Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Moskvada “Nəsimi şeir, sənət və mənəviyyat Festivalı” keçiriləcək


Kriminal 16 Noy 2018 10:43:47 267 0

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Moskvada “Nəsimi  şeir, sənət və mənəviyyat Festivalı” keçiriləcək

Noyabrın 19-20-də Rusiyanın paytaxtı Moskvada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Nəsimi - şeir, sənət və mənəviyyat Festivalı" keçiriləcək. Layihə Şərqin dahi şair və mütəfəkkirlərindən biri olan İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığının təbliği və iki ölkə arasında mədəni-ədəbi əlaqələrin genişləndirilməsi məqsədi daşıyır.

Son.az xəbər verir ki, Fonddan Trend-ə verilən məlumata görə, festival çərçivəsində Moskva Beynəlxalq Əlaqələr İnstitutunda İmadəddin Nəsiminin büstünün açılış mərasimi keçiriləcək. Açılış zamanı Nəsimi poeziyasından müxtəlif nümunələr də səsləndiriləcək.

Festival zamanı, həmçinin M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Asiya və Afrika Ölkələri İnstitutunda Nəsimi yaradıcılığına həsr olunmuş tədbir keçiriləcək. Çıxışlarda İmadəddin Nəsiminin Azərbaycan poeziyasının inkişafında oynadığı roldan, dünya mədəniyyəti və ədəbiyyatına verdiyi töhfədən bəhs olunacaq. Tədbirdə MDU-nun tələbələri Nəsiminin şeirlərini müxtəlif dillərdə səsləndirəcək, həmçinin Azərbaycandan olan aktyorların ifasında "Mərhəba" musiqili-poetik tamaşası təqdim ediləcək.