Azərbaycan Prezidenti: "Bizimlə əməkdaşlıq edən ölkələrin sayı gündəngünə artır"


Siyasət 11 Yan 2019 20:53:18 445 0

Azərbaycan Prezidenti: "Bizimlə əməkdaşlıq edən ölkələrin sayı gündəngünə artır"

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycanın xarici siyasətinin uğurlarına da toxunub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı keçən ilin xarici siyasət sahəsində də uğurlu olduğunu deyib: "Mən keçən il xarici ölkələrə 16 səfər etmişəm və Azərbaycana 16 dövlət və hökumət başçısı səfər edib. Bu, bir daha onu göstərir ki, bizim xarici siyasətimiz çoxşaxəlidir və bizimlə əməkdaşlıq edən ölkələrin sayı gündən-günə artır. Əlbəttə, hesab edirəm ki, biz, ilk növbədə, qonşularımızla əlaqələrimizi daha yüksək pilləyə qaldıra bilmişik.

Keçən il qonşu ölkələrin dövlət və hökumət başçıları ilə mənim çoxsaylı görüşlərim olub və bu görüşlərdə praktiki məsələlər həll edilib. Hər bir ölkə üçün onun qonşuları ilə yaxşı münasibətlərin qurulması çox vacib amildir. Azərbaycan o ölkələrdəndir ki, Ermənistandan başqa bütün qonşularımızla çox düşünülmüş siyasət apararaq gözəl münasibətləri qura bilib və ölkəmiz bu münasibətlərdən faydalanır. Həm regional təhlükəsizliyin inkişafı, eyni zamanda, nəqliyyat, energetika, ticarət məsələlərinin uğurla həlli, o cümlədən qonşularımızla münasibətlərdən asılıdır. Bir sözlə, qonşu ölkələrlə əlaqələrimiz çox müsbətdir və əminəm ki, bu il də bu istiqamətdə yeni müsbət addımlar atılacaqdır".