“15 il həbsdə yatmışam, adam öldürsəydim gedib polisə məlumat verərdim?”


Kriminal 15 Dek 2018 18:50:00 889 0

“15 il həbsdə yatmışam, adam öldürsəydim gedib polisə məlumat verərdim?”

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan İlqar Əliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Son.az-ın virtualaz.org-a istinadən xəbərinə görə, prosesdə dövlət ittihamçısı İ.Əliyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxs isə ona elan olunan ittihamla razılaşmayıb və qətldən xəbərsiz olduğunu bildirib. Əvvəllər də məhkumluq həyatı yaşayan İ.Əliyev cəsədi tapdığını və bu barədə polisə məlumat verdiyini deyib: "15 il həbsxanada yatmışam. Həmin adamı öldürsəydim, özüm gedib polisə məlumat verərdimmi? Meyiti özüm tapmışam. 3 ay 14 gün sonra meyiti görüb polisə getmişəm. Dedim ki, belə bir cəsəd var. Mənim cəsədi gizlətmək imkanım olduğu halda polisə xəbər verməyim nə deməkdir? Qətl törədən adam bunu edər? Niyə mən başqasının yerinə cəza çəkməliyəm?"

Təqsirləndirilən şəxs qətl hadisəsi baş verən gün başqa bir nəfərlə mübahisə etdiyini, ona bıçaqla xəsarət yetirdiyini, həmin şəxsin oradan qaçdığını, üç ay sonra isə qətl hadisəsinə görə həbs olunduğunu söyləyib: "Hər şeydən bezmişdim. Azadlığa çıxandan sonra ölkədən getmək istəyirdim, amma çıxışıma icazə vermədilər. Mən Qarabağ döyüşlərinin iştirakçısıyam, batalyon komandiri, kəşfiyyatçı olmuşam. Ona görə ölkədən buraxmadılar ki, kəşfiyyatçı kimi dövlət sirrlərini bilirsən. Sonra da başıma bu hadisə gəldi".