Tofiq Abbasov: "Rusiya ilə Azərbaycan arasında siyasi dialoq artan xətt üzrə davam edir"


Siyasət 30 Yan 2019 18:47:00 268 0

Tofiq Abbasov: "Rusiya ilə Azərbaycan arasında siyasi dialoq artan xətt üzrə davam edir"

"Rusiya-Azərbaycan ikitərəfli münasibətlərinin gündəliyi" anlayışı dəqiq hüdudlara malik deyil və bu, münasibətlərin daim genişləndiyini göstərən müsbət amildir.

Son.az xəbər verir ki, bunu Trend İnformasiya Agentliyinin mətbuat mərkəzində keçirilmiş "Rusiya-Azərbaycan: 2019-cu il üçün gündəlik" Moskva-Bakı telekörpüsü zamanı azərbaycanlı politoloq Tofiq Abbasov deyib.

Politoloqun sözlərinə görə, bu, ümidverici tendensiyadır və Azərbaycanla Rusiyanın işgüzar və siyasi elitasının əhval-ruhiyyəsini stimullaşdırır:

"Fikrimcə, ikitərəfli əlaqələrin inkişafında və siyasi dialoqun qurulmasında siyasi elita mərhələli şəkildə uğurlar əldə etməklə çox iş görüb. Məhz buna görə də, Rusiya ilə Azərbaycan arasında dialoq artan xətt üzrə davam edir. Faktiki olaraq bu, bizim ətalətlə fəaliyyət göstərən işgüzar elitamıza ötürülən özünəməxsus estafetdir".

O, qeyd edib ki, hazırda sosial və iqtisadi xarakterli bir çox saziş imzalanıb ki, bu sənədlər biznes adamları üçün çoxlu imkanlar yaradıb, amma buna baxmayaraq, bəzi iş adamları müəyyən ehtiyatla hərəkət edir:

"Əgər siyasi elita böyük dəhlizlər və iri magistrallar yaradırsa, iş adamları bu imkanlardan istifadə etməlidir".

Politoloq bildirib ki, bu gün Xəzər regionunda böyük geoiqtisadi kəmərin yarana bilməsi üçün bütün imkanlar var. Bununla əlaqədar olaraq, T.Abbasov Xəzərin hüquqi statusu barədə Xəzəryanı dövlətlərin imzaladığı Konvensiyanı xatırladıb:

"Şübhəsiz ki, Astanada Xəzəryanı "beşlik" Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsində irəliləyişə nail oldular, amma onu da xatırladım ki, hələ bu hadisəyə qədər Azərbaycan, Rusiya və Qazaxıstan bir-birinə qarşı iddialarının olmadığı barədə üçtərəfli saziş imzalamışdı".

T.Abbasov qeyd edib ki, Azərbaycanla Rusiya arasında ikitərəfli əlaqələr fəal inkişaf edir, çünki iqtisadi, nəqliyyat-kommunikasiya, humanitar, turizm istiqamətlərində böyük imkanlar var və strateji tərəfdaşlıq möhkəmlənir:

"Fikrimcə, bugünkü gün dinamikaya böyük ehtiyac var. Biz unutmamalıyıq ki, dünyada sanksiya kabusu dolaşır və bu, bir çox dövlətlərin maraqlarına təsir edə bilər. Ona görə də biz ikitərəfli elmi-texniki imkanlardan və müəssisələrimizin texnoloji potensialından istifadə etməliyik. Bu, o deməkdir ki, ikitərəfli səylərin birləşdirilməsi, yüksək texnologiyalar sahəsində yeni mühitin formalaşdırılması barədə düşünmək lazımdır. Ölkələrimizin idxalı yerli məhsulla əvəz etmək, eləcə də müasir yüksək texnologiyalı bazarın yaradılması üçün bütün imkanları var".

Onun sözlərinə görə, 2019-cu il potensiala malik istiqamətləri həvəsləndirmək üçün yeni imkanlar açır.

T.Abbasov qeyd edib ki, xammal iqtisadiyyatından uzaqlaşmaq vacibdir və bunun üçün tərəflər elm sahələrini necə stimullaşdırmaq barədə fikirləşməlidir.

Son.az