Ekspert: "Moskva Ermənistana silah tədarükünü təkrar nəzərdən keçirə və Qarabağla bağlı mövqeyini kəskin dəyişə bilər"


Siyasət 06 Avq 2018 16:54:00 306 0

Ekspert: "Moskva Ermənistana silah tədarükünü təkrar nəzərdən keçirə və Qarabağla bağlı mövqeyini kəskin dəyişə bilər"

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistan hökumətinə ünvanlanmış sərt bəyanatını Moskvanın Yerevana son xəbərdarlığı kimi dəyərləndirmək olar.

Son.az xəbər verir ki, bunu Trend-ə rusiyalı ekspert və teleaparıcı Yevgeni Mixaylov deyib.

Ekspertin sözlərinə görə, Nikol Paşinyanın razılaşmaları icra etmədiyi, siyasi rəqibləri təqib etməmək vədlərini yerinə yetirmədiyi aydın olub:

"Korrupsiya ilə mübarizə adı altında Yerevan rejimi ilk növbədə Qərbdəki sponsorların Moskva ilə münasibətləri pozmaq sifarişini yerinə yetirir. Fikrimcə, bunun sonu kədərli olacaq. Hesab edirəm ki, Rusiya bir çox istiqamətdə, ilk növbədə də silah tədarükü sahəsində strateji tərəfdaşlıq planlarını təkrar nəzərdən keçirəcək və ola bilər ki, Qarabağ məsələsi ilə bağlı mövqeyini kəskin dəyişəcək. Yerevan öz hərəkətlərinə görə cavab verə bilməyən müttəfiq kimi öz həqiqi üzünü göstərir".

Y.Mixaylov əlavə edib ki, S.Lavrovun bəyanatının ardınca Ermənistanı müttəfiqlik razılaşmalarının icra olunmasına məcbur edəcək daha sərt addımlar atılacaq.

Xatırladaq ki, S.Lavrov Ermənistanda baş verən hadisələrin yeni hökumətin daha əvvəl verdiyi bəyanatlarla ziddiyyət təşkil etdiyini bildirmişdi.