"Üzdəniraqlara nifrət edirəm"


Siyasət 08 Okt 2018 10:18:00 245 0

"Üzdəniraqlara nifrət edirəm"

Braziliyada keçirilən prezident seçkilərinin ilk turunda ifrat sağçı, radikal Sosial-Liberal Partiyanın lideri Jair Bolsonaru qalib gəlib.

Son.az El Pais-ə istinadən bildirir ki, səslərin artıq 95,5 faizi hesablanıb. Braziliyanın Ali Seçki Məhkəməsinin yaydığı açıqlamaya görə, ölkə mediasında "Braziliyanın Trampı" adlandırılan Bolsonaru səslərin 46,7 faizini toplayıb.

Solçu Zəhmətkeşlər Partiyasının namizədi, San-Paulu şəhərinin sabiq meri Fernandu Addad 28,3 faiz səslə ikinci yerdədir.

Demokratik Fəhlə Partiyasının namizədi Siru Qomeş 12,5 faiz səslə 3-cü, Braziliya Sosial-Demokrat Partiyasından olan Jeraldu Alkmin isə 4,8 faiz səslə 4-cü yerdədir.

Bazar günü Braziliyada prezident, qubernatorlar və parlament seçkiləri keçirilib.

Prezident seçkilərinin ikinci turu oktyabrın 28-də keçiriləcək.

63 yaşlı Jair Bolsonaru ifrat sağçı, radikal və şovinist mövqelərdən çıxış edir.

Qaçqınları və miqrantları "zibil" adlandıran Bolsonaru mitinqlərdə deyib: "Günlərin birində oğlum gəlib desə ki, kişiyə vurulub - onu öldürərəm. Üzdəniraqlara nifrət edirəm. Homoseksualları təqib etmək, onları öldürmək niyyətim yoxdur. Lakin küçədə iki kişinin öpüşdüklərini görsəm, ikisini də döyərəm", - Bolsonaru demişdi.

Sabiq desantçı və ordu kapitanı Jair Bolsonarunun uğurunun səbəbi onun seçkiqabağı təbliğatının "xalqa hesablanmış" olmasıdır.

Narkotacirlərlə, rüşvətxor məmurlarla və öz mənafeyini xalqın maraqlarından üstün tutan siyasətçilərlə amansız mübarizə aparacağını deyən Bolsonaru odlu silah satışlarını məhdudlaşdıran qanunların yumşaldılmasını təklif edir.

Yerli siyasi şərhçilər onu ABŞ prezidenti Donald Trampa və Filipppinin dövlət başçısı Duterteyə bənzədirlər.

Bolsonaru ölkədə tüğyan edən kriminalitet və cinayətkarıqla sərt mübarizə aparacağını da vəd edir.

Braziliyada bu "sahə"də vəziyyət fəlakət həddindədir. Belə ki, ölkədə ildə 62 min qətl, bir o qədər də qarət və zorlanma qeydə alınır. Narkokartellərin sayı artır, narkobaronlar özlərini narahat hiss etmirlər.

Bolsonarunun qələbəsinin əsas səbəbi isə 147 milyon əhalisi olan Braziliya vətəndaşlarının mövcud siyasi sistemə inamlarının azalması, iqtisadi geriləmə və işsizlik problemlərinin həlli sahəsində hakimiyyəti bacarıqsız saymalarıdır.

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar