Gürcüstanda prezident seçkilərində müxalifətin məğlubiyyətinin səbəbi nə oldu?


Siyasət 29 Noy 2018 11:25:00 341 0

Gürcüstanda prezident seçkilərində müxalifətin məğlubiyyətinin səbəbi nə oldu?

Müxalifətə yaxın "Rustavi - 2" telekanalının sifarişi ilə ABŞ-ın "Edison Research" şirkətinin keçirdiyi "exit-poll"un nəticələrinə əsasən, Salome Zurabişvili prezident seçilib. İqtidara yaxın "İmedi"nin sifarişi ilə "Gallup İnternational"ın "exit-poll"u da eyni nəticəni göstərib. Əgər müxalifətin sifarişi ilə keçirilən sorğu iqtidar namizədinin qalib gəldiyini göstərirsə, deməli, kütləvi saxtakarlıqdan danışmaq doğru deyil.

Son.az xəbər verir ki, bunu politoloq Şahin Cəfərli bildirib.

Onun sözlərinə görə, iqtidar ilk turdakı uğursuzluğundan ciddi nəticələr çıxara bilib: "Əlbəttə, seçkidə qanun pozuntuları, ən müxtəlif əyintilər kifayət qədər olub. Bunlar zatən 1-ci turda da var idi. Amma İvanişvili ilk turdakı uğursuzluqdan sonra çox ciddi işlədi, özünün bütün maddi və siyasi resurslarını, eyni zamanda inzibati resursları işə saldı və öz namizədinin lazımi miqdarda səs yığmasını təmin etdi. Gürcüstan kimi demokratiyanın oturuşmadığı, bu istiqamətdə hələ kövrək addımlar atmaqda olan bir ölkədə Avropa demokratiyaları səviyyəsində seçki gözləmək yanlışdır. Kim olursa olsun, hakimiyyətdəki qüvvənin böyük üstünlüyü var, pul və güc mühüm amildir. İkinci tur ərəfəsində problemli kreditlərin silinməsi, maaş, müavinət artımı kimi populist addımlar öz rolunu oynadı".

Politoloqun fikrincə, ən mühüm faktor Saakaşvili dönəmindən narazı olan, onun qayıtmasını istəməyən təbəqələrin hərəkətə gətirilməsi olub: "Belələrinin sayı Gürcüstanda kifayət qədər çoxdur. İqtidarın seçkini şüurlu şəkildə "Saakaşvili gəlsin, gəlməsin?" referendumuna çevirməsinin müxalifətin əleyhinə işləyəcəyini yazmışdım".

Ş.Cəfərli Gürcüstanda prezident seçkilərində rusiyapərəstlərin qalib gəlməsi ilə bağlı fikirlərə də münasibət bildirib: ""Rusiya qalib gəldi" şəklində reaksiyalar görürəm, əlaqəsi yoxdur. "Gürcü Arzusu" 2012-ci ildən hakimiyyətdədir və ötən müddətdə avroatlantik inteqrasiya yönündə ciddi məsafə qət edilib. Qərb də maraqlıdır ki, radikal və impulsiv Saakaşvilinin iqtidara qayıtmasındansa, indikilər bir müddət də qalsın".

Qeyd edək ki, noyabrın 28-də Gürcüstanda prezident seçkilərinin 2-ci turu keçirilib. Prezidentliyə namizəd Salome Zurabişvili rəqibi Qriqol Vaşadzeni üstələyərək səslərin 59,56 faizini toplayıb və Gürcüstanın ilk qadın prezidenti seçilib.

İlkin İzzət Son.az