"Həyat yoldaşıma zəng edib deyirlər ki, yoldaşını qızla görmüşük" Təhminənin "Zauru" FOTO


Kriminal 01 Okt 2018 21:06:00 820 0

"Həyat yoldaşıma zəng edib deyirlər ki, yoldaşını qızla görmüşük"  Təhminənin "Zauru"  FOTO

Aktyor Cövdət Şükürovun Son.az-a müsahibəsi.

- Cövdət, istərdim söhbətimizə yeni çəkildiyiniz "Təhminə və Zaur" serialındakı Zaur obrazınızdan danışmaqla başlayaq. Ümumiyyətlə, Zaur obrazı arzuladığınız rollar siyahısında idi?

- Mən bundan əvvəl bir başqa serialda çəkilirdim. May ayında həmin serial bitər-bitməz Sain Qəhrəman məni "Təhminə və Zaur" serialında Zaur obrazına dəvət etdi. Əlbəttə ki, Zaur arzuladığım obraz idi. Çünki "Təhminə və Zaur" filmi bizim uşaqlığımızın sevgi filmi idi. Uşaq vaxtı kimi sevirdiksə, dərhal bu filmə baxıb, həmin insana eşq elan edirdik. Bəlkə də beynimdə şüuraltı bu obrazı oynamaq istəmişəm. Digər rollarıma böyük həvəslə necə hazırlaşmışamsa bu obraza da elə hazırlaşıram. Xüsusi bir əlavə ruh yüksəkliyi yoxdur.

- Yaraşıqlı aktyor olduğunuza görə sizə daha çox baş rollar verilir. Məncə, siz elə bütün rollarınızda "Zaur" olmusunuz.

- "Cehizsiz gəlinlər" serialında da mən Zaur obrazını oynamışam. Amma o, tam başqa bir Zaur idi.

- Filmdəki Zaurla, serialdakı Zaurun fərqi nədir?

- Mən filmi örnək götürməmişəm, nəticədə biz əsər oynayırıq. Əsərdə bir qədər Zaur qadın düşkünüdür. Bizim serial başqa cür başladığı üçün mən Zaurun "qızbaz" tərəfini göstərə bilməyəcəyəm.

- Serialda açıq-saçıq səhnələr gözlənilir?

- Filmlə serial çox fərqlidir. Serial həftəiçi axşam saatlarında efirdə gedir. Buna evdə qadın da, uşaq da baxır. Açıq-saçıq səhnələri tam göstərə bilmərik. Ona görə bizim sevgimiz tamaşaçıya qaranlıq qalacaq. Biz daha çox əziyyət çəkməliyik ki, o sevgini tamaşaçıya göstərə bilək. O açıq-saçıqlığı bir baxışla, hərəkətlə, sözlə də ifadə etmək olar.

- Bütün qınaqlara hazırsınız?

- Mən inanmıram ki, tamaşaçılar bizi qınasın. Əminəm ki, "Təhminə və Zaur" filmini necə sevirlərsə, serialı da elə sevəcəklər.


Xəbərə aid fotolar