Səudiyyə ABŞı Rusiya ilə qorxudur


Siyasət 17 Okt 2018 12:35:33 343 0

Səudiyyə ABŞı Rusiya ilə qorxudur

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanını suçlamaq fikrindən uzaqdır. Lakin ABŞ ilə Ər-Riyad arasındakı münasibətlər çox çətin dövrə qədəm qoyub.

Amerikalı siyasi ekspertlər belə deyirlər. Səbəb jurnalist Camal Haşoqqinin Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda qətlə yetirilməsidir.

Son.az bildirir ki, oktyabrın 2-də səudi jurnalist, Səudiyyə Ərəbistandakı kral ailəsinə kəskin müxalifətdə olan Camal Haşoqqi ölkəsinin İstanbuldakı baş konsulluğunun binasına girəndən sonra itkin düşüb.

Bu isə ABŞ-da böyük qəzəblə qarşılanıb. Haşoqqi ötən ildən ABŞ-da yaşayırdı, The Washington Post-un köşə yazarı idi.

Səudiyyə Ərəbistanına qarşı sanksiyalar tələb edənlərin sayı artır.

Sabiq prezident Barak Obamanın dönəmində ABŞ Konqresində JASTA ("Terrorizm sponsorlarına qarşı ədalət") qəbul olunmuşdu. Qanun 2001-ci ilin sentyabrın 11-dəki məşum teraktlarla bağlı idi və həlak olanların ailələrinə Səudiyyə Ərəbistanına qarşı təzminat iddialarını məhkəməyə yollamağa imkan verib.

Amerikalı konqresmenlər isə Ər-Riyada qarşı JASTA ilə bahəm, "Maqnitski Aktı"nın da tətbiq olunmasını istəyirlər. "Maqnitski Aktı" işgəncələr, məhkəməsiz qətllər və insan haqlarının digər pozuntularında suçlanan insanların məsuliyyətə cəlb olunmasını nəzərdə tutur.

Yəni hazırda Haşoqqinin qətli Konqres ilə Donald Tramp arasında yeni qarşqıdurma yaradıb.

Səudiyyə Ərəbistanı mediası isə sanksiyaların tətbiq olunacağı təqdirdə "Ər-Riyadın çox sərt cavab verəcəyi" ilə bağlı yazılarla doludur.

Səudi ekspertlər vurğulayırlar ki, ABŞ vəziyyəti gərginləşdirərək qarşıdurma həddinə çatdırarsa, Səudiyyə Ərəbistanı ABŞ-dan hərbi texnika və silah almağı dayandıracaq, Rusiyaya üz tutacaq.

"Belə olarsa, Səudiyyə öz ərazisində Rusiyanın hərbi baza yaratmasına icazə verəcək, hətta İranla da münasibətlərini normallaşdırmağa çalışacaq", - səudi ekspertlər yazırlar.