Ermənilər Rusiyanın səbr kasasını daşdırdı


Siyasət 20 Dek 2018 09:38:11 349 0

Ermənilər Rusiyanın səbr kasasını daşdırdı

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistandakı biolaboratoriyalarla bağlı bəyanatı İrəvanı təşvişə salıb. "Komsomolskaya Pravda" qəzetinə verdiyi müsahibəsində S.Lavrov Rusiya ilə Ermənistan arasında yeni anlaşmanın hazırlandığını söyləyib. Onun sözlərinə görə, anlaşma Ermənistan ərazisində hər hansı xarici ölkənin hərbi kontintenginin yerləşdirilməsini və mövcudluğunu birmənalı şəkildə istisna edir. Bu, müqavilənin qayəsidir. Mətndə isə, sadəcə, Ermənistanda fəaliyyət göstərən bioloji laboratoriyalardan bəhs olunur.

Daha sonra Rusiya XİN-nin saytında yerləşdirilmiş variantda da biolaboratriyalar məsələsi vurğulanırdı.

Lakin rəsmi İrəvan çox narahatdır.

Ermənistan XİN-i olayla bağlı açıqlama yayaraq bildirib: "Həmin laboratoriyalar Ermənistana məxsusdur və sırf mülki səciyyəlidir. Söhbət yalnız erməni mütəxəssislərin çalışdıqları, sanitar-epidemioloji nəzarət səviyyəsinin yüksəldilməsini təmin edən laboratoriyalardan gedir. Ermənistanla bağlı məsələdə həmin laboratoriyalarda hansısa hərbçilərin olmasından söhbət gedə bilməz".

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin də olayı şərh edib: "Açığını deyim ki, biolaboratoriyalar məsələsi bizi narahat edir. Elə ona görə dialoqa başlamışıq. Məndə olan məlumata görə, erməni tərəfi ilə dialoq yetərincə konstruktivdir. Yəni bu məsələdə qarşılıqlı anlaşma var və istisna etmirəm ki, hansısa mərhələdə razılaşma əldə edəcəyik".

Ermənilərin fikrincə, Rusiya diplomatlarının və siyasətçilərinin açıqlamalarında aşkar uyğunsuzluqlar var.

Əgər həmin laboratoriyalar, həqiqətən də, İrəvana məxsusdursa və Ermənistan XİN-nin dediklərinə inansaq, orada "sırf mülki səciyyəli araşdırmalar" aparılırsa, onda Rusiya ilə aparılan "dialoq"un səbəbi, mənası və məğzi nədir? İllah da ki, ermənilər rusiyalı ekspertləri həmin laboratoriyalara buraxaraq "qoy, hər şeyi gözləri ilə görsünlər" deyirlərsə, İrəvanın təlaşı ilk baxışdan qəribə təsir bağışlayır.

Kremlin "kölgə kardinal"larından biri sayılan Modest Kolerov da bu arada bildirib ki, Rusiyanın Ermənistanın Gümrü rayon mərkəzindəki 102-ci hərbi bazası artıq "əvvəlki önəmini itirib, izafi yükə çevrilib".

Ermənistanda hakimiyyət dəyişikliyindən və Nikol Paşinyanı iqtidarı ələ keçirməsindən sonra İrəvanın Rusiyanın təsirindən çıxmağa çalışması, Qərbə meyllənmiş siyasət yürütməsi və ABŞ-ın Ermənistanda təsir imkanlarının artması Rusiyanı narahat edir.

Ermənistanın təhlükəsizliyinin təminatının və sərhədlərinin mühafizəsinin bütünlüklə rus hərbçilərin mükəlləfiyyəti olduğunu nəzərə alsaq, Moskva Gümrüdəki 102-ci hərbi bazadan ermənilərə təzyiq vasitəsi kimi istifadə etmək qərarına gəlib.

"Ermənistanda başqa dövlətlərin hərbçiləri olmamalıdır" tələbi də həmin təzyiqin tərkib hissəsidir. Moskva İrəvanın nəzərinə çatdırmaq istəyir ki, əgər 102-ci bazanı çıxarmaq fikrinə düşərsə, sonradan Ermənistan öz ərazisində Qərb ölkələrindən birinin hərbi kontingentini yerləşdirmək fikrinə düşməməlidir.

Beləliklə, Moskva ermənilərin nəzərinə çatdırır ki, bazasını çıxarsa belə, Ermənistanın Qərbin Cənubi Qafqazdakı forpostuna çevrilməsinə imkan verməyəcək və Nikol Paşinyanın ölkəni Qərbə yönəltmək cəhdlərinin qarşısını bütün vasitələrlə almağa çalışacaq.

Rusiyanın XİN başçısı Sergey Lavrovun diplomatik ifadələrlə pərdələnmiş bəyanatının mahiyyəti sadədir: "Ermənistan Qərbə inteqrasiya olunmamalı, ərazisini NATO hərbçilərinə təqdim etməməlidir".

Daha çox ultimatum səciyyəlli xəbərdarlıq, Nikol Paşinyanın küçə siyasətindən bezmiş Moskvanın səbr kasasının daşdığını göstərən məqamdır.

İrəvandakı Erməni Strateji və Milli Tədqiqatlar Mərkəzinin direktoru Manvel Sarkisyanın fikrincə, Rusiyanın başlıca məqsədi Ermənistan ərazisində başqa hər hansı ölkənin hərbçilərinin olmasının qarşısını almaqdır.

Onun sözlərinə görə, MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) də artıq önəmini itirib. Ermənilər, ümumiyyətlə, artıq hesab edirlər ki, Moskva "NATO-nun MDB-dəki alternativi" kimi təqdim etdiyi KTMT-dən yalnız Rusiyanın təsir imkanlarını artırmaq üçün istifadə edir.

"Ermənistanın Rusiya ilə münasibətlərdə heç bir problemi yoxdur. Problem Rusiyanın özüdür. Moskva bizi alçatmaq, aşağılamaq üçün girəvə arayır. Rusiya öyrəşib ki, Ermənistanın üzünə tüpürsə, minnətdarlıq edəcək", - Manvel Sarkisyan söyləyib.

Rusiyanın XİN başçısının müavini Qriqori Karasin bu arada Ermənistanı "qətiyyət göstərməyə və ABŞ-ın təzyiqlərinə sinə gərməyə" çağırıb.

Nikol Paşinyan Ermənistandakı təlaşı yatırmaq üçün dünən deyib: "Bəli, mənim də Moskvaya suallarım var. İmkan əldə edən kimi soruşacağam ki, onların ehtimalları nəyə əsaslanır. Dəfələrlə bildirmişəm ki, Ermənistan müstəqil siyasət yürüdür, suveren ölkədir. Sergey Lavrovun hansısa anlaşma ilə bağlı bəyanatı müzakirə olunur. Belə anlaşma əvvəlki iqtidarla mühakirə olunub. Bizim hökumət belə müzakirə aparmayıb".

İrəvan KTMT-ni mənasız təşkilat sayır və bu qurumun bütün digər üzvlərinin Ermənistana qarşı mövqe tutduğunu təkrarlayır.

Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə, Nikol Paşinyanın "Ermənistan mövqelərini gücləndirir" bəyanatını ermənilər çox böyük ironiya ilə qarşılayıblar.

İrəvandak analitiklərdən biri dəqiq açıqlama ilə çıxış edib: "Dünya birliyinin Azərbaycana və Azərbaycanın münaqişənin həllinə münasibəti, Rusiyanın da Azərbaycanla əlaqələri dəyişməyibsə, Paşinyan nədən danışır?!"

Orxan Hun Son.az