Bu il narkotiklərlə əlaqədar 28 cinayətkar qrup zərərsizləşdirilib FOTO


Kriminal 20 Noy 2018 19:02:00 271 0

Bu il narkotiklərlə əlaqədar 28 cinayətkar qrup zərərsizləşdirilib  FOTO

Daxili İşlər Nazirliyində "Şəhər, rayon polis orqanlarında vətəndaşların müraciətlərinə baxılması və qəbulu işi"nin və "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə"nin vəziyyətinə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

Nazirlikdən Son.az-a verilən məlumata görə, Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Kollegiya iclasını açaraq müzakirəyə çıxarılan hər iki məsələnin aktual olduğunu və əməliyyat-xidməti fəaliyyətdə mühüm əhəmiyyət kəsb etdiyini xatırladıb, vətəndaşların müraciətlərinə baxılmasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daim xüsusi diqqətində və nəzarətində olduğunu, məhz dövlət başçısının tapşırığına əsasən, son illər mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda mütəmadi olaraq vətəndaşların qəbulunu keçirdiklərini, problemlərini şəxsən dinlədiklərini vurğulayıb.

Qeyd olunub ki, bu mühüm işin məqsədyönlü təşkili, eyni zamanda, vətəndaşların polis orqanlarına inam və etimadının güclənməsinin, vətəndaş məmnunluğunun təmin edilməsinin başlıca şərtlərindən biridir.

Həmçinin, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cəmiyyətin mənəvi dəyərlərinə böyük zərbə vuran, bir çox ağır cinayətlərin törədilməsinin əsas səbəblərindən olan narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə görülən işlərin vəziyyətinin müzakirə edilməsinin və qarşıda duran vəzifələrin müəyyənləşdirilməsinin vacibliyi də vurğulanıb.

Gündəlikdəki birinci məsələ ilə bağlı DİN Katibliyinin rəisi, polis general-mayoru Səfər Əliyev məruzə ilə çıxış edib. O, bildirib ki, bütövlükdə "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" 2003-cü il 24 noyabr tarixli Fərmanın və "Açıq hökumətin təşviqinə dair" Milli Fəaliyyət Planının aidiyyəti müddəalarının icrası uğurla davam etdirilir.

Belə ki, son 3 ilə yaxın müddətdə Nazirliyin rəhbərliyi tərəfindən 6.569, o cümlədən kütləvi informasiya vasitələrində qabaqcadan məlumat verilməklə respublikanın bölgələri üzrə 2.812, habelə ərazi polis orqanlarında 178 mindən çox vətəndaş qəbul edilib. Görülmüş tədbirlərlə cari ilin 9 ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasından daxil olan şikayətlərin sayı 23,7 faiz, Nazirliyə daxil olan şikayətlərin sayı 17,7 faiz, o cümlədən təkrar şikayətlərin sayı 25,7 faiz azalıb. Ümumilikdə, 55 şəhər və rayonun sakinlərindən polis əməkdaşları barədə daxil olan şikayətlərin sayında nəzərəçarpacaq azalma qeydə alınıb. Həmin dövrdə Nazirliyə 2 minə yaxın həm fərdi, həm də kollektiv minnətdarlıq məktubları daxil olub.


Xəbərə aid foto