"Çox nadir hallarda seriallarda rol alıram"


Kriminal 23 İyl 2018 05:30:00 311 0

"Çox nadir hallarda seriallarda rol alıram"

Elman Rəfiyev: Bu sənətə insanların marağını çəkmək və seçilmək üçün gəlmişəm 

Son.az kaspi.az-a istinadən müsahibəni təqdim edir.

Artıq bir mövsümün də sonuna gəldik. Mövsüm sonunda Azərbaycan Dövlət Pantomima Teatrının direktoru, əməkdar artist Elman Rəfiyevlə söhbət etdik. Bu mövsüm "Ata ocağı" serialında baş rollardan birini canlandıran aktyor bir il ərzində qət etdiyi yaradıcılıq yolundan danışdı. "Direktor" sözünü xoşlamayan əməkdar artist hər şeydən əvvəl bir aktyor olduğunu vurğulayır.    - Elman müəllim, geridə qoyduğumuz mövsümü sizin üçün uğurlu hesab etmək olarmı?

- Bəli, bu mövsüm də Azərbaycan Dövlət Pantomima Teatrı üçün səmərəli və uğurlu keçdi. Teatrımızın bir aktrisası Cümhuriyyətimizin 100 illiyi ərəfəsində "əməkdar artist" fəxri adına layiq görüldü. Bu bizim teatrımız üçün çox sevindirici hal oldu. Təbii ki, bu da dövlətimizin teatrımıza göstərdiyi diqqətdən xəbər verir. Geridə qoyduğumuz mövsümdə iki yeni tamaşa hazırladıq. Bu mövsümdə eksperiment tamaşalar üzərində işlədik. 

- Bəs qastrol səfərləriniz necə, oldumu?

- Xeyr, bu mövsüm qastrol səfərlərimiz olmadı. "Sərhədsiz teatr" III Şəki Beynəlxalq Teatr festivalında "Pantomima buketi" konsert-tamaşamız ilə çıxış etdik. Festival çərçivəsində  tamaşamızın premyerası teatrımızın yaradıcı heyətinin təhsil aldığı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində baş tutdu. Biz o tamaşadan böyük həzz aldıq. Nümayişdən sonra isə diplomla təltif olunduq.   - Elman müəllim, bəs aktyor kimi necə, bu mövsümü uğurlu hesab edirsinizmi, yaradıcılığınızın ən məhsuldar ili kimi dəyərləndirə bilərsinizmi?

- Əlbəttə, bu mövsüm serial həyatımda ən uğurlu mövsümlərdən birini yaşadım. 47 yaşım var və bu yaşıma qədər bir çox filmlərdə, seriallarda rol almışam. İndiyə qədər çəkildiyim ən uzun serial "Aramızda qalsın" idi ki, orada 30 bölüm çəkilmişdim, amma mənim üçün bu il uğurlu oldu. Ona görə ki, rol aldığım "Ata ocağı" serialının 194 bölümündə Niyaz obrazı ilə çəkildim və bu obraz tamaşaçıların sevgisini qazandı. Bunun özü mənim üçün bir məktəb idi. 194 bölüm üçün həftənin 5 günü kamera qarşısına keçdim. Kamera qarşısında çalışmağın özü bir məktəbdir. Aktyorlarımızın kameraya öyrəşməsi üçün bu mütləqdir. Aktyor kamera qarşısında olmalıdır ki, nələrəsə nail olsun və kamera ilə işləməyi öyrənsin.    - Siz film və seriallara çox nadir hallarda çəkilirsiniz. Buna səbəb nədir?

- Bəli, mən çox nadir hallarda seriallarda rol alıram. Çünki özümə dəyər verən aktyorlardanam, rejissorların təklif etdiyi seriallarda ucuz qiymətlə razılaşmıram. Bir də canlandıracağım obraz və çalışacağım komandanın da peşəkar olması mütləqdir. Qarşıma belə bir məqsəd qoymuşam və ona doğru gedirəm. Ona görə bu ili aktyor kimi uğurlu hesab edirəm.    - Bu serialdan sonra sizi tanımayan tamaşaçılar Niyaz kimi tanımağa başladı. Halbuki ömrünüzün yarısını məhz pantomimçi kimi yaşamısınız.