedes"də olan 3 nəfər ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Avqust ayının 12-də isə xəsarət alanlardan 1972-ci il təvəllüdlü Cəbiyev Hamlet Rəfael oğlu xəstəxanada vəfat edib. Baş vermiş qəza hadisəsi ilə bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb və sürücü A.Şixiyev istintaqa cəlb olunub. Qəzanı törədən zaman sərxoş olduğu məlum olan sürücü barəsində həbs-qətimkan tədbiri seçilməyib. Ancaq məhkəmənin hazırlıq iclasında A.Şixiyev barəsində həbs-qətimkan tədbiri seçilib və o, məhkəmə zalında həbs edilib.