Azərbaycanda dublyaj problemi: çıxış yolu nədədir?


Kriminal 22 Avq 2018 15:12:00 317 0

Azərbaycanda dublyaj problemi: çıxış yolu nədədir?

Ölkədə dublyaj olunan filmlərin aşağı keyfiyyəti çox insanı narazı salır. Tamaşaçı filmlərin tərcümə-redaktəsindən, sinxron səslənmədəki uyğunsuzluqlardan, aktyor seçimində buraxılan səhvlərdən narahat olur. Televiziyaların böyük izləyici auditoriyasını itirməsinin əsas səbəbi qeyri-peşəkar dublyaja bağlıdır.

Son.az bildirir ki, Report problemi araşdırmaq üçün bu sahədə fəaliyyət göstərən mütəxəssislərə müraciət edib.

Əməkdar artist, Bakı Bələdiyyə Teatrının aktyoru Elxan Rza bildirib ki, artıq televiziyalarda fəaliyyət göstərən dublyaj studiyalarında çalışmır: 

"Bəzən kinoteatrlar üçün özəl şirkətlərin dəvəti ilə film səsləndirirəm. Televiziyada film bir günə dublyaj olunur, səs rejissoru çox zaman səsi düzgün tənzimləyə bilmir və qeyri-peşəkarlar bu sahədə üstünlük təşkil edir. Bir çox ölkədə dünyaca məşhur aktyorun filmini yalnız bir nəfərin səsi ilə tamaşaçıya təqdim edirlər. Bizdə isə hətta tanınmış kino ulduzunun səsini fərqli-fərqli insanlar dublyaj edir. Problemin həllini isə vahid dublyaj studiyasının yaradılmasında görürəm"

Dalğa televiziyasının dublyaj studiyasında tərcüməçi-redaktor kimi çalışan Aytən Nəsirli deyir ki, filmlər tərcümə olunarkən bədii dillə adi danışıq dili səhv salınır və gülüş hədəfinə çevrilən tərcümə meydana gəlir: 

"Əlbəttə filmlərin dilimizə tərcümə olunmasında dublyajı ayrı-ayrı kanalların öhdəsinə buraxmaq düzgün deyil. Onunla mütəxəssis işləməli, bu sahəyə böyük maliyyə ayrılmalıdır. Universitetlərdə film tərcüməsi sahəsində fənn keçirilsə, filmlərdəki qeyri-peşəkar tərcümələrin qarşısı alınsa, bu halda dilimizin inkişafı üçün daha bir addım atmış olarıq"

İctimai Televiziyanın Kino Dublyaj departamentinin böyük redaktoru İmran Bədirxanlı dublyaj olunan filmlərdə tərcümə probleminin həlli üçün qeyd edib ki, bərbad dublyaj olunan filmlə, efirdə səsləndirilən hansısa kobud cümlə, yaxud sözlə bağlı irad bildirmək üçün ciddi monitorinq aparılmalı, hansı telekanalda tərcümə-dil qüsurlarının daha çox olduğu müəyyənləşməlidir.