Merkel Bakıya gəlir:


Siyasət 24 Avq 2018 22:44:00 270 0

Merkel Bakıya gəlir:

Almaniyanın kansleri Angela Merkel Qafqaza səfəri çərçivəsində sabah Bakıya gələcək.

Qərb mediasında Merkelin səfərində əsas məqsədin Avropa üçün Azərbaycanın idarə etdiyi, "Cənub qaz dəhlizi"nin genişləndirilməsi olduğu bildirilir. O da vurğulanır ki, Almaniya "Cənub qaz dəhlizi"nə regiondaki digər ölkələri də cəlb etməyi arzulayır. Merkel Bakıda enerji məsələlərini, Azərbaycandan qazı Türkiyə vasitəsilə Avropaya nəql edəcək infrastrukturun təkmilləşdirilməsini müzakirə edəcək.

...Almaniya deputat Albert Vaylerin adını Azərbaycana səfər çərçivəsində kansler Angela Merkelin nümayəndə heyətindən çıxarıb, belə ki, Bakıdakı danışıqlar daha vacibdir.

"İnterfaks" agentliyinin məlumatına görə, bunu Almaniya kansleri Angela Merkel bildirib.

"Qərara gəldik ki, onun işini başqa deputat yerinə yetirəcək. Bu danışıqların bizim üçün vacib olduğu üçün belə qərar verdik. Yalnız danışıqlar yolu ilə kəskin məsələləri həll edə bilərik", - Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqların yekunları üzrə İrəvandakı brifinqdə almaniyalı jurnalistin müvafiq sualını cavablandırarkən Merkel deyib.

Xatırladaq ki, Azərbaycan Xristian-Demokratik İttifaqından Almaniya Bundestaqının üzvü olan Albert Vayleri arzuolunmaz şəxslər siyahısına daxil edib və viza verməkdən imtina edib.

Bu məsələ ilə bağlı Azərbaycan XİN sözçüsü Hikmət Hacıyev bildirib ki, Almaniya Bundestaqının deputatı Albert Vaylerin adı Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etdiyindən bir müddət əvvəl "arzuolunmaz şəxslər" siyahısına salınıb.

"Azərbaycan qanunlarına, onun suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsi mütləqdir. Azərbaycanın mövqeyi konstruktiv xarakter daşıyır. Amma təcrübə göstərir ki, həmin şəxslər Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət və üzrxahlıq məqsədilə müraciət etdikləri təqdirdə onların adlarının "arzuolunmaz şəxslər" siyahısından çıxarılması məsələsinə baxıla bilər", - H.Hacıyev əlavə edib.

"Almaniya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlverişli atmosferin yaranmasında yardım etməyə hazırdır". Bunu Almaniya kansleri Angela Merkel Yerevanda baş nazir Nikol Paşinyanla birgə mətbuat konfransı zamanı deyib.

Kansler xatırladıb ki, Almaniya ATƏT-in Minsk qrupunun üzvüdür: "Biz danışdıq ki, münaqişənin həll edilməsi yaxşı olardı. Amma yaxşı atmosferdə qərar vermək çox vacibdir. Almaniya bu işdə kömək etməyə hazırdır".

A.Merkelin sözlərinə görə, münaqişə danışıqlar olmadan həll edilə bilməz və münaqişənin həllində hər cür səy göstərilməsi vacibdir.

Ermənistanın baş naziri Nikol Paşinyan isə öz növbəsində bildirib ki, xanım Merkel və ATƏT-in Minsk qrupunun üzvü olan Almaniyanın əsas mövqeyi bundan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər.

"Buna görə də əlverişli atmosfer yaradılmalıdır. Ermənistan Almaniyanın münaqişənin həllində səylərini yüksək qiymətləndirir", - Paşinyan bildirib.

...Azərbaycandakı hakimiyyətin opponentləri olduqlarını vurğulayanlar, xüsusilə də AXCP sədri Əli Kərimli və Müsavatın başqanı Arif Hacılı Almaniya kanslerinin səfəri ərəfəsində yenə "aktiv"ləşiblər.

Onlar Merkelə az qala yalvararaq Almaniyanın Azərbaycana təzyiq göstərməsini istəyiblər, Bakıya sanksiyalar tələb ediblər.

"Siyasi ölü"lər Merkelə məktub ünvanlayıblar, hətta "demokratiya fədailəri"nin bir dəstəsi Almaniayda aksiyafason yığnaq da keçiriblər.

Etirazçları bir neçə kateqoriyada birləşdirmək olar:

Azərbaycanın enerji layihələrinə qarşı çıxanlar. Anti-TAP hərəkatında müşahidə edildiyi kimi, bu qrupun arxasında Cənub Qaz dəhlizi layihəsinin Avropanın qazla təminatında alternativ mənbə olmasını istəməyən konkret dairələr durur. "Şimal Axını - 2" layihəsi ilə bağlı anlaşılmazlıqlar fonunda baş tutan səfərin əsas müzakirə maddəsinin Azərbaycanın və Qərb mediasının anons etdiyi kimi, digər Xəzəryanı ölklərin karbohidrogen ehtiyatalarının Avropaya daşınması olduğundan həmin dairələr də etiraz qrupunu fəallaşdırmışlar.

"Mühacir biznesi"nin iri fiqurları. Bəlli, iyulun 18-də  sığınacaq almaq istəyən 51 azərbaycanlı Almaniyadan deportasiya edilib. Bu, "Readmissiya haqqında" sazişin tələblərinə əsasən baş tutub.

İlkin  məlumata görə, deportasiya edilənlər arasında Müsavat Partiyasının üzvləri və radikal dindarlar, yəni din alverçiləri da olub. A. Merkel Tbilisiyə səfəri zamanı keçirdiyi mətbuat konfransında verdiyi mesajlarda da miqrant mövzusun həssaslığını göstərdi. Azərbaycan mətbuatında getmiş araşdırmalar isə "mühacir biznesi"ndə məhz bu təbəqələrin fəal olduğunu göstərir, görünür həmin dairələr də, "biznes maraqları"nı müdafiə etmək naminə etiraz etməyə məcburdurlar.

Azərbaycan əleyhinə apardıqlara kampaniyalara, işlətdikləri mediaproyektlərə ayrılan qrant vəsaitləri zəifləyən və ya tam dayanmış şəxslər. Bağlı olduqları ölkələri müdafiə naminə Azərbaycan qarşı çıxanlar. Almaniyada keçirilən aksiyada siyasi şiələyin qızğın tərəfdarı kimi çıxış edənlərin yer alması təsadüfi sayıla bilməz. Görünür, həmin şəxslər bağlı olduqları ölkəni gözləyən sanksiyalardan diqqəti yayındırmaq üçün hərəkətə keçmək tapşırığı almışlar.

Nəhayət, Azərbaycanın ərazi bütövlyü müzakirələirini arxa plana keçməsində maraqlı olan erməni lobbisi və ona bağlı qruplar. Səfər ərəfəsi, həmin lobbiyə bağlı media və QHT şəbəkəsi Azərbaycanda "insan hüquqlarının vəziyyəti"ni xüsusi canfəşanlıqla müzakirə etməkdədir.

Bu təsnifata daxil olanlar könüllü və müstəqil, daha konkret olsaq, özbaşına hərəkət etmirlər. Onların istəkləri Qərblə Azərbaycan arasınlda münasibətlərin mümkün qədər gərginləşməsi, rəsmi Bakının "ikinci Pxenyan" qismində təqdim olunması və bu minvalla da özlərinin "cəsarətli demokratlar" olduqlarını göstərmələridir.

Siyasəti alverə, mübarizəni siyasi əxlaqdan çox kənar davranışa çevirən, arqumentləri böhtan, diskussiyanı da hədyanla əvəzləyənlər qarşılarına qoyulmuş məqsədə çatmaq, verilmiş tapşırığı yerinə yetirmək üçün qalınlaşmış dərilərindən çıxmağa, kiçik qabıqlarını tərk edərək böyük qılafa girməyə çalışırlar.

Heyhat...

Almaniya kansleri Angela Merkelin baş tutacaq Bakı səfəri Azərbaycan-Qərb münasibətlərinə yeni bir təkan, töhfə vermiş olacaq.

Statistikaya əsasən, 2017-ci ildə Almaniyanın Cənubi Qafqaz ölkələri ilə ümumi ticarətində Azərbaycanın payı, təxminən, 66% olub. İki ölkə arasında ticarət dövriyyəsi 1 milyard dollara yaxındır.

Səfər nəticəsində  Azərbaycan-Almaniya ikitərəfli əməkdaşlığı daha da inkişaf edəcək.

Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşıdır və Avropa İttifaqı ilə qarşılqlı hörmət, bərabər tərəfdaşlıq və ümumi maraqlara əsaslanan münasibətlərin inkişaf etdirilməsi istiqamətində qəti siyasi iradə nümayiş etdirir.

Və ən nəhayət, Angela Merkelin səfərinin sırf iqtisadi məqamlarla bağlı olması, sadəcə Azərbaycanın təbii qazında Almaniyanın maraqlı olmasından doğan vizit sayılması da yanlışdır.

Merkel Bakıya təbii qaz üçün gəlmir. Çünki Avropa Birliyini Azərbaycan məsələsinldə təbii qazdan daha çox siyasi və strateji tərəfdaşlıq, sıx əməkdaşlıq maraqlandırır.

Onu da əsla unutmayaq ki, Azərbaycanın Türkiyə ilə əlahiddə münasibətləri var. Almaniyanın Türkiyə ilə münasibətlərinin sərinləşdiyini nəzərə alsaq A.Merkelin Bakıda müzakirə edəcəyi məsələlər arasında Türkiyə ilə münasibətlərin normallaşmasında Azərbaycanın vasitəçilik missiyasını yerinə yetirməsi ilə bağlı xahiş də ola bilər.

Almaniya Azərbaycanla əlaqələrin sürətlə inkişafında maraqlıdır.

Biz də bunu istəyirik.

Willkommen Frau Bundeskanzlerin....

Orxan Hun Son.az