"Öz uşaqlarımı, ailəmi, onun da ailəsini başsız qoydum" Qaynını öldürən şəxsin etirafları


Kriminal 24 Sen 2018 23:42:00 299 0

"Öz uşaqlarımı, ailəmi, onun da ailəsini başsız qoydum"  Qaynını öldürən şəxsin etirafları

Bakı Apellyasiya Məhkəməsində qaynını öldürən şəxsin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, cinayət məcəlləsinin 120.1-ci maddəsi ilə məhkum olunan Təhmasib Fərəcovun məhkəmə prosesinə hakim Əmir Bayramov sədrlik edib. 

Qeyd edək ki, məhkəmə prosesi dövlət ittihamçısının apellyasiya protesti əsasında baş tutub.

İttiham aktında qeyd edilib ki, qətl 2017-ci il yanvar ayının 4-də baş verib. Naxçıvan şəhər sakini T.Fərəcov Xətai rayonu ərazisində kirayədə yaşadığı evdə münaqişə zəminində qohumu - Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Rövşən Cəfərova bıçaqla xəsarət yetirib. R.Cəfərov hadisə yerində ölüb.

Tərəflər arasında mübahisə isə suqızdırıcı üstündə olub. Belə ki, Rövşən Cəfərovun Təhmasib Fərəcovdan aldığı suqızdırıcı işləmədiyi üçün dəfələrlə mübahisə ediblər. Cinayət hadisəsi Mahirə Cəfərova və Təhmasib Fərəcovun kirayədə yaşadığı evdə baş verib. T.Fərəcov törətdiyi əmələ görə özünü qismən təqsirli bilib.

"Mahirə ilə ər-arvad kimi yaşamışıq. Qardaşları ilə də münasibətlərimiz yaxşı olub. Yaxşı gündə, pis gündə bir-birimizə dayaq olmuşuq. Mən ona suqızdırıcısı satmışdım. Gəlib dedi ki, işləmir. Mən də usta adamam. Dedim ki, gəl evimdəki suqızdırıcısını apar, mən özümünkünü düzəldərəm. Mübahisə edəndə söyüş söydü. Mən də özümdə olmadım. Ona iki dəfə xəbərdarlıq etdim ki, çıxıb getsin. Amma davam etdi. Mən də yan otağa girib tort kəsilən bıçağı götürüb, üstünə gəldim. Qorxutdum ki, getsin. Üstünə gedəndə yenə söyüş söydü. Mən də vurdum. Sonra Rövşən qaçıb getdi. Mən də bıçağı dəhlizdə Mahirəyə verib dedim ki, deyəsən, qardaşını vurdum. Dedim ki, zəng elə görək hanı? Yarım saat sonra zəng edəndə Rövşənin telefonuna polis cavab berdi. Məni 34-cü polis bölməsinə çağırdılar. Gedib günahımı etiraf etdim" - deyə təqsirləndirilən Təhmasib Fərəcov sərbəst ifadəsində bildirib. Məhkəmədə məlum olub ki, Təhmasib Fərəcov və Mahirə Cəfərova əvvəl ailəli olublar və hər ikisi sonra boşanıblar. Prokurorun sualına cavab olaraq T.Fərəcov iki ildən artıq birlikdə yaşadıqları halda rəsmi nigaha girməmələrinin səbəbini belə izah edib: "İkimiz də boşanmışdıq. Amma Mahirə soy adını dəyişməli idi. Sonra da onun şəxsiyyət vəsiqəsinin vaxtı keçmişdi. Şəxsiyyət vəsiqəsini də dəyişmək üçün rayona getdik. Şəxsiyyət vəsiqəsini aldıq. Nigaha düşəcəkdik".

Təqsirləndirilən Təhmasib Cəfərov ona qarşı irəli sürülən ittihamın ağırlığı ilə razılaşmayıb və deyib ki, nə mərhuma, nə də öz həyat yoldaşına əzab vermək niyyəti olmayıb: "Kim öz ailəsinə əzab vermək istəyər? Mənim onu öldürmək niyyətim olmayıb. Amma hadisə təəssüf ki, belə oldu. Mən bu hadisəyə görə it kimi peşimanam. Öz uşaqlarımı, ailəmi, onun da ailəsini başsız qoydum". Bu iş üzrə hüquqi varis kimi tanınan mərhumun həyat yoldaşı Şahnaz Cəfərova T.Fərəcova sual verib: "Təhmasib, sən bilirsən ki, mən sənin xətrini necə çox istəyirdim. Axı niyə öldürürdün? Uşağı var idi, axı. Heç olmasa şikəst edərdin, yaralayardın".

Təhmasib Fərəcov cavabında peşman olduğunu bir daha qeyd edib: "Mən də sizin xətrinizi çox istəmişəm. Amma hadisədir, istəmədən oldu".