Vüqar Rəhimzadə: "Azərbaycanın tolerantlıq, multikulturalizm təcrübəsi dünyaya nümunədir"


Siyasət 26 Okt 2018 18:34:00 304 0

Vüqar Rəhimzadə: "Azərbaycanın tolerantlıq, multikulturalizm təcrübəsi dünyaya nümunədir"

"Azərbaycan iqtisadi, siyasi, humanitar mərkəzə çevrilib. Bu reallığı da qeyd etməliyik ki, əvvəllər həqiqətlərimizi dünya ictimaiyyətinə çatdırmaq üçün bu və ya digər ölkələrə səfər etməyə ehtiyac yaranırdısa, bu gün hər həftə, hər ay Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməklə bu istəyini gerçəkləşdirir. Dövlətimizin xarici siyasətinin çevikliyi və açıqlığı istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafına və yeni istiqamətlər üzrə davam etdirilməsinə  yol açır. Ümumilikdə bu uğurlarımız düşünülmüş və məqsədyönlü siyasətimizdən, eyni zamanda, Azərbaycanın yerləşdiyi coğrafi məkandan və malik olduğu təbii resurslardan səmərəli istifadəsindən  qaynaqlanır". 

Son.az bildirir ki, bu fikirləri YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ölkəmizin ev sahibliyi etdiyi VI Beynəlxalq Humanitar Forumun yekunları ilə bağlı KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, Azərbaycan müasir dünyanın bütün çağırışlarını yüksək səviyyədə cavablandırır, qarşıya qoyulan məqsədlərə  çatmaq üçün birgə səylərin, təcrübə mübadiləsinin zəruriliyini əsaslandırır. Azərbaycanın tolerantlıq, multikulturalizm təcrübəsi dünyaya nümunədir, ölkəmiz daim  İslam həmrəyliyinə, multukultural cəmiyyətlərin formalaşmasına davamlı töhfələr verir.

YAP Siyasi Şurasının üzvü bildirib ki, dövlətimizin başçısı cənab  İlham Əliyevin Forumdakı nitqində də   dünyaya önəmli   mesajlar öz əksini tapıb. Belə ki, Azərbaycanın humanitar fəlakətlə üzləşdiyini vurğulayan cənab  İlham Əliyev işğalçı Ermənistanın beynəlxalq qurumların qəbul etdiyi qərar və qətnamələrə məhəl qoymadığını, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozduğunu tədbir iştirakçılarının diqqətinə çatıraraq, bir daha dövlətimizin dəyişməz mövqeyini bəyan etmişdir: "Azərbaycan heç vaxt işğalla barışmayacaq, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bunu tarixi ədalət və beynəlxalq hüquq tələb edir". 

Vüqar Rəhimzadə Forum iştirakçılarının say tərkibində nəzərə çarpan artımı  Azərbaycanın beynəlxalq münasibətlər sistemində  yeri və  rolunun, eyni zamanda,  müxtəlif mədəniyyətləri və dinləri bir araya gətirən  belə mötəbər tədbirlərə  marağın göstərici kimi qeyd edib: "Hər bir tədbir  gündəmə gətirilən  məsələnin, mövzunun müzakirəsi baxımından  əhəmiyyətlidir. VI Beynəlxalq  Humanitar Forumun mövzusu da bu günümüzün çağırışlarından  birini özündə əks etdirir: ""Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı"

"İki sahil" qəzetinin Baş redaktoru onu da bildirib ki, dünyada münaqişələrin, toqquşmaların baş verdiyi, gərginliklərin artdığı bir zamanda  bəşəriyyəti narahat   edən məsələlərin  müzakirəsi  əhəmiyyətlidir.  Dünyanın bugünkü mənzərəsi  belədir: beynəlxaq hüquq problemi yaşanır, maraqlar  ədaləti üstələyir, dünya  ikili yanaşmalardan xilas ola bilmir.  Bu bəyanat dövlətimizin başçısı İlham Əliyev tərəfindən bütün tədbirlərdə bəyan edilir ki,  beynəlxalq hüquq normaları bütün dövlətlərə eyni şəkildə  tətbiq olunmalı, vahid mexanizm müəyyənləşdirilməlidir. Bu, dünyada ədalət  meyarını unutmamağa bir çağırışdır.  Tolerantlığı, multikulturalizmi dövlət siyasətinin əsası kimi qəbul edib, sivil,  hüquqi, demokratik dövlət quruculuğu yolunda inamlı addımlar atan,  bütün azadlıqların ölkəmizdə qorunmasına səy göstərən, ən əsası yenilikçi  ölkə kimi tanınan Azərbaycanın belə tədbirlərə ev sahibliyi etməsi əsaslıdır, bugünümüzün uğurlarının təsdiqidir. Dünyanı narahat edən probelmlərin ölkəmizin ev sahibliyi etdiyi tədbirlərdə müzakirə olunması, ümumi yanaşmanın ortaya qoyulması  Azərbaycanın  ölkələr, xalqlar arasında dostluq korpüsü roluna işıq salmaqla yanaşı, eyni zamanda, hər bir məsələnin həllində ədalətli mövqeyə, beynəlxalq hüququn norma və prinsiplərinə önəm verməsinə əsaslanır.

V.Rəhimzadə bildirib ki,  son illərdə dünyada, o cümlədən  Şərq ölkələrində baş verən hadisələr də təsdiqlədi ki, multikulturalizmin alternativi yalnız ksenofobiya, islamofobiya, antisemitizm, irqçilik və ayrı-seçkilik ola bilər.  İslam aləminin ayrılmaz parçası olan, islami dəyərlərə sadiqliyini əməli işi ilə subut edən Azərbaycan  islamofobiyaya qarşı mübarizədə   öz sözünü deyən ölkələrdəndir.

"VI Beynəlxalq Humanitar Forum bir daha  təsdiqlədi ki, Azərbaycan mühüm məsələlərin müzakirə olunduğu önəmli məkandır" deyən V.Rəhimzadə onu da diqqətə çatdırıb ki,   işini uğurla başa çatdıran Forumda müzakirə olunan məsələlər, aparılan diskusiyalar birgə əməkdaşlığa, qarşıya qoyulan məqsədlərə böyük töhfə olacaq.