Heydər Əliyev Mərkəzində məşhur almaniyalı alim Mixael Hess “Nəsimi dühası müasir kontekstdə” mövzusunda mühazirə deyib


Kriminal 28 Sen 2018 19:04:00 367 0

Heydər Əliyev Mərkəzində məşhur almaniyalı alim Mixael Hess “Nəsimi dühası müasir kontekstdə” mövzusunda mühazirə deyib

Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində Heydər Əliyev Mərkəzində məşhur almaniyalı alim, nəsimişünas Mixael Hessin "Nəsimi dühası müasir kontekstdə" adlı mühazirəsi keçirilib. Mədəniyyət Nazirliyinin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən təşkil olunan Festival ilk dəfə olaraq Azərbaycanda sentyabrın 27-dən 30-dək keçirilir.

Son.az Trend-ə istinadən bildirir ki, M.Hess Bakıya dəvətə və Nəsimi Festivalında iştiraka görə Heydər Əliyev Fonduna minnətdarlığını bildirib.

Almaniyalı alim mühazirəsində bildirib ki, Nəsiminin poetik irsi onun geniş dünyagörüşünü və humanizmini əks etdirir: "Şairi həyatı və kainatı qavrama yolunda ruhlandıran mənbələr təbiət və ətraf aləmin gözəlliyidir. Nəsiminin humanizmi insanın ali təyinatını, həqiqətin idrakı imkanlarının hüdudsuzluğunu anlaması, gözəlliyə və mərhəmətə yönəlməsi ilə əlaqəlidir ki, bu da müasir kontekstdə və bəşəriyyətin gələcək inkişafında çox vacibdir".

M.Hess qeyd edib ki, müasir dövrdə Nəsiminin bütün mənəvi irsinin əhəmiyyətini qiymətləndirmək mümkün deyil: "Hələ bir çox şeyləri öyrənmək lazımdır və mühazirədə tədqiqatın yalnız bir hissəsi təqdim olunub".

O deyib ki, Nəsiminin poeziyası mütləq həqiqətdə ifadə olunan emosionallığı ilə fərqlənir: "Bu fərqləndirici xüsusiyyət daxili dünyanın axtarışına istiqamətlənib. Və yalnız azərbaycanlılar üçün deyil, eləcə də bütün müsəlman dünyası və avropalılar üçün. Müasir dünyada insanlar mənəvi axtarışdadırlar. Etiqadın tarixi formaları və onların rolu bizim həyatımızda bir sıra dəyişiklikləri tələb edir. Düşünürəm ki, Nəsimi və hürufilər məhz bu yolla addımlayıblar".

M.Hess 1967-ci ildə Almaniyanın Offenbax şəhərində dünyaya gəlib, 1987-1992-ci illərdə Frankfurt Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alıb, universiteti əlaçı magistr diplomu ilə bitirib. 1993-1997-ci illərdə M.Hess Maynz Universitetinin doktoranturasına qəbul olub, görkəmli türkoloq alim Lars Johansonun rəhbərliyi altında doktorluq dissertasiyası yazıb, 1997-ci ilə müdafiə edib. M.Hess Almaniyanın nüfuzlu Maynz, Freie Universitet Berlin, Frankfurt am Main universitetlərində elmi tədqiqatlar aparmaqla yanaşı, həm də müəllim kimi fəaliyyət göstərib Azərbaycan ədəbiyyatından mühazirələr söyləyib. O, universitet illərində türk dili və ədəbiyyatı və islam elmləri ilə yanaşı, yunan dilini də öyrənib. Bir haşiyə çıxıb qeyd etmək istərdim ki, hal-hazırda qabaqcıl dünya elmində sırf bir sahə ilə bağlı tədqiqatlardansa, müxtəlif elm sahələrini özündə birləşdirən əsərlərə üstünlük verilir və kadrların hazırlığında da bu məqsəd güdülür. Şərq dilləri və ədəbiyyatı ilə yanaşı yunan fəlsəfəsini, İslam daxilində yaranmış müxtəlif fikir cərəyanlarını mükəmməl bir tərzdə mənimsəmiş gənc alim tədqiqat sahəsi kimi klassik Azərbaycan ədəbiyyatını və Nəsimi yaradıcılığını seçir. Onun bu sahədə yazdığı əsərlərdə qərbin mükəmməl metodologiyasının Şərq mədəniyyətinə tətbiqindəki uğurlar hiss olunmaqdadır.