Azərbaycanlı aktyor: "O zamanlar nə istədiyimi bilmirdim" FOTO


Kriminal 27 Yan 2019 21:20:00 453 0

Azərbaycanlı aktyor: "O zamanlar nə istədiyimi bilmirdim"  FOTO

Nurlan Süleymanlı: 1-2-ci kurslarda özünü dahi aktyor kimi hiss edirsən, üçüncü kursda "deyəsən"lər başlayır, dördüncü kursda isə əmin olursan ki, sən heç kimsən 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

"Debüt" rubrikamızın qonağı Gənc Tamaşaçılar Teatrına yeni gələn gənc aktyor Nurlan Süleymanlıdır. Nurlan Gənc tamaşaçılar Teatrında öz debütünü edib. Gələcəyə dair planları, arzuları, istəkləri var.

İsmayıllı rayonunda anadan olan müsahibim ibtidai təhsilini orada alıb. Ailəsinin iş yerini dəyişməsi ilə əlaqədar olaraq Bakıya köçdükdən sonra təhsilini burada davam etdirib. Deyir ki, tarix müəllimi olmaq istəyib.

- Tarixi çox sevirdim. Düşünürdüm ki, gələcəkdə müəllim kimi fəaliyyət göstərərəm. Ancaq məktəbi bitirdikdən sonra atam məni incəsənətə yönləndirdi. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq ixtisasına qəbul olunduqda, ilk günlər hara düşdüyümü anlamırdım. Bu sənətin dərinliyinə o qədər də bələd deyildim. Əməkdar artist Sona  Mikayılovanın qrupuna daxil olmuşdum. O zamanlar nə istədiyimi bilmirdim.     - Adətən valideynlər övladlarını incəsənətdən yayındırırlar. Bu baxımdan sizin bəxtiniz gətirib.

- Çox şükür, mənim ailəm bu məsələdə sonuna qədər mənə dəstək oldu. Hətta "sən bacaracaqsan" - deyərək mənə ruh yüksəkliyi verirlər. 

- Sənətinizi sizə sevdirən nə oldu?

- Artıq teatr mühitinə düşmüşdüm. Özümdən böyükləri səhnədə görəndə heyranlıqla baxırdım. Əməkdar artistimiz Pərviz Məmmədrzayevin "İlahi oyun" tamaşasına baxaraq düşünürdüm ki,  insan bədəninin bütün əzalarını necə hərəkətə gətirə bilər. Müəllimlərimin səs tembrinə, danışığına və ümumən aktyorluq sənətinə vuruldum. Ən nəhayət, onlar kimi olmaq istədim. Məndə teatra qarşı böyük bir sevgi yarandı.   - Universiteti bitirdikdən sonra nə etdiniz?

- Deressiyaya düşdüm. Universitet elə bir məkandır ki, sən burada həm təhsil alır, həm də problemləri 4 illik dondurursan. 4 ildən sonra bu problemlər üzə çıxır. Artıq sən özünü tam olaraq idarə etməlisən və həyatda öz yolunu tapmalısan. Mən düşünməyə başladım - görəsən, bu sənətdə olmağa layiqəmmi? Özümə qapanma baş verdi. Çünki mən peşəkar səhnəyə çıxıb, obrazlar canlandıra biləcəyimə tam da əmin deyildim. Əslində o qədər də güclü biri deyiləm. Məni sındırmaq çox asandır.    - Niyə?

- Çünki melanxolik insanam.    - Teatr mühiti zəif insanları tez məhv edir.

- Elədir. Bir dəfə Məmməd Səfa müəllimin müsahibələrinin birində oxudum ki, "zəif insanların teatrda işi yoxdur". Teatrda çalışırsansa, çox güclü olmalısan. Mən hər şeyi yavaş-yavaş əldə edirəm, sınıram, yenidən toparlanıram. Başqa çarə yoxdur.    - Bu günün gəncləri teatra ancaq məşhurlaşmaq üçün gəlirlər. Bəs siz necə?

- Kim deyirsə ki məşhur olmaq istəmirəm, onun səmimiyyətinə inanmıram. Amma məşhurluq gəldi-gedərdi. Əsas odur ki, həyatda nəyəsə nail olasan. Ola bilər ki, hansısa aktyor müəyyən seriala çəkilsin və o serial nümayiş olunan müddətdə tanınsın. Ancaq serial bitəndən sonra o aktyor da unudulur.    - Adətən gənclər teatra gəlib bir-iki obraz oynayandan sonra özlərini peşəkar aktyor hesab edirlər. Özünüzdə bu özgüvən, "mənəm-mənəmlik" hissləri baş qaldırıbmı?

- Məndə bu hisslər heç zaman olmayıb, özümü heç zaman dahi hesab etməmişəm. Mən müəllimimdən başqa cür görmüşəm. Sona xanımın çox gözəl insani keyfiyyətləri var və o, bu insani keyfiyyətləri bizə də aşılayıb. O heç kimin qəlbinə toxunmurdu, arxasınca danışmırdı.


Xəbərə aid fotolar