Avrasiyada inteqrasiyaya məsul şəxs: Azərbaycanı niyə və necə "dağıtmaq" arzusundadır?


Siyasət 08 Okt 2018 21:04:00 291 0

Avrasiyada inteqrasiyaya məsul şəxs: Azərbaycanı niyə və necə "dağıtmaq" arzusundadır?

Son.az bildirir ki, Newtimes.az analitik məqalə ilə çıxış edib. Məqaləni oxucularımıza təqdim edirik:

Həqiqəti deməyə hər kəsin cəsarəti çatmır. Hamıdan da ədalət gözləməyin mənası yoxdur. Lakin siyasətlə məşğul olan insan üçün müəyyən siyasi və diplomatik etiket mövcuddur. Konstantin Zatulində bu keyfiyyət yoxdur. O, Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədrinin birinci müavinidir. Özü də Avrasiya miqyasında guya inteqrasiya məsələlərinə sorumludur. Bu zat bəyanat verir ki, Ermənistan Azərbaycanı "dağıda bilər". Hansı MDB ölkəsində kimin nə deməsindən asılı olmayaraq, tutduğu vəzifə K.Zatulinin obyektiv, məsuliyyətli və tarazlı ifadələr işlətməsini tələb edir. O, MDB-nin üzvü olan bir ölkənin digərini "dağıda biləcəyi" haqqında sərsəm və əsassız fikirlər ortaya atmamalıdır. Üstəlik, bir adam inteqrasiya və xaricdə yaşayan ruslarla əlaqələrə məsuldursa, o, son dərəcə incə, ehtiyatlı və ədalətli olmalıdır. Bu tezislərin işığında K.Zatulinin söylədiyi bir sıra fikirlərin analizinə ehtiyac duyduq.

Tərəfkeşlik: MDB rəsmisinə yaraşmayan mövqe

Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin yerində deyil. Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələri inkişaf etdirməklə məşğul olmaq əvəzinə Zatulin soyadlı zat ermənipərəstliklə məşğul olur. Özü də artıq uzun illərdir ki, bunun belə olduğu məlumdur. Maraqlıdır, o halda bu adamı niyə o cür məsuliyyətli vəzifədə saxlayırlar? Kimlər bunda maraqlıdır? Rusiya kimi böyük bir dövlətdə hər halda bu suala cavab verən tapılar. Ancaq bizim üçün əhəmiyyətli olan bir sıra düşündürücü məqamlar mövcuddur.

K.Zatulin əslən Tbilisidəndir. Onun Gürcüstanla bağlı mövqeyi isə antigürcü xarakterlidir. K.Zatulin Cənubi Qafqazdakı separatçılığı insan haqları, öz müqəddəratını təyinetmə prinsiplərinə görə və ya demokratiya naminə deyil (bu ibarələr adətən Qərbin ikili standartlar siyasəti yeridən dairələri üçün "keçərlidir", Zatulin isə o zatlardan deyil), erməni mənafeyinə görə müdafiə edir. Bu, onun Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya ilə əlaqədar söylədiyi fikirlərdən tam açıq görünür.

Bu dəfə K.Zatulin daha irəli gedərək, Rusiyanın dövlət maraqlarını erməni mənafeyinə "keçi qiymətinə" satıb. O, Azərbaycan parlamentinin üzvünün Dağlıq Qarabağın və ətraf rayonların işğal edilməsi ilə bağlı müstəqil deputat olaraq bildirdiyi fikrə çox ziddiyyətli şərh verib. Hiss olunur ki, K.Zatulini nə həqiqət, nə Rusiyanın dövlət maraqları maraqlandırmır - onun məqsədi erməni işğalına haqq qazandırmaqdan ibarətdir. Hətta bu, vətəndaşı olduğu Rusiyanın maraqlarını tapdalamaq naminə olsa belə!

Azərbaycan parlamentinin müstəqil üzvü "Rusiya Dağlıq Qarabağı işğal edib" - deyəndə, konkret olaraq Boris Yeltsin dönəmində Rusiya hakimiyyətindəki bir sıra dairələrin Ermənistana açıq-aşkar yardım etməsini nəzərdə tutur. Həmin dairələrin İrəvana hərbi, siyasi, diplomatik dəstək verdiyi sirr deyil və bu, rusiyalı məşhur ictimai-siyasi xadim, filosof, sosioloq, M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin professoru, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin tərəfindən də açıq bildirilib. A.Duqin Cocuq Mərcanlıdakı "Bakı-Moskva geosiyasi oxu. Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə tərəfdaşıdır" adlı konfransdan sonra aydın deyib ki, B.Yeltsin Rusiyası Ermənistana Dağlıq Qarabağı və ətraf rayonları işğal etməkdə yaxından kömək edib. Yəni bu fikri ilk deyən azərbaycanlı deputat deyil. Digər tərəfdən, həmin deputat siyasi hakimiyyəti təmsil etmir, o, müstəqil deputatdır. Rusiya Dumasında müstəqil fikir ifadə edən deputatlar yoxdurmu? Azərbaycana iftiralar yağdıran rus parlamentarlar yoxdurmu? Cavab aydındır.

Bundan başqa, bir sıra Rusiya şirkətləri Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin razılığı ilə iş görürlər. Onlar bizneslə məşğul olurlar, Azərbaycanın sərvətlərindən istifadə edirlər və bununla bağlı Azərbaycan hökumətindən heç bir icazə almayıblar. Axı, Azərbaycan həmin ərazilərin işğal edildiyini dəfələrlə bəyan edib. Rusiya da bunu tanıyıb. Əlavə olaraq MDB üzvü kimi Azərbaycanın konkret öhdəlikləri olduğu kimi, hüquqları da vardır. Bütün bunları necə gözardı etmək olar?

Sonra, K.Zatulin Q.Həsənquliyevdən fərqli olaraq MDB-nin rəsmi şəxsidir. Bu adam həmin təşkilata üzv olan hər bir ölkənin maraqlarını bərabər səviyyədə gözləməlidir. O isə bir azərbaycanlı müstəqil deputatın fikrini hər şeydən öncə, əsassız olaraq rəsmi Bakının mövqeyi kimi təqdim etməyə çalışmaqla ilk böyük səhvini edir, üstəlik, MDB üzvü olan bir ölkənin "dağıla biləcəyi" haqqında əsassız, qeyri-obyektiv fikir söyləyir. Özü də bu "dağılmanın" Ermənistanın növbəti hərbi təcavüzü nəticəsində baş verəcəyini utanmadan ifadə edir.

Sual olunur: Avrasiya inteqrasiyası və xaricdə yaşayan rusların işləri üzrə məsələlərlə məşğul olan bir rəsmi şəxs belə məsuliyyətsiz və məntiqsiz, qeyri-diplomatik fikir bildirirsə, kimə xidmət edir? K.Zatulin faktiki olaraq bu antirusiya mövqeyi ilə sübut etmirmi ki, B.Yeltsin dönəmində ermənipərəst mövqe tutanlar sırasında o da varmış? Yəni Ermənistana silah-sursat verməklə, ona hərtərəfli yardım göstərməklə K.Zatulin də insanların həlak olmasına görə məsuliyyət daşımırmı? Biz bunun konkret detalları haqqında bir şey deyə bilmərik, sadəcə, K.Zatulinin özünün "məntiqinin" məntiqi və ya məntiqsiz aspektindən tutaraq dərinliyə varanda hansı absurd məqamların üzə çıxdığına işarə vermək istəyirik. Özü də həmin məqamlar ilk növbədə Rusiyanın indiki mərhələdəki xarici siyasətinə tamamilə uyğun deyil.

Məsələn, Rusiya Prezidenti Vladimir Putin dəfələrlə ifadə edib ki, Azərbaycanla Rusiya strateji tərəfdaşlıq səviyyəsində əlaqələrə malikdirlər. Azərbaycan postsovet məkanında rus dilinə, mədəniyyətinə və dövləti maraqlarına ən hörmətlə yanaşan ölkədir. Cənab K.Zatulin bu ölkəni "dağıtmağımı" arzulayır? Bəlkə o, diqqətini Ermənistanda nəyə görə rusların qalmadığı problemini çözməyə yönəltsin? Çünki bu onun birbaşa vəzifəsidir. Əgər K.Zatulin Bakıya gəlsə, onda burada yaşayan ruslar ona başa salarlar ki, Azərbaycanda ən rahat yaşayanlar elə ruslar və rusdillilərdir. Onların hüquqlarını zatulinlərin qorumasına əsla ehtiyac yoxdur - Azərbaycan hakimiyyəti bu istiqamətdə lazım olan addımları atır.

Yanlış təyinat: səhvi kim düzəldəcək?

Təbii ki, Azərbaycan dövləti emosiyalara və məntiqsiz insanların söylədiklərinə görə siyasət yeritmir. Azərbaycan demokratik dövlətdir, burada multikulturalizm dövlət siyasətidir və "azərbaycanlı ruslar" da tamhüquqlu vətəndaşdırlar. Sadəcə, zatulinlər ürəkbulandıran və erməni təxribat maşınının "kif iyi verən" cümlələrilə dinc insanlara problem yaratmağa çalışmasınlar. Bizim də səbrimizin bir həddi var.

Məsələnin siyasi aspekti daha vahiməlidir. Çünki Konstantin Zatulin Avrasiyada inteqrasiya məsələləri ilə birbaşa məşğul olmaq üçün təyin edilmiş adamdır. Kreml xarici siyasətdə bu istiqamətə çox ciddi fikir verir. Demək olar ki, Avrasiyada inteqrasiya məsələsi Moskvanın qlobal miqyasda yeritdiyi siyasətin mərkəzi punktudur. Özü də strateji xarakterli faktordur.

K.Zatulin isə birbaşa deyir ki, Azərbaycan "dağıla bilər", çünki o, kifayət qədər sabit və stabil dövlət deyil, neft və qazdan əldə edilən gəlirlər cəmiyyət üçün xərclənmir. Bunlar ağ yalandır. Azərbaycan Cənubi Qafqazın iqtisadi və siyasi olaraq lider dövlətidir. Rəsmi Bakının həyata keçirdiyi beynəlxalq layihələr və apardığı islahatlar çox ciddi müsbət nəticələr verib. Azərbaycana gələn hər bir xarici siyasətçi və ya diplomat ilk növbədə burada gördüklərindən heyrətə gəlir və bunu gizlətmirlər. Azərbaycan müstəqillik dönəmində öncə Rusiya imperiyasının, sonra sovetlərin tərkibində olduğu 300 ilə yaxın bir dövrdə nail ola bilmədiyi inkişafa çatıb və bu proses davam edir. Bəlkə, ermənilərlə bərabər zatulinləri məhz bu inkişaf və tərəqqi narahat edir?

Tamamilə mümkündür. Çünki K.Zatulin ən azından Azərbaycan dövlətinin rus mədəniyyəti, rus dili və dini məbədləri üçün xərclədiyi vəsaiti yada salıb, qarayaxma kampaniyasından utanardı! Bakının mərkəzində rus pravoslav kilsəsi var. Azərbaycan hakimiyyəti xarici ölkələrdə hətta ermənilərin dini məbədlərinə yardım edir. Yəhudilərin sinaqoqlarına yardım göstərir. Bakıda yaşayan rusların işlə təminatı yüksək səviyyədədir. Heç bir iş yerində ruslarla rus dilindən başqa dildə danışan yoxdur. Hətta etnik azərbaycanlılar belə burada ruslarla rus dilində danışırlar. Bu cür qayğının üstündən xətt çəkmək fikrinə düşənlər ilk növbədə Rusiya dövlətinin, xalqının və mədəniyyətinin düşmənidirlər! K.Zatulin də o sıradadırsa, bu, Dumanın və müəyyən siyasi qüvvələrin daxili problemidir.

Əslində, K.Zatulin kimiləri nə Kremlin xarici siyasətini dəyişə bilərlər, nə də Azərbaycanı gözdən salmağı bacararlar. Onların danışmağının, hay-küylərinin başqa səbəbləri vardır. Məsələ belədir ki, ermənilər və onların züy tutanları yaxşı bilirlər ki, Azərbaycan hər cəhətdən Ermənistandan güclüdür. Belə olmasaydı, sarkisyanlar, paşinyanlar Moskvaya, Berlinə, Parisə və Vaşinqtona qaçıb yalvarmazdılar ki, "amandır, Azərbaycan hərbi əməliyyatlara başlamasın". Belə olmasaydı, N.Paşinyan Prezident İlham Əliyevin arxasınca qaçıb, "müharibə olmasın" deyə xahiş etməzdi və dərhal Dağlıq Qarabağdakı terrorçulara sevincək nəsə deməzdi.

Bəli, ermənilərlə yanaşı, K.Zatulin də bilir ki, Azərbaycan Cənubi Qafqazda ən güclü iqtisadiyyata və ən güclü orduya malikdir. Çox qısa müddətdə bu ordu Ermənistan silahlı qüvvələrini darmadağın edə bilər. Bu səbəbdən zatulinlər hay-küy salırlar. Lakin xeyri yoxdur, Azərbaycan rəhbərliyi və ordusu lazımi cavabı verəcək. Bu cavab isə birmənalıdır: Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir! Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək! Bir qarış torpaq belə təcavüzkara verilməyəcək!