Bakıda M.A.P. Beynəlxalq Teatr Festivalı keçiriləcək


Kriminal 21 Sen 2018 16:37:00 251 0

Bakıda M.A.P. Beynəlxalq Teatr Festivalı keçiriləcək

YARAT Müasir İncəsənət Məkanı cari ilin 6-11 noyabr tarixlərində Bakının bir sıra sayılıb-seçilən məkanlarında keçiriləcək 2-ci M.A.P. Beynəlxalq Teatr Festivalını təqdim edir.

Son.az Trend-ə istinadən bildirir ki,  ünsiyyət, təhsil, bilik və təcrübə mübadiləsi üçün platforma kimi xidmət edən M.A.P. festivalının adı, musiqi, incəsənət və performans terminlərinin abreviaturasıdır. Tamaşaçı auditoriyalarına müasir teatr formalarının geniş diapazonunu araşdırmağa kömək etmək məqsədilə, bu festival, özündə müxtəlif teatr nümunələrini birləşdirir. Sözügedən tədbir öz əhatə dairəsini davamlı olaraq genişləndirir. Builki festival çərçivəsində Danimarka, Estoniya, Almaniya, İran, İtaliya, Yaponiya, İsveçrə, Rusiya və Birləşmiş Krallıqdan olan nüfuzlu teatr qurumlarının 16 tamaşası təqdim ediləcək.

Layihənin bədii rəhbəri Kamran Şahmərdanın sözlərinə görə, festivalın ikinci buraxılışı, "sərhədsiz teatr" konsepsiyasını gerçəkləşdirən genişmiqyaslı proqramı təqdim edir. O, festivalın incəsənət vasitəsilə sərhədləri silən, mədəniyyətləri birləşdirən və insanları bir araya gətirdiyini vurğulayır:

"Biz, müxtəlif teatr formaları arasında sərhədləri aradan götürməklə, küçə performansları, opera və balet, audiovizual səhnə quruluşları və klounada daxil olmaqla, müasir teatrda istifadə edilən geniş üslub palitrasını nümayiş etdirmək istəyirik. Müxtəlifliyi ön plana çəkməklə, biz auditoriyaya azad seçim imkanı verəcəyik".

M.A.P. festivalı çərçivəsində Kamran Şahmərdan, Aleksandr Vampilovun eyni adlı pyesi əsasında hazırlanmış "Ördək ovu" tamaşasını da təqdim edir. XX əsrin rus dramaturgiyasının ən ziddiyyətli yazılarından birinin əsasında qurulmuş bu tamaşanın uğurlu premyerası bu ilin yaz aylarında, Estoniyanın "Vene" teatrında baş tutub.

Festival proqramının açılışı, İtaliyanın "NoQraviti" teatrının kollektivi tərəfindən hazırlanmış "Ariya" adlı multidisiplinar tamaşası ilə başlayır. Parlaq rəqslər, ifalar və kostyumların yer aldığı bu tamaşaya Monteverdi, Vivaldi və Perqolezinin musiqi əsərləri daxildir. Rəqqaslar, musiqiçilər və müğənnilərin hamısı, bir neçə artistik janrı birləşdirməklə, bu tamaşada bərabər səviyyədə mərkəzi rol oynayırlar.

Gənc və istedadlı Azərbaycan dirijoru Cavad Tağı-zadənin rəhbərliyi altında, Yozef Haydnın "Kimsəsiz ada" operasının müasir versiyasını təqdim edən əfsanəvi Mariinski teatrının çıxışı, festivalın ən gözlənilən tədbirlərinə aiddir. Həmçinin proqrama dünya şöhrətli rejissor və xoreoqraf Daniele Finzi Paskanın "La Verità" ("Həqiqət") akrobatik şousu və Moskvanın ən müasir teatr qurumlarından biri "Qoqol-mərkəz" tərəfindən, Nikolay Nekrasovun "Rusiyada yaşamaq kimə yaxşıdır" adlı məşhur poeması əsasında hazırlanmış yeni səhnə quruluşu daxildir.