RF İctimai Palatasının üzvü: "Azərbaycan postsovet məkanında rus dilinin qorunmasına daha böyük qayğı göstərir"


Siyasət 03 Okt 2018 12:53:41 332 0

RF İctimai Palatasının üzvü: "Azərbaycan postsovet məkanında rus dilinin qorunmasına daha böyük qayğı göstərir"

Azərbaycan bütün postsovet məkanında rus dilinin qorunmasına və inkişafına böyük qayğı göstərən ölkədir.

Son.az xəbər verir ki, bu sözləri Trend-ə özəl müsahibəsində Puşkin adına Dövlət Rus dili İnstitutunun rektoru, Rusiya Federasiyası İctimai Palatasının üzvü Marqarita Rusetskaya deyib.

O vurğulayıb ki, bunu, ilk növbədə, Azərbaycanda rus dilinin tədrisi üzrə statistika nümayiş etdirir:

"Azərbaycanda 300-dən çox məktəbdə rus dili tədris olunur, ali məktəblərdə rus dili öyrədilir. Əlbəttə ki bu, yüksək göstəricilərdir, və bu, bizi Rusiyada sevindirməyə bilməz".

Rektor vurğulayıb ki, Azərbaycanda ən etibarlı tərəfdaşlardan biri Azərbaycan Dillər Universitetidir:

"Məhz bu ali tədris müəssisəsi "Puşkin İnstitutu" tərəfdaş şəbəkəsinə qoşulub. Bu il bizim artıq "Heydər Əliyev: Multikulturalizm və tolerantlıq" beynəlxalq elmi konfransı zamanı həmkarlarımızla görüşlərimiz olub. Bundan başqa, biz "Dastanlar mədəni kodlar kimi" tədris proqramı çərçivəsində əməkdaşlığı genişləndirmək niyyətindəyik. Bu proqram sayəsində Rusiyada və Azərbaycanda rus və Azərbaycan qəhrəmanlıq dastanları əsasında xalqlarımızın mədəni kodu barədə məlumat tədqiq olunacaq".

M.Rusetskayanın sözlərinə görə, bir müddət əvvəl Bakıda keçirilmiş Rusiya-Azərbaycan Regionlararası Forumu zamanı Azərbaycan Dillər Universiteti ilə gələcək əməkdaşlıq barədə saziş imzalanıb:

""Humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi" mövzusunda dəyirmi masa zamanı çıxışımız tədris əlaqələrinin inkişafına həsr olunmuşdu. Rus dilinin daha dərindən tədris olunması ilə maraqlanan hər kəsə biz "Rus dilində təhsil" portalı ilə tanış olmağı təklif edirik. Bundan başqa, biz Azərbaycandakı həmkarlarımızı "Dünyada rus dili səfirləri" könüllü proqramına qoşulmağı çağırırıq".

Gələcək birgə planlar barədə danışan rektor bildirib ki, Puşkin adına Dövlət Rus dili İnstitutunda Azərbaycanın Rusiyadakı diasporunun iştirakı ilə rus dilinin öyrənilməsində əlavə köməyə ehtiyacı olan uşaqlar üçün proqramın açılması planlaşdırılır:

"Layihə üzərində iş üçün Azərbaycan və Rusiya səfirliklərinin nümayəndələri də cəlb olunacaq. Bu cür proqramın həm Rusiyada, həm də Azərbaycanda tətbiqi məqsədəuyğun olardı. Bu, Azərbaycanın Rusiyadakı diasporu ilə əməkdaşlığın yeni mərhələsinə və ümumilikdə Azərbaycanla əməkdaşlıqda müsbət amilə çevrilə bilər".