“Elektrik cərəyanını göstərib ki, əlini oradan tut və özünü öldür”


Kriminal 22 İyl 2018 17:12:53 311 0

“Elektrik cərəyanını göstərib ki, əlini oradan tut və özünü öldür”

Gəlinini qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi davam etdirilib. 59 yaşlı şəxs qətli törətməsini etiraf edir, amma onu xüsusi amansızlqıla öldürmədiyini deyir.

Son.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Seyidmalik Məmmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Dövlət ittihamçısı çıxışında bildirib ki, təqsirləndirilən Seyidmalik Məmmədov gəlininin başqa şəxslə münasibətinin olmasından şübhələnərək onu qisas məqsədi ilə öldürmək qərarına gəlib. Əvvəlcə S.Məmmədov gəlininin başqa şəxslə münasibəti olduğunu bilib və öz oğlundan bunu gizlədib. Gəlinindən evi və kəndi tərk etməsini tələb edib. Amma gəlini onun bu xəbərdarlıqlarını dinləməyib.

İttihamda göstərilir ki, S.Məmmədov hadisə baş verən gün gəlinini öldürməzdən əvvəl ondan özünü öldürməsini tələb edib. Belə ki, gəlininə evdə olan elektrik cərəyanını göstərib və əlini oradan tutmasını, özünü öldürməsini istəyib. Lakin gəlini Seydimalik Məmmədova yalvararaq ölmək istəmədiyini deyib. Lakin Seyidmalik Məmmədov ondan bağışlanmasının istəyən gəlininin başına iki dəfə ov tüfəngi ilə atəş açaraq qətlə yetirib.

Dövlət ittihamçısı Seyidmalik Məmmədovun gəlinini xüsusi amansızlıqla öldürdüyünü nəzərə alaraq onun Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

S.Məmmədovun vəkili Şirin Atayev müdafiə çıxışı edib. Vəkil deyib ki, hüquqalrını müdafiə etdiyi şəxsə istənilən 18 il azadlıqdan məhrum etmə cəzası çox ağırdır:

"Hörmətli məhkəmə, bu, o deməkdir ki, Seyidmalik artıq həbsxanadan çıxamayacaq. Bu adamın 60 yaşı var. 18 il sonra onun azadlığa çıxacağı inandırıcı deyil. Hadisənin namus üstündə, mərhumun əxlaqsız hərəkətləri səbəbindən baş verdiyini nəzərə almaq lazmdır. Həm də müstəsna əxlaqsızlıq hərəkətləri onu bu əməli törətməyə məcbur edib. Seyidmalik Məmmədov gəlinindən kəndi tərk etməsini istəyib. Yəni bu cinayəti törətmək istəməyib. Amma onun bu xərədarlığına məhəl qoyulmayıb".