"Rəşid Behbudov məni özünə sıxdı və dedi ki..." Xanım bəstəkar


Kriminal 23 Noy 2018 22:47:00 387 0

"Rəşid Behbudov məni özünə sıxdı və dedi ki..."  Xanım bəstəkar

Xalq artisti, bəstəkar Ruhəngiz Qasımova əfsanəvi sənətkar Rəşid Behbudovla bağlı xatirələrini paylaşıb və onunla ilk tanışlığı barədə danışıb.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, Qasımova "Könül dünyamız" verilişində Behbudovla tələbə ikən tanış olduğunu deyib:

"Tələbə idim, günlərin birində yazdığım mahnıları qoltuğuma vurub evlərinə getdim. O vaxta qədər də hələ uşaq yaşlarımdan Rəşid Behbudova qulaq asırdım. Qapını döydüm, özü açdı və kimi axtardığımı soruşdu. Dedim ki, sizi istəyirəm, Konservatoriyanın bəstəkarlıq fakültəsində oxuyuram. Geriyə çevrilib həyat yoldaşına xitabən dedi ki, Ceyran, bizə gənc bəstəkar gəlib. İçəri dəvət ediləndən  sonra bərk həyəcanlandım ki, hara gəlib çıxmışam. Əvvəlcə "İntizar" mahnımı ifa etdim. Soruşdu ki, sən bu yaşda hansı ayrılıqdan təsirlənib belə mahnı yazmısan? Dedim ki, atamı itirmişəm. Məni özünə sıxdı və təsəlli verərək dedi ki, mən də həm atamı, həm anamı itirmişəm. Ardınca "Layla" mahnımı ifa etdim.

Məndən bu mahıları götürüb qatladı və kənara qoydu. Dedi ki, bundan sonra səs üçün nəsə yazsan, əvvəlcə mənə göstər. Amma nə zaman oxuyacağım sənin işin deyil. Bundan sonra davamlı ünsiyyətimiz və iş birliyimiz başladı. 1964-cü ildə anamla Moskvaya getmişdik. "Lujniki" stadionunun yaxınlığında dondurma yeyirdik. Birdən çox doğma səs və melodiya eşitdim. Anama dedim ki, bu, mənim "Laylay" mahnımdır, Rəşid Behbudov oxuyur. Dedi ki, ay qız, dondurmanı ye, Rəşid Behbudov sənin mahnını oxuyandı? Musiqi səsi gələn köşkə yaxınlaşdım və həmin valdan ikisini aldım. Valın üzərində Rəşid Behbudovun, Bəxtiyar Vahabzadənin və mənim adım yazılmışdı. Mənimçün  bundan gözəl hədiyyə ola bilməzdi. Aldığım iki valdan birini Bakıya gələndə ona hədiyyə etdim.


Xəbərə aid foto