Prezident İlham Əliyev: "Regionlararası əməkdaşlıq Azərbaycan və Rusiyanı birləşdirən bütün dost, mehriban qonşuluq münasibətləri kompleksini üzvi sürətdə tamamlayacaq"


Siyasət 27 Sen 2018 20:13:00 304 0

Prezident İlham Əliyev: "Regionlararası əməkdaşlıq Azərbaycan və Rusiyanı birləşdirən bütün dost, mehriban qonşuluq münasibətləri kompleksini üzvi sürətdə tamamlayacaq"

Regionlararası əməkdaşlıq Azərbaycan və Rusiyanı birləşdirən bütün dost, mehriban qonşuluq münasibətləri kompleksini üzvi sürətdə tamamlayacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi açılış mərasimində çıxışı zamanı deyib.

Dövlətimizin başçısı bildirib: "Əlbəttə ki, bizim münasibətlərimizin təməlində tarixi, mədəni əlaqələrimiz, xalqlarımızın yaxınlığı durur. Əlbəttə, biz birlikdə humanitar əlaqələrin inkişafı üzərində çox fəal işləyirik. Gələn ay Bakıda Rusiya və Azərbaycan prezidentlərinin himayəsi altında növbəti Humanitar Forum keçiriləcək. Bu, beynəlxalq Forum artıq humanitar xarakterli məsələlərin, mədəniyyətlərarası dialoqun, konfessiyalararası münasibətlərin müzakirəsi üçün mühüm qlobal meydana çevrilib. Azərbaycanda tədrisin rus dilində aparıldığı 341 məktəb, Rusiyanın aparıcı ali təhsil ocaqları olan Moskva Dövlət Universitetinin və Seçenov adına Tibb Universitetinin filialları fəaliyyət göstərir".

Prezident İlham Əliyev qeyd edib ki, həmçinin mədəniyyət sahəsində çox sıx qarşılıqlı fəaliyyət var:

"Burada Rusiya-Azərbaycan münasibətləri barədə çox danışmaq olar, sadəcə bugünkü forumun formatına görə hamısını əhatə etmək mümkün deyil. Amma biz münasibətlərin gələcəkdə də fəal inkişafına istiqamətlənmişik. Həmçinin düşünürəm ki, bizim gələcək əməkdaşlığımız çərçivəsində gələn il üçün nəzərdə tutulan Xalq Təsərrüfatının Nailiyyətləri Sərgisində Azərbaycan pavilyonunun açılması mühüm addım olacaq. Bu tarixi bina ötən əsrin ortalarında Azərbaycan pavilyonu olub, biz onu bərpa edirik. Düşünürəm ki, biz belə mühüm beynəlxalq sərgi meydanında iştirak edəcəyik və öz nailiyyətlərimizi nümayiş etdirəcəyik.

Rusiya regionları ilə də bizim çox sıx münasibətlərimiz mövcuddur. Rusiya Federasiyasının 20-yə yaxın subyektinin Azərbaycanla müvafiq razılaşmaları var. Bizim Rusiya regionlarında, eləcə də Rusiya regionlarının Azərbaycanda ticarət nümayəndəlikləri açılır.

Yəni, əminəm ki, regionlararası əməkdaşlıq ölkələrimizi birləşdirən bütün dost, mehriban qonşuluq münasibətləri kompleksini üzvi sürətdə tamamlayacaq".

Son.az