Böyüklüyün, ucalığın, əbədiyaşarlığın ünvanı Hüseyn Cavid


Kriminal 24 Okt 2018 21:21:00 328 0

Böyüklüyün, ucalığın, əbədiyaşarlığın ünvanı  Hüseyn Cavid

Bu gün Hüseyn Cavidin anadan olmasından 136 il ötür

Cavidin söykəndiyi həqiqətin bircə mənası olub: xalqını, millətini azad, xoşbəxt, vətənini isə sivil dövlətlərin sırasında görmək! Bu həqiqəti tapmaq və ona qovuşmaq yolunda Cavid dövrünün sərt qadağaları, sədləri ilə üzbəüz dayanıb. Onun bədii düşüncəsi, yazıları sənət tariximizin əvəzsiz nümunələrindən biridir. Ümummilli lider Heydər Əliyev unudulmaz dramaturqun yaradıcılığını çox yüksək dəyərləndirərək demişdir: "Hüseyn Cavidi Şərqin Şekspiri adlandırırlar. Ancaq onu bəlkə də Höte ilə müqayisə etmək düzgün olardı. Əsərlərindəki fəlsəfi fikirlərinə görə, ola bilsin, Cavid Şekspirdən də yüksək səviyyəyə qalxmış adamdır. Xalqımız, tariximiz nə qədər yaşayacaqsa, Hüseyn Cavidin irsi də o qədər yaşayacaqdır, yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir".

Ulu Öndərin Hüseyn Cavidlə bağlı əvəzsiz tarixi xidmətlərini bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev davam etdirir. Dövlətimizin başçısının müvafiq sərəncamlarına əsasən böyük sənətkarımızın əsərləri latın qrafikasında çap olunub, anadan olmasının 125, 130 və 135 illiyi dövlət səviyyəsində keçirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu gün görkəmli şair, yazıçı, dramaturq Hüseyn Cavidin anadan olmasından 136 il ötür.

Hüseyn Abdulla oğlu Rasizadə 1882-ci il oktyabrın 24-də Naxçıvan şəhərində dünyaya göz açıb. Musiqini, muğamatı yaxşı bilən, məlahətli səsi ilə tanınan atasının qəzələ vurğunluğu gələcəyin söz ustadı Hüseynə də keçib. O, əvvəlcə mollaxana, sonra Naxçıvan rus-tatar məktəbində (Məhəmməd Tağı Sidqinin "Məktəbi-tərbiyə"sində), Təbrizin "Talibiyyə" mədrəsəsində, İstanbul universitetində təhsil alıb. İstanbuldan yazdığı məktubunda "Əsir olduğum bir şey varsa, o da həqiqət və məhəbbətdir" fikri Hüseyn Cavidin düşüncələrindən xəbər verir. Bu həqiqət və məhəbbətin mənasını isə onun vətənini, millətini azad və xoşbəxt görmək arzusu təşkil edirdi.

İstanbuldan qayıdan Hüseyn Cavid Naxçıvanda, Bakıda, Gəncədə, Tiflisdə müəllimlik edib, habelə bədii yaradıcılıqla məşğul olub. İlk kitabları olan "Ana" və "Keçmiş günlər" Tiflisdə çıxıb. 1918-ci ilin mart hadisələrindən sonra Təbrizə gedən şairin Şeyx Məhəmməd Xiyabaninin "Təcəddüd" qəzetində şeiri dərc edilib. Naxçıvana qayıdan Hüseyn Cavid Mişkinaz xanımla evlənib. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Hüseyn Cavidin Abdulla Şaiqlə birgə yazdığı "Ədəbiyyat dərsləri" ortaq türk ədəbiyyat tədrisinin yaradılması istiqamətində atılan ilk addımlardandır.

Sovet hakimiyyətinin ilk illərində tale ustad sənətkarı sanki sınağa çəkirdi. Qardaşını, qızını itirir. Xanımı cərrahiyyə əməliyyatı olunur. Ehtiyac ucbatından şəxsi kitabxanasındakı kitabları, dolabındakı paltarları satır... Ədəbi tənqid isə bu dövrü 40 yaşlı Hüseyn Cavidin yaradıcılığında "məfkurəvi tərəddüd və böhran" adlandırıb. Halbuki o, bu illərdə "Peyğəmbər" və "Topal Teymur" əsərlərini yazıb.

1937-ci il iyunun 4-ü və ondan sonrakı hadisələr dahi sənətkarın ideya-məfkurə istiqamətini zərrə qədər də dəyişə bilməyib.

Milli poeziyamızda fəlsəfi lirikanın təkrarsız nümunələrini yaratmış Hüseyn Cavid mənzum faciələri və tarixi dramları ilə Azərbaycan dramaturgiyasında yeni mərhələ açıb. Onun yaradıcılığı Şərqin estetik fikir tarixi və dünya romantizm ənənələri ilə sıx bağlı olub. Dahi sənətkarın zəngin irsinə "Keçmiş günlər", "Bahar şəbnəmləri" şeirlər silsiləsi, "Azər", "Kor neyzən" poemaları, "Ana", "Maral", "Şeyx Sənan", "İblis", "Şeyda", "Uçurum", "Afət", "Peyğəmbər, "Topal Teymur", "Knyaz", "Səyavuş", "Xəyyam", "İblisin intiqamı" dramları, ədəbi, elmi, ictimai baxışlarını əks etdirən məqalələri, məktubları daxildir. "Atilla" (Gözəl Eyida), "Çingiz", "İblisin ilhamı", "Telli saz", "Şəhla", "Koroğlu" adlı əsərləri isə müsadirə olunub.

"Mənim Tanrım gözəllikdir, sevgidir", - deyən Hüseyn Cavid dramaturq olmazdan öncə romantik şair, sevgi və gözəllik aşiqi kimi tanınıb. Onun poeziyasında dərin həyat fəlsəfəsi, sağlam məntiq, insan kamalına möhkəm inam öz əksini tapıb.