Ermənistandakı cinayətlərdə onları kənardan təqdir edən qüvvələrin də rolu var


Siyasət 15 Yan 2019 07:00:00 657 0

Ermənistandakı cinayətlərdə onları kənardan təqdir edən qüvvələrin də rolu var

"Ermənistanda xalq çoxdandır ki, seçki yolu ilə özünə rəhbər seçmək hüququndan məhrum edilib".

Bu fikirləri Son.az-a "Baku International Policy and Security Network" Ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, professor Elxan Ələsgərov deyib.

Onun sözlərinə görə, Ermənistanda ümumxalq yolu ilə prezident və ya parlament üzvlərinin seçilməsindən danışmaq gülüncdür. Erməni xalqı çoxdan bu hüquqdan məhrumdur: "Əslində, Ermənistan uzun illərdir ki, seçkilər vasitəsilə özünə rəhbər seçmək hüququndan məhrumdur. Düzdür, bunlar əsasən, əvvəlki iqtidarların dövründə edilib. Məsələn, Serj Sarqsyan hakimiyyətinin sönlarında prezident və hökümət başçısı parlament tərəfindən seçildi. Ermənistan kimi ölkələrdə isə parlamentə əsasən hansısa klanların, qrupların, oliqarxların nümayəndələri seçilir. Sonra isə onlar da özlərinə lazım olan uyğun şəxsi ölkənin rəhbəri seçirlər".

Ekspertin fikrincə, maraq doğuran məsələ dünyaya demokratiya dərsi keçməyə çalışan bəzi beynəlxalq təşkilatların və dövlətlərin, eləcə də o seçkiləri müşahidə etmiş və nümayəndələrinin həmin seçkilərin nəticələrini hansı əsaslarla tanıması və onlara müsbət rəy vermələridir: "Maraqlıdır ki, dünyaya demokratiya dərsi keçməyə çalışan bəzi beynəlxalq təşkilatların və dövlətlərin həmin seçkiləri müşahidə edən nümayəndələri onlara yüksək qiymət veriblər. Halbuki, Ermənistandakı son parlament seçkiləri göstərdi ki, bundan əvvəlki iqtidarın təmsilçiləri heç 5 faiz də səs toplaya bilmədilər. Bu necə ola bilər? Deməli, ya indiki seçkilər qeyri-demokratik olub, ya da bundan əvvəlkilər. Əgər əvvəllər hakimiyyətdə olanlar cinayətkar idilərsə, deməli bu cinayətlərdə onları kənardan təqdir edən qüvvələrin də rolu var.

Məhz bu səbəbdən indiki vəziyyətdə həmin təşkilatlar və dövlətlər Ermənistandakı son hadisələrə və Paşinyanın hökumət başçısı seçilməsinə də susqunluqla yanaşırlar".

E.Ələsgərov əlavə edib ki, hazırda Ermənistanın beynəlxalq miqyasda ciddi nüfuzu yoxdur. Çünki hazırki Ermənistanı nə siyasi, nə iqtisadi, nə də hərbi baxımdan normal, güclü dövlət qəbul etmək çox çətindir: "Nikol Paşinyan siyasi baxımdan hakimiyyətə gələr-gəlməz Moskvaya dəfələrlə səfərlər edib Rusiya ilə münasibətləri sağlam çərçivəyə salmağa çalışıb. Lakin buna nail ola bilməyib. Ermənistanın nə Türkiyə, nə İran, nə Gürcüstanla, nə də ki Azərbaycanla normal əlaqələri var. O, buna nail ola bilmir.

Belə bir vəziyyətdə beynəlxalq təşkilatlar da Ermənistanla bağlı çaş-baş vəziyyətdədirlər və öz fikirlərini bildirmirlər. Əslində özlərini müstəqil kimi təqdim edən beynəlxalq təşkilatların siyasi əqidəsi var. Onlar arxasında duran müəyyən qüvvələrin maraqlarını ifadə edən qərarlar qəbul edirlər. Bütün bunlar məqsədyönlü və əvvəlcədən razılaşdırılmış qərarlar olur".

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib - FOTO  Qeyd edək ki, bu məsələyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında toxunub: "Biz dəfələrlə demişdik ki, Ermənistanda iyirmi il ərzində kriminal, qaniçən xunta rejimi hökm sürür. Ancaq əfsuslar olsun ki, bəzi beynəlxalq təşkilatlar buna göz yumurlar. İndi sual olunur, necə ola bilər ki, son illərdə Ermənistanda böyük miqyasda saxtakarlıqla keçirilmiş prezident və parlament seçkilərinə beynəlxalq təşkilatlar müsbət rəy verirlər? Axı, son parlament seçkiləri göstərdi ki, hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş dəstə 5 faiz də səs yığa bilməyib. Bunu hər kəs etiraf edir. Ancaq əvvəlki illərdə özlərinə 50 faizdən çox səs yazdıran kriminal rejimin fəaliyyəti niyə qınaq obyektinə çevrilməmişdir?! Avropa Şurası, Avropa Parlamenti və demokratiyadan, ədalətdən dəm vuran digər beynəlxalq təşkilatlar o biabırçı mənzərəyə niyə göz yumurdular?! Məgər onlar bilmirdilər ki, Ermənistanda bütün seçkilər saxtalaşdırılıb? Bilmirdilər ki, erməni xalqı kriminal rejimə nifrət edir? Çox yaxşı bilirdilər, amma göz yumurdular. Nəyə görə? İkili standartlara görə. Nəyə görə? Çox güman ki, burada hansısa təmənna ilə bağlı başqa məsələlər olub. Heç kimə sirr deyil ki, Ermənistan beynəlxalq arenada konyak diplomatiyasını işə salıb və bir çox siyasətçiləri satın alıb. Əvvəlki illərdə Ermənistanın xarici siyasətində rüşvət amili birinci yerdə idi.

Ona görə mən hesab edirəm ki, bu məsələ müvafiq beynəlxalq orqanlar tərəfindən çox ciddi araşdırılmalıdır və kriminal rejimə iyirmi il ərzində dəstək verən, onun cinayətlərinə göz yuman, onun əlindən orden, medal alan dırnaqarası siyasətçilər məsuliyyətə cəlb olunmalıdırlar. Bizim tələbimiz bundan ibarətdir. Əgər bu, olmasa, demək heç nə dəyişilmir. Əgər bu, olmasa, onda bu gün bəzi beynəlxalq təşkilatlar tərəfindən səslənən ədalət, insan haqları haqqında cəfəng bəyanatlar elə cəfəng bəyanatlar kimi qalacaq. Sarkisyan rejiminə, onun əməllərinə dəstək verən, göz yuman beynəlxalq təşkilatlar əgər öz günahını yumaq istəyirlərsə, qoy, etiraf etsinlər ki, onlar iyirmi il ərzində cinayətkarlarla əlbir olublar və beləliklə, bu cinayətlərdə onların da əli, onların da payı var.

Mən dəfələrlə demişəm ki, Ermənistanı kriminal rejim idarə edir. İndi bunu erməni xalqı deyir. Onların keçmiş rəhbərləri cinayətkardır, bu, sübut olunub. Onların qəhrəmanları qorxaqdır, onların generalları oğrudur. Bax, budur, Ermənistanın indiki vəziyyəti. Müstəqilliyi cəmi 27 ilə bərabər olan bir ölkəni əgər 20 il ərzində cinayətkarlar idarə ediblərsə, onda bu ölkə haqqında təsəvvür yaratmaq o qədər də çətin deyil.

Mən dəfələrlə bunu bildirmişəm, bir daha demək istəyirəm ki, Ermənistanı bu ağır böhranlı vəziyyətdən çıxarmaq üçün bir yol var, o da Azərbaycan ilə münasibətləri normallaşdırmaqdır. Biz buna hazırıq. Ancaq əlbəttə ki, buna nail olmaq üçün bir şərt var - Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlardan çıxarılmalıdır". Qeyd: Analoji mövzularla bağlı geniş məlumatları http://bakunetwork.com, Facebook, Twitter və Youtube resurslarından da əldə etmək mümkündür.

İlkin İzzət Son.az