Siyavuş Novruzov: "Qarabağ məsələsində yekdil mövqedəyik"


Siyasət 14 Sen 2018 18:56:00 281 0

Siyavuş Novruzov: "Qarabağ məsələsində yekdil mövqedəyik"

Azərbaycanın Şərqdə ilk demokratik respublika qurub, böyük parlamentarizm ənənələrinə malikdir. Bu günlərdə Azərbaycan Parlamentinin yaranmasının 100 ili tamam olacaq.

Son.az oxu.az-a istinadən bildirir ki, bunu Milli Məclisdə (MM) təşkil edilən "Siyasi plüralizm və parlament təcrübəsi" adlı dəyirmi masada parlamentin Dini qurumlar və ictimail birliklər komitəsinin sədri Siyavuş Novruzov deyib.

O, hazırda Azərbaycanda seçki sisteminin majoritar qaydada olduğunu deyib:

"Qanunvericiliyə uyğun olaraq, bitərəflər də fərdi qaydada öz namizədliyini irəli sürə bilər. Bu gün 68 nəfər parlament üzvü ilə Yeni Azərbaycan Partiyası parlamentdə çoxluq təşkil edir. Mən on il ərzində partiyanın ilk Gənclər Birliyinin sədri olmuşam. Gələn il də Gənclər Birliyində yeni tərkibin seçilməsi nəzərdə tutulub və bununla bağlı işlər gedir".

Parlamentin strukturu barədə məlumat verən S.Novruzov komitələrin iş prinsipi barədə fikirlərini diqqətə çatdırıb:

"Azərbaycan parlamenti bir çox beynəlxalq təşkilatın üzvüdür. Bu cür qarşılıqlı əlaqələr Azərbaycanda qanunvericilik təşəbbüsünün təkmilləşdirilməsinə xidmət göstərir. Bu gün keçirilən görüşün fikir mübadiləsi baxımından maraqlı olacağını düşünürəm. Onu da qeyd edim ki, hər birinizin məlumatlı olduğu və bizim ağrılı yerimiz olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün parlamentin mövqeyi yekdildir. Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. 

İşğal altında olan torpaqlarımızın geri qaytarılması üçün parlament də öz fəaliyyətini göstərir. Təbii ki, parlamentdə bu məsələ ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bəziləri məsələnin sülh yolu ilə, bəziləri isə müharibə yolu ilə həllinə dair fikirlər söyləyir. Ancaq əsas məqsədimiz odur ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır və bir milyondan artıq qaçqın öz yurduna qaytarılmalıdır".