Azərbaycan Prezidenti: "Bütün strateji obyektlərdə müasir generator sistemi quraşdırılacaq, bu məqsədlər üçün vəsait ayrıldı"


Siyasət 11 Yan 2019 23:28:00 320 0

Azərbaycan Prezidenti: "Bütün strateji obyektlərdə müasir generator sistemi quraşdırılacaq, bu məqsədlər üçün vəsait ayrıldı"

Bütün strateji obyektlərdə müasir generator sistemi quraşdırılacaq, bu məqsədlər üçün vəsait ayrıldı.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yekun nitqində deyib.

Prezident vurğulayıb ki, bu il infrastrukturla bağlı bir çox önəmli layihələr icra ediləcək: "Biz son illər ərzində infrastrukturun yaradılması ilə çox ciddi məşğul olmuşuq. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan infrastrukturun inkişafı üzrə qabaqcıl yerlərdədir, 30-cu yerdədir. Ancaq hələ ki, görüləsi işlər var və bu istiqamətdə işlər aparılacaq. Bu il "Şimal-2" yeni böyük elektrik stansiyasının istifadəyə verilməsi gözlənilir. Bu stansiya 400 meqavat enerji istehsal edəcək. İndi biz özümüzü elektrik enerjisi ilə tam təmin edirik, hətta böyük həcmdə ixrac da edirik. Ancaq biz yeni güclər yaratmalıyıq. Çünki tələbat artır, sənaye artır, əhali artır və ixrac imkanlarımız genişlənir. Ona görə 400 meqavat gücündə "Şimal-2" elektrik stansiyasının işə salınması mühüm hadisə olacaqdır. Bununla bərabər, keçən ilin ikinci yarısından başlayaraq - o qəza baş verəndən sonra bizim enerji sistemimiz çox ciddi təftiş olunur. Bu sahədə də çox böyük pozuntular aşkarlanıb. Məhz bu pozuntular nəticəsində biz yay mövsümündə gözlənilməz bir qəza ilə üzləşmişdik".

İlham Əliyev bildirib ki, ona görə bütün çatışmazlıqlar operativ qaydada aradan qaldırılır və eyni zamanda, mövcud enerji bloklarımızın reabilitasiyası, yenidən qurulması prosesinə start verilib: "Bu məqsədlər üçün keçən il vəsait ayrılıb. Ancaq mövcud enerji qurğularımızı təmir edərək, onlara düzgün xidmət göstərərək biz yeni stansiyalar tikmədən enerji istehsalını ən azı 500 meqavat artıra bilərik. Bu, çox böyük rəqəmdir. Gücü 400 meqavat olan "Şimal-2" stansiyasının işə salınması ilə biz bu il 1000 meqavata yaxın yeni generasiya gücünə malik ola bilərik. Bu, əlbəttə ki, ixrac imkanlarımızı böyük dərəcədə artıracaq. Çünki keçən il biz elektrik enerjisinin ixracından 10 milyonlarla dollar pul əldə etmişik, bu vəsait xəzinəyə daxil olubdur".

Dövlət başçısının sözlərinə görə, keçənilki qəzadan sonra aydın oldu ki, bizim strateji obyektlərimiz bu fövqəladə vəziyyətə hazır deyil və bu, böyük təəssüf hissi yaradır: "Əlbəttə ki, bu strateji obyektlərə rəhbərlik edən şəxslər də tənbeh olundu. İndi isə görülən və görüləcək işlər nəticəsində bütün strateji obyektlərdə müasir generator sistemi quraşdırılacaq, bu məqsədlər üçün vəsait ayrıldı. İlk növbədə, metro stansiyalarında generatorlar quraşdırılacaq. Artıq kontraktlar da imzalandı və bu il biz bunu tam şəkildə təmin edəcəyik. Bu, bizə imkan verəcək ki, əgər hər hansı bir qəza olarsa, metro tunelində heç bir qatar qalmasın. Yəni, bu generatorlar imkan verəcək ki, qatarlar stansiyaya qədər gəlsin və vətəndaşlar stansiyaya həm rahat düşə bilsinlər, həm də eskalatorlarla qalxa bilsinlər. Metroda quraşdırılan generatorların əsas funksiyası bundan ibarətdir. Bizim bütün strateji səhiyyə obyektlərində də təftiş aparıldı və bütün obyektlərdə bu sahədə tam təminat təşkil ediləcəkdir".