"Uçurum" serialının Kamranı bunları İLK DƏFƏ AÇIQLADI: "Torbamı elə tikdilər ki..." FOTO


Kriminal 05 Okt 2018 08:26:00 356 0

"Uçurum" serialının Kamranı bunları İLK DƏFƏ AÇIQLADI: "Torbamı elə tikdilər ki..."  FOTO

Son.az bildirir ki, həftəiçi hər gün ARB kanalında yayımlanan "Uçurum" serialında Kamran obrazını canlandıran məşhur və istedadlı aktyor Murad İsmayıl publika.az-a müsahibə verib.

"Yaşıdlarımdan fərqlənirdim"

- Sizi teatr və ya kinoya gətirən təsadüf idi, ya zərurət? İlk dəfə istedadınızı nə zaman kəşf etmisiniz və niyə aktyor olmağa qərar verdiniz?

- Rus bölməsində oxumuşam. Məktəbdə dördüncü sinfi başa vuran şagirdlər üçün son zəng tədbirləri təşkil olunurdu, konsert şəklində tamaşalar və kiçik səhnəciklər hazırlanırdı. Uşaq vaxtı bir neçə səhnəcikdə oynamışam, şeir söyləmişəm. Yaşım az olsa da, istər müəllimlərim, istərsə də valideynlərim fərqində idi ki, məndə aktyor istedadı var. Bu mənada yaşıdlarımdan fərqlənirdim. Lakin düşünmürdüm ki, gələcəkdə bu işlə ciddi məşğul olaram.

Əslində incəsənətə sonsuz məhəbbətim musiqi ilə başlayıb. 2005-dən 2009-cu ilə qədər sinifdə arxada oturub başımı partaya qoyub özümçün mahnı oxuyardım. Əlbəttə ki, müəllimlər bu zərərsiz şıltaqlığımı gündəlikdə 2 ilə mükafatlandırmağı unutmurdu. Beş illik musiqi məktəbini bitirmişəm. Daha sonra 9-cu sinifdən çıxıb incəsənətlə heç bir əlaqəsi olmayan dənizçilik ixtisası üzrə təhsil almışam. Oranı bitirdikdən sonra Mədəniyyət və İncəsənət Universitetinin Musiqili teatr aktyoru ixtisasına daxil olmuşam. O ixtisası seçmişdim ki, həm teatr, həm də vokalla məşğul ola bilim. Opera və Balet Teatrının solisti Əli Əhməd İbrahimov səsim üzərində çox çalışıb.

- Sənətdəki ilk addımlarınızdan bəhs edə bilərsiniz?

- Tələbəlik illərində Akademik Milli Dram Teatrının studiyasının üzvü olmuşam. Orada iki il Əməkdar artist Vidadi Həsənov, Xalq artistlər Pərviz Məmmədrzayevin və Məmmədsəfa Qasımovdan dərs almışam. Daha sonra Xalq artisti Bəsti Cəfərovanın "Nağıllar aləminə səyahət" adlı ilk uşaq tamaşasında oynamışam. Ərşad Ələkbərovun rejissorluğu ilə Fuad Poladov, Mehriban Zəki, Sabir Məmmədov kimi sənətkarlarla "Müsyo İbrahim və Quran Çiçəyi" tamaşasında rol almışam. Həmin tamaşada oynamaq mənim üçün bir şans idi. Yeri gəlmişkən, bu roluma görə Gənclər və İdman Nazirliyi tərəfindən 2015-ci ilin ən yaxşı gənc aktyoru mükafatına layiq görülmüşəm. Daha sonra üç il "Vicdan haqqı" serialına çəkildim, hazırda isə "Uçurum" serialında Kamran obrazını canlandırıram. Eyni zamanda, Rus Dram Teatrında çalışıram.

"Bir milyondan çox izlənilib"

- "Uçurum" serialı haqqında danışaq. Sizcə, "Vicdan haqqı"nın reytinqlərini üstələyə biləcəksiniz?

- Hələ təzə başlamışıq. Reytinqi üstələmək barədə bir söz deyə bilmərəm. Çünki "Vicdan haqqı" yutubda artıq bir milyondan çox izlənilib. Düşünürəm ki, "Uçurum" ən çox izlənən seriallardan biri olacaq.

- Serialın baxımlı olmasına təsir edən amillər hansılardır: ssenari, aktyor seçimi və ya aktyor oyunu?

- Ən əsası ssenaridir, rejissor və aktyorlar sonra gəlir. Ssenari yaxşı olmalı, aktyor yaxşı seçilməli, rejissor öz işinin ustası olmalıdır ki, tamaşaçı baxıb zövq alsın. Düşünürəm ki, bizdə hər şey öz yerindədir.

- Murad bəy, özünüzü nə zamansa vahiməli uçurum kənarında hiss etdiyiniz anlar olub və oradan necə geri dönmüsünüz?

- Heç vaxt olmayıb.

- Xoşbəxt insansınız ki, həyat üzünüzə hər zaman gülüb...

- Mən şanslı adlandırardım. Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün çox çalışan iddialı gəncəm. Bəlkə də Azərbaycanda 20 yaşında "İlin ən yaxşı gənc aktyoru" seçilən ilk mən olmuşam.

Akademik Milli Dram Teatrında Fuad Poladovla eyni tamaşada neçə il çiyin-çiyinə baş rolu ifa etmək və rejissor Ərşad Ələkbərovla çalışmaq kimi qazanca sahib olmuşam. Sıfırdan başlayaraq yuxarı qalxdım və Fuad bəylə baş rolda oynadım.

"Vicdan haqqı" serialının sevilməsi, Rövşən İsaxla çalışmaq imkanı uğurlu insan olduğumu göstərir. Nə qədər istedadlı aktyor olsam da, peşəkar rejissorun əlinə düşməsəydim, indi məndən müsahibə almazdınız.

"İçimdəki qığılcımı görə bilirdi"

- Fuad Poladovun aktyorluğuna, ustalığına, yoxsa sarsılmaz xarakterinə və şəxsiyyətinə pərəstiş edirdiniz?

- Fərqi yoxdur ki, müğənni, aktyor və digər peşə sahibisən, əgər bu sənətdə öz sözünü yaxşı mənada deyirsənsə, gərək həyatda da insan olasan. Əfsuslar olsun ki, nəinki yaşıdlarımızın, böyüklərin də sevgi, hörmət, diqqət və dəstəyinə həsrət qalmışıq... Yaradıcı insanlar bəzən lazım olduğundan artıq paxıl və eqoist davranır. Fürsət güdürlər ki, təki pislik etsinlər.

F.Poladovu Azərbaycan xalqının gözündə uca edən böyük şəxsiyyət olması idi. O, həm zəhmli idi, həm də ustad idi. Bir sözü bir dəfə deyərdi, eşitməsəniz, təkrar etməzdi. Sizi yox sayardı, silərdi və bunu çox gözəl bacarardı. O, içimdəki qığılcımı görə bilirdi, yol göstərirdi, özümə qarşı ancaq dərin sevgi görmüşəm. Onun izi ilə gedərək bacardığım qədər hər kəsə dəstək olmağa çalışıram. İnsanı həyata bağlayan onun nümunəvi əməlləri və gözəl cəhətləridir...

- Özünüzü aktyor kimi təsdiq etmisiniz, yoxsa qət etməli yolunuz hələ çoxdur?

- Bu, tamaşaçının müəyyənləşdirə biləcəyi sualdır. Hər halda olduğum yerdən razıyam, sözsüz ki, qarşıda daha böyük işlər gözləyir. Arzu edirəm ki, Fuad Poladov səviyyəsinə yüksələ bilim.

"Azərbaycan tamaşaçısı hər adamı sevib qəbul edə bilmir"

- Məşhurluğun dadını ilk dəfə nə zaman hiss etmisiniz? O, deyildiyi kimi şirindir, yoxsa acı tərəfləri də var?

- Bir dəfə metroya minəndə anladım ki, artıq tanınıram, insanlar yaxınlaşıb salam verirdi. Kim deyirsə, populyarlıq ona mane olur, səmimiliyinə inanmayın. Düzdür, bəzən maneçilik yaradır, lakin bu, dözülməz dərəcədə deyil, əksinə xoş narahatçılıqdır. Adi bir fəhlənin gəlib səni qucaqlamaq istəməsi, şəkil çəkdirməsi, bir-iki cümlə xoş söz deməsi ovqatı xoş edir. Sənətinlə fəxr edirsən ki, boşuna yaşayıb-yaratmırsan. Burada gileylənməli nə var ki? Azərbaycan tamaşaçısı hər adamı sevib qəbul edə bilmir. Bilirik ki, xalqımız aktyora yaxınlaşıb söz deməyə ehtiyat edir. Tanısalar da, özlərini tanımazlığa qoyurlar, eqosu yüksək millətik. Tamaşaçı bəzən sərt sözləriylə aktyoru həvəsdən sala və ya sındıra bilir. Şükür ki, camaat Murad İsmayılı qəbul edib: özümü də, sənətimi də sevirlər. Heç kəs demir ki, səni yaraşıqlı aktyor kimi bəyənirəm. Görəndə deyirlər ki, "Çox təsirli oynayırsınız". Məsələn, Fuad Poladov heç vaxt razı olmazdı ki, təkcə fakturası olan aktyorla baş rolda oynasın. Əgər bəyənməsəydi, ümumiyyətlə, o aktyorla oynamaqdan imtina edərdi.

- Hər sözünüzdən Fuad bəy üçün darıxdığınız hiss olunur.

- Darıxıram, çox... "Hansı rolu canlandırmaq istərdiniz?" soruşsanız, keçmişə qayıdıb Fuad bəylə "Müsyo İbrahim və Quran çiçəyi"ni yenidən oynamağı seçərdim. Rövşən İsax da hər adamı seriala çəkmir. Odur ki, onun layihələri baxımlı alınır. Deyəsən, çox özümü təriflədim.

- Mümkündür (gülürük).

- Fuad bəy, sənət fədaisi idi, özünü bu yolda qurban verdiyini deyə bilərik. Bəs siz bütün həyatınızı karyera arxasınca qaçaraq xərcləməyə, sənət yolunda qurban verməyə razısınız? Və bu, sizi xoşbəxt edəcək?

- Özümü başqa sahədə təsəvvür edə bilmirəm. Türkiyədə müğənnilər də pul naminə sənətin atıb filmlərdə çəkilir. Bəllidir ki, bizdə aktyorlar böyük pullar qazanmır. Əgər bu gün Azərbaycanda hər hansı şəxs bu sənəti seçirsə, deməli, sənətinin vurğunudur. Sənət eşqi olmasa, heç bir qüvvə məcbur edə bilməz ki, aktyor olasan.

- Dəyər?

- Bu cavabları kimlərsə oxuyursa, dəyər. Demək ki, kimlərəsə maraqlıyıq.

- Həyatdakı nişanlınız Ülviyyə Xəlilbəyli ilə "Uçurum"da tərəf müqabilisiniz. Üstün tərəfləri var?

- Pas...

"Bir-birimizə sevgi dolu baxdığımız səhnə olmayıb"


Xəbərə aid fotolar