AzərbaycanRusiya münasibətlərinin inkişafı və güclənməsi bizim xeyrimizədir


Siyasət 29 Sen 2018 07:00:00 274 0

AzərbaycanRusiya münasibətlərinin inkişafı və güclənməsi bizim xeyrimizədir

Prezident İlham Əliyevin Prezident Vladimir Putin ilə təkbətək görüşü olub - FOTO "Təcrübə göstərir ki, ölkə liderləri arasında olan səmimi, dostluq münasibətlərinin olması dövlətlər arasında əlaqələrin inkişafına da ciddi şəkildə fayda verir. Prezidentlər arasında məsələlərin açıq şəkildə danışıla bilməsi və məsələlərin həlli ilə bağlı şəxsi təşəbbüslərdən istifadə olunması hər zaman müsbət nəticə verir və ölkələr də hər zaman bundan xeyir əldə edirlər. Bu baxımdan Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında səmimi və dostluq münasibətlərinin inkişaf etməsi də həm Azərbaycan, həm də Rusiya qarşısında duran məsələlərin daha qısa zamanda və daha sürətli həllinə imkan yaradır".

Milli Məclisin İqtisadi Siyasət, sənayə və sahibkarlıq komitəsinin, həmçinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Tahir Mirkişili deyib.

Millət vəkilinin fikrincə, bunu yalnız alqışlamaq lazımdır: "Çünki hər iki prezident bölgədə və dünyada xüsusi siyasi nüfuza malikdirlər. Hər iki dövlət başçısı milli maraqlarını kifayət qədər konstruktiv və sərt şəkildə müdafiə etməyi bacarır. Son zamanlar prezidentlər arasında görüşlərin tez-tez keçirilməsi o deməkdir ki, hər iki ölkə qarşısında qoyulan məsələlərin daha tez və milli maraqlara uyğun formada həll olunmasına çalışılır. Bu çox müsbət amildir".

Onun sözlərinə görə, hazırda Azərbaycan Rusiya üçün önəmli rola malikdir: "Azərbaycan Cənubi Qafqazda aparıcı dövlətdir. Rusiyanın Azərbaycanla olan ticarət dövriyyəsinin həcmi bütövlükdə götürdükdə Ermənistan və Gürcüstanla olan mövcud ticarət dövriyyəsinin həcmindən daha böyükdür. Ona görə də iqtisadi baxımdan Azərbaycan Rusiya üçün daha önəmlidir.

Ermənistan həm Avrasiya İqtisadi Birliyinin, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Lakin son zamanlar, yəni Ermənistanda baş verən inqilabdan və hakimiyyət dəyişikliyindən sonra Rusiya-Ermənistan münasibətlərində soyuqluq və qeyri-müəyyənlik hökm sürür. Ümumiyyətlə, Ermənistanın siyasəti heç zaman səmimi olmayıb. Tarixə də baxanda görürük ki, Ermənistan heç zaman həm Rusiya, həm də Türkiyə ilə münasibətlərdə uzun müddətli konstruktiv və strateji əlaqələr qura bilməyib. Ermənistan gah Rusiyaya, gah Avropaya, gah da ABŞ-a tərəf meyllənir. Bu baxımdan Ermənistanda baş verən son hadisələr bizi heç də təəccübləndirmir. Rusiya ilə münasibətlərin yenidən qurulması ilə bağlı Ermənistan hökumətinin verdiyi bəyanatlar isə bölgədə müəyyən reallıqlar yaradır".

Ümumiyyətlə, T.Mirkişili bu ölkələr arasında münasibətlərin müqayisə edilməsinin qəti əleyhinədir: "Bütövlükdə götürüldükdə, bu gün Azərbaycan-Rusiya münasibətlərini Rusiya-Ermənistan münasibətləri ilə müqayisə etmək tamamilə yanlışdır. Bunlar fərqli formadadır. Azərbaycan-Rusiya münasibətləri daha çox bərabərhüquqlu əsasa söykənirsə, Rusiya-Ermənistan münasibətləri birtərəfli, dominant münasibətlərdir. Çünki Ermənistan iqtisadiyyatının böyük bir hissəsinə Rusiya nəzarət edir, burada Rusiya ordusu yerləşir, bu ölkənin sərhədlərini də məhz Rusiya qoruyur. Son zamanlarda verilən bəyanatlara əsasən demək olar ki, Ermənstanın işğalçılıq siyasətini davam etməsində KTMT-yə bəslədiyi ümidlər də puç olmaqdadır. Yəni Ermənistanın işğalçılıq siyasətini uzun müddət davam etdirməsi artıq qeyri-mümkündür. Bu, bölgədə yeni reallıq yaradır. Bu reallığın fonunda Azərbaycan-Rusiya münasibətlərinin inkişafı və güclənməsi bizim xeyrimizədir".

İlkin İzzət Son.az