Elmar Məmmədyarov gürcüstanlı həmkarı ilə görüşüb FOTO


Siyasət 29 Okt 2018 18:22:00 246 0

Elmar Məmmədyarov gürcüstanlı həmkarı ilə görüşüb  FOTO

Azərbaycan, Gürcüstan və Türkiyə XİN-in İstanbulda keçirilən 7-ci Üçtərəfli Görüşü çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstandan olan həmkarı, xarici işlər naziri David Zalkaliani ilə görüşüb.

Azərbaycan XİN-dən Son.az-a verilən məlumata görə, nazirlər regionda ölkələr arasında əməkdaşlıq əlaqələrinin inkişafı baxımından ənənəvi hal almış üçtərəfli formatda keçirilən görüşlərin əhəmiyyətini vurğulayıblar.

Strateji tərəfdaşlıq və mehriban qonşuluğa əsaslanan əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyini qeyd edən nazirlər Cənubi Qafqaz regionundakı mövcud münaqişələrin sülhü, təhlükəsizliyi, sabitliyi və iqtisadi inkişafı təhlükə altına aldığını, bu səbəbdən status-kvonun davamlı olmadığını və qəbuledilməzliyini xüsusilə vurğulayıblar. Bu xüsusda nazirlər Azərbaycan və Gürcüstanın beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, bir-birilərinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini dəstəklədiklərini bir daha bəyan ediblər.

Regionda həyata keçirilən mühüm layihələr ətrafında fikir mübadiləsi aparan nazirlər 30 oktyabr 2017-ci il tarixində açılmış Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinin bütövlükdə regionun iqtisadi inkişafına böyük töhfə verəcəyinə əminliklərini vurğulayıblar.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinin iqtisadiyyat, ticarət, energetika sahələri, eləcə də qarşılıqlıq maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


Xəbərə aid fotolar